PREZİDENTƏ İNDİ KİM YALAN MƏLUMAT VERİR?

0
103

Və yaxud İlham Əliyevə “seçkilərin qanunvericilik çərçivəsində keçdiyi” haqda informasiyanı kim verib?

Namizəd Səfərov: “Mümkün deyil ki, prezidentin bu saxtakarlıqlardan xəbəri olmasın”

“Prezidentin seçkilərin demokratik keçməsinə dair fikirləri həqiqəti əks etdirmir”

Prezident İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, ona verilən məlumata görə, seçkilər ölkə ərazisində çox sakit keçib, qanunvericilik çərçivəsində, hər hansı bir narahatedici məqam olmayıb.

“Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı. Azərbaycanda tam demokratik ab-hava mövcuddur. Seçki və seçkilərin keçirilməsi demokratiyanın təzahürlərindən biridir”,-deyə prezident əlavə edib.

Əslində, seçki saxtakarlığı ilə bağlı video-görüntülər, faktlar sosial şəbəkələrdə kifayət qədərdir. Seçkilərdə iştirak edən namizədlər də, müşahidəçilər də seçkilərin kütləvi şəkildə saxta keçdiyini qeyd edirlər. Maraqlıdır, seçkilər saxta keçdiyi halda, prezidentə bu yalan məlumatı kim ötürür ki, seçkilər ölkə ərazisində çox sakit keçib, qanunvericilik çərçivəsində, hər hansı bir narahatedici məqam olmayıb?! Əvvəllər seçkilər saxta keçiriləndə deyirdilər ki, guya, bu işə Ramiz Mehdiyev, Əli Həsənov rəhbərlik edir. İndi ki, o insanlar hakimiyyətdə təmsil olunmurlar, amma yenə də dəyişən heç nə yoxdur. Necə deyərlər, “köhnə hamam, köhnə tasdır”.

“Sosial şəbəkələr demək olar ki, bütün dairələrdə baş vermiş özbaşnalıqlarla doludur”

Картинки по запросу "Namizəd Səfərov"

Vəziyyətin 20 ildir necə var, elə də davam etdiyini qeyd edən hüquqşünas Namizəd Səfərov “Hürriyyət”ə bildirdi ki, heç bir yenilik yoxdur: “Yəni həm seçkilərdə, həm dövlət idarəçiliyində, həm də hakimiyyətdə 20 il bundan qabaq necə olubsa, o vəziyyət davam edir. O ki qaldı prezidentin aldanıb-aldanmamasına, guya ki, əshabələri, yan-yörəsində olanlar ona seçkilərin hansı formada keçdiyini məlumat verirlər, o da buna əsaslanıb kiminləsə söhbət zamanı işlərin gedişinə dair fikir bildirir. Mən qətiyyən bu fikirlə razı deyiləm. Yəni o dövr deyil ki, kimsə sənə məlumat verə. Seçki balaca bir məsələ deyil, ölkənin taleyüklü məsələsidir, qanunvericilik orqanının formalaşmasıdır. Burada prezidentə hər hansı bir məlumat vermək lazım deyil. Sosial  şəbəkələri açsın, seçkilərin hansı qaydada, necə “demokratik” keçirildiyini gözü ilə görsün. Onun üçün böyük vaxt da lazım deyil. Sosial şəbəkələr demək olar ki, bütün dairələrdə baş vermiş özbaşnalıqlarla doludur”.

“Prezidentin seçkilər barədə dediyi məsələlərin heç biri həqiqətə uyğun deyil”

N. Səfərovun sözlərinə görə, bu seçkilər hətta digər seçkilərdən fərqli olaraq seçki komissiyalarının, seçki özbaşınalığının, saxtakarlığının ən kulminasiya nöqtəsinə çatan formada aparılıb: “Yəni saxtakarlıq açıq şəkildə, videokameralar altında aparıldı. Seçkiyə nəzarət edən vətəndaş seçki komissiyası üzvü tərəfindən bir-bir  seçki bülletenlərinin qutuya tullanılmasını çəkir, seçki komissiyasının üzvünün heç kefinə də deyil. Özü də bu fakt bütün dairələr üzrə baş verib. Məntəqə seçki komissiyası protokol verir ki, o şəxs qalib gəlib, Mərkəzi Seçki Komissiyası tamamilə başqa şəxsin qalib gəldiyi haqqında məlumat verir. Bunların hamısı faktlardır. Bunun üçün prezident aparatının bir müşavirə keçirməsi və yaxud prezidentin kimisə dinləyib, seçki barədə məlumatını götürməsi lazım deyil. Mən hesab edirəm ki, prezidentin seçkilər barədə dedikləri məsələlərin heç biri həqiqətə uyğun deyil, əksinə tamamilə baş verən seçkilərin əksi deyilibdir.

Builki seçkilər ümumiyyətlə, dəhşətli bir formada seçki qanunvericiliyinin pozulması, saxtakarlıqla həyata keçirilib və bunu hamı bilir. Elə bir dairə, məntəqə yoxdur ki, orada yüzlərlə, bəlkə minlərlə seçki saxtakarlığına yol verilməsin və bunların hamısı ərizə, aktlarla yox video kameralar altında təsdiq olunub. Bir prokuror, daxili işlər naziri lazımdır ki, götürsün bu gün bu seçki komissiyasının üzvlərinin hamısını törətdikləri dövləti cinayətlərlə görə türməyə doldursun. Əslində, bu, dövlət çevrilişidir. Seçkiləri saxtalaşdırmaq, seçilən şəxsləri yox, başqalarını Milli Məclisə dürtmək dövlət çevrilişidir. Dövlətin ali qanunverici orqanının səlahiyyətini mənimsəməkdir. Hadılar, xudular, siyavuşlar, oktay əsədovlar  artıq 20 ildir ki, hakimiyyəti zəbt ediblər, mənimsəyiblər”.

“Mən bilmirəm, seçkilərin modern keçməsi  necə ola bilər?!”

Xaricdən gələn nümayəndə heyətlərinin seçkilərlə bağlı bu və ya başqa fikirlər ifadə etdiyini diqqətə çatdıran Səfərov vurğuladı ki, seçkilərin necə keçdiyini dünyada hamıdan yaxşı Azərbaycan xalqı bilir: “Nə olsun ki, ekranlar qarşısında dövlət rəsmi informasiya agentlikləri seçkilərin demokratik keçdiyini bəyan ediblər. Bəs, biz koruq?! Camaat görmür ki?!  Verilən o məlumatlar camaatın gülməyinə gəlir. Rusiyanın nümayəndə heyəti belə bir fikir ifadə edibdir ki, Azərbaycandakı seçkilər demokratik və modern formada keçib. Mən bilmirəm, seçkilərin modern keçməsi  necə ola bilər?! Bu, mebel deyil ki. Seçkilərin bir keçirilmə qaydası var, insan gəlir istədiyi adama səs verir, istəyir modern, istəyir demokratik olsun. Seçki o deməkdir. Seçkiləri saxtalaşdırmağın modern formaları ola bilər. Görünür, yeni saxtakar formalar meydana çıxıbdır. Seçki komissiyasının üzvləri yeşiyi stolun üstünə boşaldanda guya, seçki bülletenleri yeri düşüb deyə, qaldırıb onu götürəndə yeşiyin altından da topa-topa bülletenleri cırıb stolun üstünə qoyurlar. Bunları tuturlar, nəzarətçilər hamısını çəkirlər, heç kimin vecinə deyil. Yaxşı, bu gün seçkilərin gedişini izləyən şəxslər, müxbirlər, nəzarətçilər, namizədlərin vəkilləri bu faktları videokamera altında çəkiblər, bunlar faktdır. Bu faktlardan qaçılası deyil. Hakimiyyət isə bunların heç birinə reaksiya vermir”.

“Prezidentin çıxışı xarici qonaqlar üçün hesablanmış bir çıxışdır”

Səfərov qeyd etdi ki, prezidentin seçkilərin demokratik keçməsinə dair fikirləri həqiqəti əks etdirmir: “Əksinə prezident özü də çox gözəl bilir ki, seçkilər hamısı saxtakarlıqlar altında keçirilib. Əlbəttə ki, prezidentin çıxışı xarici qonaqlar üçün hesablanmış bir çıxışdır. Yəni söz xatirinə deyir, həqiqətdən tamamilə uzaqdır. Mən sizi inandırıram ki, o, qarşısında çıxış edib dediyi şəxslər də Azərbaycanda seçkilərin saxtakarlıqla keçirildiyini çox gözəl bilirlər. Sadəcə, biri deyir o birinə qulaq asın, bunun Azərbaycan xalqı üçün heç bir əhəmiyyəti yoxdur. Seçkilərin necə, hansı saxtkarlıqlarla keçirildiyini Azərbaycan xalqından yaxşı, gözəl bilən heç kim yoxdur. Kim harada nə deyir, desin”.

“Bu, necə olur, hamının xəbəri var, prezidentin xəbəri yoxdur”

“Birmənalı şəkildə mümkün deyil ki, prezidentin bu saxtakarlıqlardan xəbəri olmasın. Mən bu gün görürəm ki, siyasətlə məşğul olanlar da, olmayanlar da sosial şəbəkələrdə yayılmış o video görüntülərə serialdan da,  kino komediyadan maraqla baxırlar. Baxırsan, məəttəl qalırsan ki, bazarda, mağazada satıcı da, taksi sürücüsü də hamı bu günün ən  maraqlı hadisəsi kimi seçki saxtakarlığına baxıb həzz alır. Müəllimlər də, həkimlər də hara gedirsən, hamı əllərində telefon o video görüntüləri izləyir və qəhqəhə çəkib gülür. Artıq bu, komediyaya çevrilib. Ölkədə seçkilər ən yaxşı kinokomediyadır. Bu, necə olur, hamının xəbəri var, prezidentin xəbəri yoxdur. XVIII-XIX-cu əsrlərdə Rusiyanın hakimiyyətində baş vermiş hadisələrə hamı yığışıb deyirdi ki, çarın bundan xəbəri yoxdur. Yığışaq, gedək baş verən hadisələr barədə çara xəbər verək. İndi elə bir dövr gəlib ki, ölkədə baş verən bütün hadisələri məmə deyəndən pəpə deyənə kimi, yəni uşaqdan böyüyə qədər hamı nə baş verdiyini bilir, bilməlidir, o cümlədən də prezident. Əgər prezident ölkəsində nələr baş verdiyini bilmirsə və guya ki, onu aldadırlarsa, bu, ağlabatmayan bir şeydir, demək prezident yerində deyil. Əgər ölkəsində baş verən hadisələri kimsə ona çatdırmalıdır, özü baxıb görə bilmirsə,  demək o prezident yerində deyil”,-deyə hüquqşünas əlavə etdi.

“İndiki bu parlament legitim hesab oluna bilməz”

N. Səfərov hesab edir ki, bu seçkilərdən sonra əgər Azərbaycan xalqı o saxta deputatları Milli Məclisə buraxacaqsa, bu xalq elə köləlik altında yaşamağa layiqdir: “Mən hesab edirəm ki, bütün xalq ayağa qalxmalı, bu seçkilərin nəticələrini tanımamalıdır. O cümlədən də Mərkəzi Seçki komissiyası, Konstitusiya Məhkəməsi bu seçkilərin saxta keçirildiyini birmənalı qəbul edib, tanımalıdır.  İndiki bu parlament legitim hesab oluna bilməz. Bu, artıq göz qabağındadır, bunu pozmaq mümkün deyil. İndi bilmirəm, bu şəxsləri, hadı-bıdıları təzədən o parlamentə yığacaqlar, orada özlərinə sədr, müavinlər, komissiya üzvləri seçəcəklər, yenidən icra hakimiyyətinə yaltaqlanmağa başlayacaqlar. 5 il də belə keçəcəyik. Mən  şəxsən bunu qəbul etmirəm. Mən inanıram ki, Azərbaycan xalqı da bu seçkilərin nəticəsini qəbul etməyəcək”.

 Şamo EMİN, Hurriyyet.org

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin