Pensiya sisteminin problemləri və yaş məsələsi – Ekspertlər ciddi suallar qoyur

0
84

Qeyd edək ki, 1 iyul 2021 – 30 iyun 2022-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il 6 ay olacaq.

Mövzu ilə bağlı fikir bildirən ekspertlər isə hesab edirlər ki, bu məsələ hər nə qədər aktual olsa da, kökündə iqtisadi inkişaf dayanmadıqca effekt verməyəcək. Amma hər bir halda 65 yaş optimal rəqəm deyil və bunun azaldılmasına ehtiyac var.

Fazil Mustafa: “Pulun, imtiyazın varsa, istədiyin yerdə bina tikə, yolu  bağlaya, vətəndaşı əzə bilərsən”

Milli Məclisin deputatı Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, pensiya yaşı azaldılmalıdır: “Xüsusilə qadınların yaş məsələsinə baxılmalıdır. Əksər insanlar pensiyaya çıxandan sonra uzun yaşamırlar. Ölkədə təqribən 761 mindən artıq pensiyaçı var və bunların da ömür yaşı heç 66-67-ni keçmir. 70 yaşı keçənlərin sayı çox deyil və bu da onu göstərir ki, insanlar yalnız 3-5 il ərzində bu pensiyadan faydalana bilirlər. Bu da onların ömür boyu çəkdikləri əziyyətin qarşılığı deyil. Ona görə də bu yaşının azaldılması vacibdir. Heç olmasa minimum hər bir insan üçün 10-15 il pensiyadan istifadə imkanı nəzərdə tutulmalıdır. Bəzən bu yaşın və çoxaldılması süni xarakter daşıyır. Belə ki, nə qədər az insan pensiya hüququndan istifadə eləsə, o qədər də az vəsait ödəniləcək, vəsaitə qənaət olunacaq. Əslində biz birinci növbədə insanı düşünməliyik. Ona görə də pensiya yaşının həddinin aşağı salınması Azərbaycan vətəndaşının indiki vəziyyətdə müəyyən problemlərinin həlli baxımından yerində olardı. Buna imkanlarımız fikrimcə, yetərincədir. Bu cür təkliflər məntiqlidir və hesab edirəm ki, bu təklif dəstəklənməlidir. Mən də onun tərəfdarıyam və ümid edirəm ki, bu istiqamətdə hökumət də müəyyən addımlar atılmasını düşünəcək”.

Elşad Məmmədov

Professor Elşad Məmmədov isə hesab edir ki, son aylarda sistemli şəkildə cəmiyyətin inkişafı ilə bağlı əsas hədəflərdən yayındırma siyasəti müxtəlif dairələr tərəfindən reallaşdırılır və təbliğ edilir: “Bu da cəmiyyətimizin sağlam təbəqələrini narahat etməyə bilməz. Siz əgər əhalinin sosial rifahının gücləndirilməsinə nail olmaq istəyirsinizsə, bu hər ilk növbədə dövlətin iqtisadi qüdrəti artırılmalıdır. İqtisadiyyat gücləndirilməlidir ki, dövlət sosial layihələri reallaşdıra bilsin və ölkədə daha çox əlavə dəyər formalaşdırılsın. Bu bütün cəmiyyətlərdə belədir. Yoxsa fikri yalnız pensiya islahatlarına fokuslaşdırmaq doğru deyil. Pensiyalar artırılsın, ödənişlər, müavinətlər artırılsın və bununla bütün problemlər həll olunacaq kimi yanaşma kökündən yanlışdır. Çünki biz görürük ki, müasir iqtisadiyyatda bütün dünyada inflyasiya hansı sürətlə artmaqdadır. Mən sizi inandırıram ki, əgər biz hətta pensiyaların 40-50 faiz artımına nail olsaq, pensiya alanların sayının artıma nail olsaq belə, pensiya alan əhalinin sayı baxımından artım olsa da, yenə ümumilikdə əhalinin sosial rifahı, alıcılıq qabiliyyəti ciddi şəkildə artmayacaq. Biz iqtisadi problemlərə fokuslanmalıyıq. Biz ölkə iqtisadiyyatında investisiyaların artması ilə bağlı işgüzar mühitin lazımı səviyyədə olmamasına, iqtisadi artım göstəricilərinin lazımi səviyyədə olmamasına fokuslanmamalıyıq. Əgər iqtisadi artım olsa məşğulluq artacaq. Yeni iş yerləri açılacaq, iş yerləri çoxalacaq. Özü də yüksək əməkhaqqı tutumlu sahələr yaranacaq və belə olan halda mən hesab edirəm ki, bu gün o qabarıq şəkildə qaldırılan pensiya artımı ilə bağlı məsələlər öz aktuallığını demək olar ki, itirmiş olacaq. Amma iqtisadiyyatda əlavə dəyər az olanda bu zaman onu necə bölək, necə qənaət edək kimi suallar çıxır. O da cəmiyyətimizi əsas məsələdən yayındırır. Mən hesab edirəm ki, yeni iş yerləri açılmalıdır, məşğulluq təmin edilməlidir. Bu baxımdan iqtisadi inkişaf olmalıdır. İqtisadi inkişaf olmadan bunu reallaşdırmaq qeyri-mümkündür”.

E.Məmmədovun sözlərinə görə, son aylar cəmiyyəti yalnız sosial artımlarla bağlı fokuslaşdırmağa çalışırlar: “Cəmiyyəti fokuslaşdırma çalışırlar ki, ödənişlər artsın, müavinətlər verilsin, pensiya alanların sayı artsın. Mən etiraz etmirəm. Pensiya yaşı da azaldılsın, pensiya alanların sayı çoxalsın. Amma ölkənin iqtisadi qüdrəti olmadan o artımlar, sizi inandırıram ki, inflyasiya tərəfindən tam şəkildə yeyiləcək. Reallıqda əhalinin alıcılıq qabiliyyəti artmayacaq. Biz iqtisadi inkişafa istiqamətlənməliyik ki, ölkənin qüdrəti artsın. Daha sonra o yaranan əlavə dəyərin də əhali arasında bölüşdürülməsi reallaşdırılsın. Razıyam ki, ölkədə əhalinin gəlirlərinin formalaşması nöqteyi-nəzərdən kəskin qeyri-bərabərlik var. 3-5 faiz insan  demək olar ki, super, yüksək səviyyədə, lüks həyat tərzi yaşayır. Əhalinin əksər hissəsi isə çətinliklərlə üzləşir. O cümlədən öz adi gündəlik tələbatlarının ödənilməsi baxımından çətinlik çəkirlər. Amma bu iqtisadiyyatla bağlıdır. İqtisadiyyatda ilk növbədə elə bir iş sistemi, elə bil məşğulluq təmin etməliyik ki, insan işlədiyi əməkhaqqı hesabına dolana bilsin. Bunu təmin etmədən pensiyalar, müavinətlər artacaqsa, pensiya alanların sayını artacaqsa, bu onsuz da inflyasiya tərəfindən məhv ediləcək. Əgər real olaraq ölkədə istehsal artmazda, iqtisadi inkişaf baş verməzsə ümumiyyətlə, yığım pensiyası öz effektivliyini göstərə bilməz”.

Professor sürətlə artan inflyasiyaya da toxunaraq bildirdi ki, biz bölüşdürücü pensiya sisteminə keçməliyik: “Bu mənim şəxsi ekspert və alim kimi fikrimdir. Çünki siz bu gün işləyirsiz və tutaq ki, 30 yaşınız var. Otuz beş ildən sonra alacağınız pensiya üçün yığım edirsiniz. Razılaşın ki, bu gülməlidir. Çünki 35 ildən sonra maliyyə bazarları necə olacaq, milli valyutanın dəyəri necə olacaq, bunu bu gündən proqnozlaşdırmaq qeyri-mümkündür. Açıq şəkildə görünür ki, inflyasiya artan xətt üzrə inkişaf edir və əhalinin yığımlarının 30-35 il sonra onlara qaytarılması ilə bağlı məsələlər mənə elə gəlir ki, hətta gülüş doğurur. Çünki bir tərəfdən biz görürük ki, əhalinin bu pandemiya ilə bağlı, digər problemlərlə bağlı o yaşa çatması sual altındadır. Digər tərəfdən də inflyasiya və maliyyə bazarları elə inkişaf edir ki, bu gün sizin pensiya üçün ayırdığınız vəsaitin 30 il sonra sizin sizə nə dərəcədə fayda verəcəyi çox ciddi suallar doğurur. Ona görə də Qərbdən idxal edilən bu yığımla bağlı pensiya sistemi ki, hazırda region ölkələrində tətbiq edilir, bu bütövlükdə effektli hesab oluna bilməz”.

Nərgiz LİFTİYEVA

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin