Paşinyan üçün “pat vəziyyəti” – “yolun sonu” göründü

0
96

Bakının müharibə təhdidi, Kremlin “dobro”su vəziyyəti hər an dəyişə bilər; İrəvan Ter-Petrosyan kursuna qayıdır? – erməni siyasətçidən sensasion iddia…

Rəsmi Bakının il sonu Bratislavada Qarabağ məsələsində “qırmızı xətti” cızması Ermənistan rəhbərliyini, faktiki, “pat vəziyyəti”nə qoyub. Beynəlxalq hüquqa əsaslanan bu mövqeyə qarşı nə işğalçı tərəf, nə də ATƏT-in Minsk Qrupunun həmsədrləri heç nə ortaya qoya bilmirlər. Bu da səbəbsiz deyil.

Məsələ ondadır ki, Azərbaycanın bu qanuni, prinsipial və əsaslı yanaşması əslində Azərbaycan prezidenti İlham Əliyev Soçidə, “Valday” forumunda bəyan etdiyi “Dağlıq Qarabağ Azərbaycanındır və nida işarəsi!” tezisi ilə yekunlaşan mövqeyinin davamıdır. Bütün bunlar da o anlama gəlir ki, işğalçı Ermənistan və onun havadarları münaqişənin həllini hər hansı başqa hüquqi müstəvidə axtarmağa boşuna vaxt sərf eləməsinlər, Azərbaycan öz haqlı mübarizəsindən geri çəkilmək fikrində deyil və olmayacaq.

*****

Yaranmış vəziyyət ən azından, Dağlıq Qarabağ ətrafındakı 7 və ya 5 rayon söhbətini yeni aktuallıqla gündəmə gətirir. Çünki həm Azərbaycan, həm də qardaş Türkiyə rəhbərliyi, həmçinin bir çox əcnəbi analitiklər, o sırada Rusiyanın neçə-neçə tanınmış politoloqları bəyan ediblər ki, problemin həllini dalandan çıxarmaq üçün ilk addımı məhz Ermənistan atmalı, xoş məram göstəricisi kimi, heç olmasa, bir neçə rayonu qeyd-şərtsiz azad etməlıdir. Yəni konflikt yalnız mərhələli yolla həllini tapa bilər.

Əfsus ki, Paşinyan hökuməti də daxil, “müstəqil” Ermənistanın bütün iqtidarları, eks-prezident Levon Ter-Petsoyan xaric, Qarabağ məsələsinin həllində həmişə “atı arabanın arxasına” bağlayıblar. Ayrı sözlə desək, regionun yekun statusu ilə bağlı Azərbaycanın heç vaxt qəbul etməyəcəyi şərti önə çıxarıblar.

Nəticə ortadadır. Ter-Petrosyandan sonra keçən 21 illik zaman kəsiyində ixtilafın həlli 1 sm də qabağa getməyib. Altını ən çox çəkən isə yenə işğalçı ölkənin özü olub. Ermənistanın iqtisadi tənəzzülü, blokadası və təcridi güclənib, ölkədən kütləvi köç davam edib, Ermənistan postsovet məkanının ən yoxsul diyarına çevrilib.

*****

Robert Köçəryan ile ilgili görsel sonucu

İlyarımdan çoxdur hakimiyyətdə olan, özünü demokrat sayan Nikol Paşinyan da vəziyyəti yaxşıya dəyişə bilmədi. Ona görə ki, bundan ötrü öz xalqı ilə açıq və səmimi danışmaq gərəkir. 20 il hakimiyyətdə olmuş “Qarabağ klanı”nın ən odioz simaları – sabiq prezidentlər Robert Köçəryan (hazırda həbsdədir) və Serj Sərksiyan bunu bacarmadılar, yaxud istəmədilər və xalqa “xəyal plov” yedizdirdilər.

Amma N.Paşinyan ölkəni düşdüyü bataqlıqdan çıxarmaq üçün ayrı, fərqli yol seçməli idi. Daha dəqiqi, məntiq deyir ki, vaxtilə müəllimi olmuş Ter-Petrosyanın mərhələli həll planına qayıtmalı idi. Tədricən cəmiyyəti hazırlayaraq. Vaxt gedir. Getdikcə də onun hakimiyyəti üçün “yolun sonu” görünməkdədir. Həm də o səbəbə ki, Azərbaycan ildən-ilə özünün iqtisadi və hərbi gücünü artırır.

Ermənistan isə əksinə, ildən-ilə işğalçı ordunu saxlamaq, onu silah-sursat, ərzaq və hətta çağırışçı ilə təmin eləmək üçün yeni-yeni problemlərlə üzləşir. Təkcə bir fakt: Azərbaycanın gələn il üçün nəzərdə tutulan hərbi büdcəsi (2.27 milyard dollar) az qala, işğalçı ölkənin gələn ilki ümumi büdcəsinə bərabərdir və hərbi büdcəsindən (625 milyon dollar) 4 dəfəyə yaxın (!) çoxdur. Odur ki, Paşinyan hökumətinin fikirləşməyə çox az vaxtı qalıb. Bəlkə də Azərbaycanda erkən seçkilər bitənə, yəni yazadəkdir. Hər necə olmasa, Rusiya və digər həmsədr dövlətlər də vəziyyətin uzun müddət belə davam edə bilməyəcəyinin fərqindədirlər.

petrosyan ile ilgili görsel sonucu

Qərarı isə işğalçı tərəf kimi rəsmi İrəvan verməli, ilk addımı məhz o atmalıdır. Çünki Azərbaycanın güzəştə gedəcəyi bir şey yox. Azərbaycan öz qanuni torpağının bir hissəsini (7 rayon), başqa bir hissəsinə (Dağlıq Qarabağ) dəyişmək niyyətində deyil, olmayacaq. Ən yaxşı həll formulu “torpaq əvəzinə sülh” olan bilər – hansına ki, Ter-Petrosyan razılıq vermiş, buna görə Moskvanın dəstəyi və “Qarabağ klanı” vasitəsilə devrilmişdi. Lakin Azərbaycan indi həmin Azərbaycan deyil. Müharibə variantı isə çətin ki, Rusiyanın da maraqlarına cavab versin. Üstəlik, o vaxtdan 21 ildən çox keçir, münaqişə isə hansısa formada nizamlanmalıdır…         

*****

“Paşinyan ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın yaradıcısı olduğu formatı yaxın zamanlarda bərpa etmək arzusundadır”. Bu sözləri İrəvanda “İcmal” verilişinin efirində Ermənistan parlamentinin deputatı, Ter-Petrosyanın rəhbəri olduğu Erməni Milli Konqresi Partiyası sədrinin müavini Levon Zurabyan deyib (axar.az).

Onun sözlərinə görə, Nikol Paşinyanın Ter-Petrosyanın təklif etdiyi formata qayıtmaqdan başqa çıxış yolu yoxdur və bunun üçün əsaslı səbəblər var. Sitat: “Danışıqlar uzun müddət davam edə bilməz, çünki danışıqlar zamanı yerində addımlamaq yox, irəliləyişə nail olmaq lazımdır. Bu gün Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı şəxsi nəzəri baxışı yoxdur və təbii ki, belə olan halda o, başqasının mövqeyi arxasınca getməlidir”, – deyə Zurabyan bildirib.

Bəs Paşinyanın dəstək verə biləcəyi Ter-Petrosyan variantı nədən ibarət idi?

Variantın qayəsində problemin mərhələli həlli dururdu. Birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar azad edilməli, sərhədlər və kommunikasiyalar açılmalı, blokada götürülməli, sonuncu mərhələdə isə regionun statusu razılaşdırılmalı idi. Bu da Petrosyanın sözüdür, o vaxt erməni xalqına müraciətlə demişdi: “Realist olmaq və beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ ətrafında mövcud vəziyyətlə barışmayacağını anlamaq lazımdır. Çünki bu vəziyyət bölgədəki əməkdaşlığa, təhlükəsizliyə və Qərbin neft maraqlarına təhdid yaradır. Kompromisə getmək lazımdır. Əks halda, vaxt gələcək, biz kompromisə gedilməsi barədə xahiş edəcəyik. Kompromisdən imtina edilməsi və maksimalizm (mümkün olana yox, ən maksimala nail olmaq səyi) Qarabağın süqutuna və Ermənistandakı vəziyyətin pisləşməsinə aparan ən qısa yoldur”.

*****

Bu qısa yol isə artıq qət edilib: Ermənistan doğrudan da indi daha acınacaqlı durumdadır. Bir səbəb də təbii ki, Rusiya amili ilə bağlıdır. Hər halda, o vaxt bu plana Moskva “dobro” versəydi, indi regionda situasiya bambaşqa idi, Qarabağ səmasından da barıt qoxusu çoxdan çəkilmişdi.

Bəs bu dəfə necə, İrəvan Ter-Petrosyan planına qayıtsa, Kreml “rüsxət” verərmi? Axı indi Yeltsin dönəmi yox (1998), Putin dönəmidir.

Maraqlıdır ki, bu arada erməni nəşri “İrates” qəzeti yazıb ki, Rusiya Qarabağ məsələsində ciddi tələskənlik nümayiş etdirir. Qəzet xarici işlər nazirlərinin son Bratislava  görüşünə məhz bu kontekstdən yanaşılması vacibliyini vurğulayıb. “Serj Sərkisyana qarşı cinayət işi də bununla bağlıdır. Bununla hakimiyyətin yeni elementlərlə müqəddəsləşdirilməsi təmin edilir”, – deyə qəzet iddia edib.

İddianın nə dərəcədə ciddi olduğunu söyləyə bilmərik. Bir şey dəqiqdir ki, Paşinyan hakimiyyəti üçün “qum saatı” çoxdan işə düşüb…

Siyasət şöbəsi

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin