Paşinyan Qarabağ iddiasından imtina edir: Revanşistlər Rusiyanı və Putini niyə hədəfə aldılar

0
93

Ermənistan mətbuatının etibarlı mənbələrə istinadən yaydığı məlumata görə, Paşinyan hakimiyyəti üçün Qarabağ mövzusu artıq qapanıb; İndi baş nazir Nikol Paşinyanı Qarabağ ermənilərinin deyil, yalnız məhz Ermənistanın təhlükəsizliyi daha çox düşündürür…

Ermənistanda Rusiya əleyhinə etiraz dalğası güclənməyə başlayıb. Son vaxtlar Ermənistan cəmiyyətində Kremlin Cənubi Qafqaz siyasəti ciddi şəkildə narazılıq ilə qarşılanmaqdadır. Və bu proses qəribə də olsa, artan xətt üzrə inkişaf edir.

Onu da qeyd edək ki, artıq Ermənistanda Rusiyaya qarşı əhval-ruhiyyə küçə və meydanlara sıçramağa başlayıb. Ötən gün Ermənistan paytaxtı İrəvanda minlərlə erməni Rusiya əleyhinə etiraz yürüşünə çıxıblar. Ermənilər birağızdan Rusiyanı sərt şəkildə ittiham edən şüarlar səsləndiriblər. Üstəlik, Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədiblər. Və bütün bunlar son günlər Rusiyanın Ermənistandan üçtərəfli anlaşmaların icrasını tələb etməsi fonunda baş verməkdədir.

Məsələ ondadır ki, erməni zehniyyatı xüsusi tələblər üzərində formalaşıb. Ermənilər onilliklər boyu Rusiyanın himayəsinə, xüsusi qayğısına vərdiş ediblər. Hətta əmindirlər Rusiya Ermənistanı himayə edib, qayğı göstərməyə borcludur. Yəni, Kremlin əsas vəzifəsi ermənilərin mövcudluğuna və toxunulmazlığına təminat verilməsi üzərində qurulmalıdır.

Ancaq erməni zehniyyatı Rusiyanın da strateji maraqları ola biləcəyini yaxın belə, buraxmaq istəmir. Hesab olunur ki, Rusiyanın Cənubi Qafqaz siyasəti Ermənistanın təhlükəsizliyinin təmin olunması ilə məhdudlaşmalıdır. Eyni zamanda, ermənilər qonşu ölkələrin ərazilərinə iddia etməlidir, Rusiya isə həmin torpaqları işğal edib, Ermənistana birləşdirməlidir.

Ötən əsrin sonlarında Rusiyanın Cənubi Qafqaz siyasəti bu baxımdan, erməni zehniyyatına cavab verirdi. Ona görə də, Rusiyadan məmnun idilər. Əminiydilər ki, Rusiya Azərbaycan ərazilərinin işğal edilməsində Ermənistana dəstək verməklə, erməni xalqı qarşısında “müqəddəs borc”unu yerinə yetirir. Və ermənilərə bu dəstək siyasətinin Rusiyanın həmin dövrə aid strateji maraqlarından qaynaqlana biləcəyini ağıllarına belə, gətirmirdilər.

Ona görə də indi Rusiyanın dəyişən regional prioritetlərini anlamaqda çətinlik çəkirlər. Rusiyanın Cənubi Qafqazda dəyişən maraqları Kremlin Ermənistana xəyanət etməsi kimi qəbul edilir. Və bu səbəbdən də indi Rusiya ittiham olunub, təhqir edilir, əvəzində isə ABŞ və Fransanın müttəfiqliyi barədə xam xəyallar qurulur.

Təbii ki, Ermənistanda erməni zehniyyatının siyasi təzahürləri Kreml tərəfindən diqqətlə izlənməkdədir. Rusiyanın rəsmi dairələri erməni xəyanətinin sürətlə yetişməkdə olduğunu artıq anlayırlar. Hələlik maksimum səviyyədə təmkinli davranmağa çalışsalar da, üstüörtülü şəkildə keçmişi xatırladıb, dolayısı xəbərdarlıq etməyi də unutmurlar.

Ermənistan paytaxtı İrəvanda Kreml əleyhinə etiraz aksiyalarının fonunda Rusiya səfiri Sergey Kapırkin ermənilərə 44 günlük savaş dövründə baş verənləri xatırladıb. Rus səfir bildirib ki, ötən ilin payızında Rusiya siyasi cəhətdən Ermənistanın yanında olan yeganə dövlət idi: “İndi müxtəlif regionlardan bəzi ölkələr yeni regional sistemdə özləri üçün nəsə tapmağa və əldə etməyə çalışırlar. Ancaq ötən ilin payızında həmin ölkələr çox təmkinli davranırdılar. Onlar susmağa üstünlük verirdilər”.

Anlaşılan odur ki, rus səfir əslində, Rusiyanın Ermənistanı tamamilə məhv olmaqdan xilas etdiyinə eyham vurur. Eyni zamanda, bu etirafı ilə Ermənistanı nankorluqda qınayır. Halbuki erməni zehniyyatına belə qınaqlar ilə təsir etməyin mümkün olmadığını yəqin ki, rus səfir də bilməmiş deyil.

Onu da qeyd etmək lazımdır ki, rus səfirin qonaqlarına Ermənistanda əhəmiyyət belə, verən yoxdur. Əksinə, Ermənistan mətbuatı Rusiyanı Xankəndi və ətraf bölgədə yaşayan ermənilərdən öz regional maraqları üçün istifadə etməkdə günahlandırır.

Məsələ ondadır ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduqları Xankəndi və ətraf bölgədə vəziyyət hər ötən gün gərginləşir. Ermənilər yaranmış vəziyyətdən narahat olaraq, sürətlə bölgəni tərk edirlər. Ermənistanda nəşr olunan “Hraparak” qəzeti iddia edir ki, Rusiya sülhməramlı qüvvələrini hazırda erməniləri buna məcbur buraxan səbəblər deyil, sadəcə, onların bölgədən kütləvi şəkildə köç etməsi daha çox düşündürür.

“Hraparak” qəzet vurğulayıb ki, narahatlıq yalnız Rusiyanın özəl maraqları ilə birbaşa bağlıdır: “Əldə etdiyimiz məlumata görə, Artsaxda (Xankəndi və ətraf bölgə) yerləşən Rusiya sülhməramlıları orada mühacirətin sürəti ilə bağlı çox narahatdırlar. Çünki, belə davam edərsə, demoqrafik mənzərənin dəyişə biləcəyini və insanların yaşamadığı torpaqların artıq qorumaya ehtiyacı olmayacağını anlayırlar”.

Erməni qəzeti qeyd edib ki, Rusiya sülhməramlılarının beş illik ezamiyyət müddəti başa çatdıqda və bölgədə ermənilərin sayının kəskin azaldığı ortaya çıxdıqda, onların orada gələcəkdə qalması da öz əhəmiyyətini itirmiş olacaq. Bu isə o deməkdir ki, erməni qəzeti bir tərəfdən Rusiya sülhməramlı qüvvələrini qınayır. Digər tərəfdən isə Rusiyanın bölgədə qalması üçün ermənilərə ehtiyacı olduğuna eyham vuraraq, Kremli şantaj etməyə çalışır.

Ancaq əslində, ermənilərin Xankəndi və ətraf bölgədə üzləşdiyi problemlərin səbəbkarlarının yalnız rus sülhməramlıları olmadığını özləri də bilməmiş deyil. Bölgədə davam edən erməni separatizmi indi elə onların özlərinə qarşı çevrilməyə başlayıb. Çünki erməni separatizmi onun təmsilçilərinin və arxasında dayananların şəxsi mənfəət sahəsi rolunu oynayır.

Maraqlıdır ki, Ermənistanda nəşr olunan “Past” qəzetinin iddiasına görə, son vaxtlar Xankəndi və ətraf bölgədən birbaşa baş nazir Nikol Paşinyana ciddi şikayətlər daxil olmağa başlayıb. Şikayət edənlərin Ermənistan baş nazirinə erməni separatçıların rəhbəri Araik Arutyunyanın maliyyə fırıldaqları və mənimsəmələri barədə sənədlər ötürdükləri bildirilir.

“Past” qəzeti iddia edir ki, son vaxtlar Ermənistan hakimiyyəti Araik Arutyunyana etibar etmir: “Araik Arutyunyana hələlik toxunmurlar. Çünki hazırda ona sərf ediləcək zaman sadəcə, yoxdur. Ancaq məlumatlı mənbə iddia edir ki, baş nazir Nikol Paşinyan yaxın vaxtlarda Ermənistan büdcəsindən Qarabağa ayrılmış maliyyə vəsaitinin hara xərcləndiyini dəqiqləşdirmək üçün audit təyin etmək niyyətindədir”.

Əlbəttə, bu, tamamilə inandırıcı görünür. Çünki Paşinyan hakimiyyətinin Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin Ermənistan büdcəsi üçün əlavə yük olduğu qənaətinə gəldiyi barədə məlumatlar qətiyyən yeni deyil. Hətta Ermənistan cəmiyyətində də Qarabağ ermənilərinin ölkədəki kasıblıq və səfalətin günahkarı hesab edənlərin sayı kifayət qədərdir.

Onu da qeyd edək ki, Ermənistan siyasi dairələrində Qarabağ mövzusunun Paşinyan hakimiyyəti üçün artıq prinsipial məsələ olmadığı iddia edilir. Ermənistan parlamentinin deputatı Tiqran Abramyan vurğulayıb ki, Qarabağ mövzusu Paşinyan hakimiyyəti üçün artıq demək olar ki, qapadılıb: “Hakimiyyət təmsilçiləri açıq mətnlə deyirlər ki, onlar Qarabağın təhlükəsizlik məsələləri ilə məşğul olmurlar. Çünki bu məsələ indi Rusiyadan asılıdır. Onlar açıq şəkildə etiraf edirlər ki, Qarabağ məsələsi qapadılıb”.

Göründüyü kimi, Ermənistan cəmiyyətində prioritetlər dəyişməyə başlayıb. İndi Paşinyan hakimiyyətinin qarşısında duran əsas məsələ Qarabağ ermənilərinin deyil, məhz Ermənistanın təhlükəsizliyinin təmin edilməsidir. Və revanşistlər nə qədər Rusiyanı günahlandırsalar da, buna yalnız Qarabağa olan iddialardan imtina etməklə nail olmaq mümkün ola bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin