Paşinyan Bakıdan əvvəl Ərdoğanla razılaşmağa hazırlaşır? – Görünəni budur ki…

0
74

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanı dialoqa çağıran son açıqlamaları ciddi təhlil mövzusuna çevrilib. “Yeni Müsavat” yada salır ki, Türkiyə prezidenti Ərdoğan ötən həftə Ermənistana tarixi şansdan istifadə edərək, münasibətləri tədricən normallaşdırmağı təklif edib. Ərdoğan qeyd edib ki, İrəvan bölgədə sülhün bərqərar olması üçün müsbət addımlar atarsa, Türkiyə buna adekvat reaksiya verəcək. Onun sözlərinə görə, 2020-ci ilin payızında Qarabağ müharibəsindən sonra bu istiqamətdə irəliləyiş üçün yeni imkanlar yaradılıb. Ermənistanın hökumət başçısı Nikol Paşinyan da Türkiyədən müsbət siqnallar aldıqlarını vurğulamışdı.

Bəzi iddialara görə, Türkiyənin dünyada və regionda artan mövqeyi Ermənistan rəhbərliyini Ankara ilə münasibətləri tənzimləmək faktı qarşısında qoyub. Güman etmək olar ki, Paşinyanın Qərbdəki “ağıl babaları” Türkiyə ilə anlaşmağı məsləhət bilirlər. Bunun üçün Ermənistanın görməli olduğu işlər çoxdur, o cümlədən müstəqillik bəyannaməsində də Türkiyəyə qarşı əsassız ərazi iddialarından vaz keçməlidirlər. Saxta “erməni soyqırımı”nı ABŞ tanısa da, bunun ermənilər üçün xüsusi əhəmiyyəti olmadı. O səbəbdən İrəvan Türkiyə ilə münasibətləri tənzimləməkdə maraqlı görünür. Ona görə Paşinyanın bu məsələdə mövqeyindən xəbərdar olan, həm də müxtəlif anti-Türkiyə dairələrinə bağlı olan şəxslər indidən Paşinyanı hədəf almağa başlayıblar.

Erməni politoloq Vazgen Petrosyan da iddia edib ki, Paşinyan Ərdoğan qarşısında güzəştə getməyə hazırdır. Onun sözlərinə görə, Türkiyə ilə əlaqələri bərpa etmək niyyətində olan hazırkı Ermənistan hakimiyyəti Ankaranın bütün şərtlərini qəbul etməyə də hazırdır. Politoloq əminliyini bildirib ki, Türkiyə rəhbərliyi heç vaxt güzəştə getməyəcək və İrəvan yenə də uduzacaq. Petrosyan Türkiyənin bölgədə güclənməyə davam edəcəyini də diqqətə çatdırıb. Ermənistandakı keçmiş cinayətkar klanın və Köçəryanın parlamentdəki adamlarının da ritorikası anti-Türkiyədir və əlaqələrin bərpasına qarşı gedirlər.

“Demək istəyirəm ki, biz Türkiyədən bir neçə pozitiv siqnal almışıq. Bu siqnalları qiymətləndiririk. Müsbət siqnallara müsbət cavab veririk” – Paşinyan isə Ərdoğanın təklifinə belə reaksiya vermişdi. Əslində Ankara-İrəvan münasibətlərinin normallaşması, sərhədlərin açılması Ermənistanın özü üçün iqtisadi cəhətdən bir dirçəliş olacaq. Ərdoğan hər zaman çıxışlarında bəyan edirdi ki, Qarabağ problem həll olandan sonra Ermənistanla sərhədlər açıla bilər. İndi bu tarixi məqam yetişib. Əgər ermənilər fürsəti dəyərləndirməsələr, ən çox özləri itirəcəklər. Çünki bundan Türkiyəyə elə də ciddi zərər yoxdur. Paşinyan da bunu yaxşı anlayır və Qərbə inteqrasiya kursunu seçibsə, o zaman NATO ölkəsi olan Türkiyə ilə əlaqələrin bərpasına üstünlük verməlidir.

Bəs Paşinyan bunu edəcəkmi? Erməni cəmiyyətini türklərlə münasibətləri qurmağa hazırlayacaqmı? Bakıdan öncə Ankara ilə İrəvanın razılaşması mümkündürmü? Təbii ki, bu məsələyə Moskvanın da yanaşması əhəmiyyətlidir. Kreml İrəvan- Ankara əlaqələrinin düzəlməsində maraqlıdırmı? Rusiya ilə Türkiyə arasında bir yaxınlaşma olduğunu, Qarabağ məsələsində koordinasiyalı hərəkət etdiklərini nəzərə alsaq, Putinin münasibətlərin normallaşmasına etirazı olmamalıdır. Əlbəttə, Türkiyə-Ermənistan sərhədlərinin açılması İrəvanın Moskvadan ticari baxımdan asılılığını azalda da bilər. Ancaq istənilən halda bölgədə yeni platforma qaçılmaz görünür.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev “Yeni Müsavat”a Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşa biləcəyini istisna etmədi. Deputatın fikrincə, bu, ardınca Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlanması üçün bir əsas ola bilər: “Paşinyan hakimiyyətə gələndə də bilirdi ki, bu münaqişə regionun inkişafını əngəlləyir. Ona görə Ermənistanın dalandan çıxması üçün Qarabağ məsələsi həll olmalıdır. Sonra gördü ki, ermənilər konfliktin normal şəkildə həllini istəmir. Odur ki, cəmiyyətin ovqatına qoşularaq gah Şuşada yallı getdi, gah danışıqları pozdu, nəticəsi də onlar üçün faciəvi oldu. İndi yenə də Paşinyan görür ki, belə yaşamağın gələcəyi yoxdur, sadəcə, onu yolundan saxlayan ölkədəki qeyri-konstruktiv mövqe göstərən, hər şeyi inkar edən bir bacarıqsız müxalifətdir. Onlar cəmiyyətin müəyyən hissəsini Paşinyana qarşı toparlaya bilirlər”.

R.Nurullayev hesab edir ki, məhz yaranmış bu vəziyyətin ucbatından Paşinyan odla su arasında qalıb: “Ancaq ona mesajlar verilməlidir ki, Ermənistanı inkişaf etmiş bir ölkəyə çevirə bilərsən, bunun üçün Azərbaycanla sülh müqaviləsi bağlanmalıdır. Harada görünüb ki, müharibə vaxtı siçan deşiyi axtarasan, bunkerdə gizlənəsən, sonra seçkidə çıxıb qalib gələsən?! Bu, Paşinyana verilən bir kart-blanşdır. İndi verilən imkandan istifadə etməlidir. Əgər səmimiyyət göstərərsə, Türkiyənin və Azərbaycanın, o cümlədən Rusiyada müəyyən dairələrin, həmçinin Qərb ölkələrinin, Avropa Birliyi dövlətlərinin dəstəyini qazanmış olacaq ki, bu da hakimiyyətinin ömrünü uzada bilər. İndi başından yekə danışan, əlindən bir iş gəlməyən müxalifətlə üz-üzə qalıb. Bu həqiqətlər ona çatdırılmalıdır. İnanıram ki, Azərbaycan Prezidenti diplomatik kanallarla regionun inkişafının münasibətlərin normallaşmasından keçdiyini ona çatdıra bilir, eləcə də Türkiyə rəhbərliyi…”
“Yeni Müsavat”

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin