Osmanqızının montajlı və montajsız videosunun rezümesi

0
290

10-12 gün əvvəl erməni-azərbaycanlı münaqişəsi barədə yazdığım yazıda Ruandada yaşayan və 28 il əvvəl bir-birini qıran xutularla tutsiləri misal çəkmişdim. Bu misal nədən parlaqdır? Ona görə ki, xutuların hücum edib tutsilərə qarşı genosid siyasəti yeritmələri gün kimi aydındır. Düzdür, tutsilər bacardıqları qədər müqavimət göstəriblər və on minlərlə xutunun canını alıblar, amma soyqırım siyasətini məhz xutular həyat keçirib.

O müharibədə 500 min – 1 milyon arası (daha çox 750 min rəqəmi üzərində dayanırlar) adam ölüb. Həlak olanların 90 faizi tutsi, 10 faizi xutudur. Fransız dövləti xutulara hər cür dəstək verib, soyqırım siyasəti yeritmələrinə yardım göstərib. Bütün bunlar hər kəsə bəllidir, rəsmi sənədlərdə öz əksini tapıb, yazılı mənbələrdə yer alıb.

İndi hesab edin ki, bir dəstə jurnalist Ruandaya gedir, həqiqəti öyrənir, amma ölkələrinə qayıdandan sonra yazdıqları yazıda qeyd edirlər ki, qırğının baiskarı tutsilər özləri olublar və yazıq xutuları qırıblar. Belə yazanların ən azı obyektivliyi şübhə altına alınar, xutular tərəfindən rüşvətlə ələ alındıqları güman və iddia edərlər. Heç kəs onlara vətən xaini deməz. Amma tutsilərin təqsirkar, xutuların günahsız olduğunu iddia edən jurnalist özü tutsi millətindən olsa, o adam tutsilər tərəfindən dərhal xain elan olunar.

Hazırda Sevinc Osmanqızı məhz həmin o “xəyali jurnalist tutsi”nin yerindədir.

Dünən onun çıxışının montaj olunmuş qısa variantına, bu gün isə çıxışın 31 dəqiqəlik tam variantına baxdım. Birincidə lakoniklik var, montajçılar telejurnalistin uzun-uzadı lirik-publisistik ricətini kəsib-doğrayıb, sözünün Mustafasını saxlayıblar. İkincidə isə Sevinc Osmanqızı necə var, elədir. Sadəcə, bu dəfə çıxış daha bəlağətlidir, əsas fikirlər gəlişigözəl sözlərdən hörülmüş pərdənin o üzündədir.

O, yenə də hərləyib-fırlayıb bizi – Azərbaycan tərəfini haqsız çıxardır. Ermənilər səfirliklərin qarşısında etiraz aksiyası keçirməkdə haqlıdır, amma bizimkilər səfirliklərin qabağına toplaşıb “biz də varıq” deyəndə haqsızdır. O günahı döyənlərdə yox, döyülənlərdə görür.

Adamın yadına 20 Yanvar qırğınından sonra mütəllibovçuların dəm verdiyi ritorika düşür: “Bu rus qoşunudur, işğala gəlir, AXC camaatı niyə qoşunun qabağına çıxarıb qırğına verdi?

Yəni rus qoşunlarının müqavimət göstərənləri qırmaq, ermənilərin qarşılarına çıxanı döymək kimi eksklüziv hüquqlar var, onlara etiraz edənlərin qanı halaldır, günah özlərindədir. Osmanqızının dediklərindən belə çıxır. Bir də o, elə qələmə verir ki, guya bu, Ermənistan-Əliyev davasıdır. Elə deyil axı. Guya hakimiyyətdə İlham Əliyev yox, Ulof Palme kimi idealist-demokrat olsa, ermənilər Qarabağı ilhaq etmək sevdalarından əl çəkəcək, Azərbaycana qarşı aqressiv münasibətlərini dəyişəcəklər? Qətiyyən.

Çıxışının sonunda “erməni bizə düşməndir, onunla mübarizəni durmadan aparmaq lazımdır” deyən Osmanqızının çağırışının məğzi isə ondan ibarətdir ki, ermənilər hər yerdə etiraz aksiyası keçirəcəklər, amma siz sakit durun, səfirliklərin çağırışına qoşulmayın, onların təşkil etdikləri aksiyalara qatılmayın. Yəni təklənin, passiv olun, ermənilər Avropanın ortasında gur-gur guruldasın, siz başınızın salamatlığını qoruyun. Nə var, nə var, hakimiyyətdə İlham Əliyevdir.

Söhbət Azərbaycanın ərazi bütövlüyündən, millətə qarşı yaranmış yeni təhlükədən getdiyi yerdə ona kimin rəhbərlik etdiyinin nə önəmi var?

Təəssüf ki, Osmanqızı kimi düşünənlər az deyil, dünən montajlı videonun zərbə şokundan ayılan bəziləri geniş videonu üzlərinə ələk kimi tutaraq ordan-burdan səs çıxarmağa başlayıblar. Mat qalmalı işdir, bu adamlar niyə belə edirlər. Əgər onlar fanatikcəsinə əqidəli həqiqət çarçısıdırlarsa və nəyin bahasına olursa, olsun, haqqın yanında durmaq istəyirlərsə, gerçəklər ortadadır – Azərbaycan işğala məruz qalmış, dinc əhalisi kütləvi şəkildə qətl edilmiş ölkədir.

Qəbul etmək olar ki, onlar dövlət rəhbərlərindən incikdir, başlarına gələnlər üçün onları məsul tuturlar. Olsun. Hər kəsin özünə bəraət qazandıracaq arqumenti ola bilər. Amma bu, hər dəfə mütləq bu hakimiyyətə qarşı olmağa əsas verə bilməz. Elə məqamlar, situasiyalar var ki, onlara münasibətdə hakimiyyətin mövqeyini, addımlarını tənqid etmək, dövlətə, millətə qarşı olmaq anlamına gəlir.

12 iyuldan sonra baş verən hadisələr və ona münasibət də bu qəbildəndir.

Tovuz rayonunun kəndlərini artilleriya atəşinə tutublar, generalımızı, əsgərlərimizi şəhid ediblər, dövlət erməni hücumunun qarşısını almaq üçün tədbirlər görüb. Xaricdə yaşayan azərbaycanlılar özləri haqq səsimizi dünyaya çatdırmaq üçün səfərbər olunublar, səfirlik və konsulluqlar yalnız sonradan onların səsinə səs verməyə, pis-yaxşı nəyisə koordinasiya etməyə məcbur qalıblar. Bəs necə olmalıydı? Dövlət rəhbərliyi heç bir tədbir görməməliydi?
Sabah (3-5, 15 il sonra) ölkədə hakimiyyət dəyişə, dövlət başına başqaları gələ bilər, amma Azərbaycanı yerdən-yerə vuran “Daş yuxular”, xalqımızı günahlandıran, ittiham edən lent yazıları arxivlərdə qalacaq və ildən-ilə düşmən tərəf üçün qiymətə minəcək. 50-100 ildən sonra o materialları nəvə-nəticələrimizin önünə qoyub, “bunu ki biz yazmamışıq, deməmişik, öz millətinizin nümayəndələri deyib, yazıb” deyə özləri üçün daşdan keçən arqument düzəldəcəklər.

Politologiyada “kollaborasionistlik” deyilən bir termin var, müharibə vaxtı işğal olunmuş ərazilərdə düşmən tərəfə keçən, hər hansı bir kiçik məmur vəzifəsi tutub düşmənə işləyənləri ehtiva edir.

Eybi yox, qoy bu hakimiyyətdən narazı olan mühacirlər öz davalarını aparıb partizanlıq eləsinlər, amma kolloborasionistlik edib düşmənin əlini gücləndirməsinlər.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin