Oqtay Gülalıyevin müalicəsi üçün xərci Heydər Əliyev Fondu üzərinə götürdü

0
956

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun əməkdaşları hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunan Oqtay Gülalıyevin səhhəti ilə bağlı məsələləri nəzarətə götürüb və onun müalicəsi üçün lazımı dəstəyin göstəriləcəyi bildirilib.

Bu barədə mətbuata hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva məlumat verib.

O bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb.

Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib.

RealMedia.az xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Oqtay Gülalıyevin Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb və onun qısa müddətdə həkimlərin nəzarəti altında İstanbula aparılması nəzərdə tutulur. Eyni zamanda Oqtay Gülalıyevin səhhəti ilə bağlı bundan sonra da yaranan bütün zəruri məsələlərin Heydər Əliyev Fondunun prezidentinin nəzarətində saxlanılacağı və müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

Qeyd edilib ki, Heydər Əliyev Fondu öz fəaliyyət istiqamətlərindən çıxış edərək hər bir şəxsə daima zəruri köməklik göstərib və bu humanitar missiyanı bir təşkilat olaraq hər bir zaman həyata keçirməkdən qürur duyur.

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Şirin Cəfərli

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin