ONLAYN MEDİAYA 3 MİNLİK DƏSTƏKLƏ İNKİŞAF? – Agentlik nələri dəyişdi, nələri dəyişə bilmədi?…

0
220

Medianın İnkişafı Agentliyi (MEDİA), nəhayət, çap və onlayn mediaya dəstək layihələrini açıqlayıb.

Ləğv olunmuş KİVDF-nin varisi olan bu qurumdan gözləntilər böyükdür. Mətbu cameə bu təşkilatın rəhbəri olmuş Vüqar Səfərlinin korrupsiya cinayətlərinə görə həbs edilməsindən sonra dövlətin bu istiqamətdə ayırdığı vəsaitlərin səmərəli, şəffaf xərclənəcəyinə, medianın inkişafına və ictimai maraqların dəstəklənməsinə yönələcəyinə ümid edir.

Agentliyin açıqladığı şərtlərə gəlincə, çap mediası üçün əvvəlkinə nisbətən daha əlverişli maliyyələşmə mexanizmi təklif edilir. Məsələn, müsabiqə elan olunan günədək qəzetlər son 1 il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalıdır. Qeyd edək ki, əvvəlki maliyyələşmə şərtinə görə qəzetlər azı 2500 tirajla çap olunmalı, hər nüsxədən 1500 satış olduğu barədə arayış təqdim etməli idilər. Məlumdur ki, bir çox obyektiv və subyektiv səbəblərdən qəzetlərin çox az bir qismi bu tələbi ödəyirdi. Nəticədə, dövlətdən maliyyə almaq üçün redaksiyalar satış firmaları, mətbəələr və elə KİVDF rəhbərliyi ilə korrupsiya sövdələşmələrinə gedərək, əldə etdikləri vəsaitin bir qismini onlara yönləndirməyə məcbur olurdular. Yeni şərtlərdə redaksiyalar maklatura çap etmək əziyyətindən qurutulurlar, amma təəssüf ki, hər tirajdan 1000 nüsxə qəzet satan nəşrlərin sayını bir əlin barmaqları ilə göstərmək olar.

Hər redaksiyaya ayrılan vəsaitin həcminə gəlincə, bura da müəyyən korrektələr edilib. Əvvəla, günaşırı nəşr olunan qəzetlər kateqoriyası ləğv edilərək həftəlik və gündəlik qəzetlərdən ibarət iki kateqoriya yaradılıb. Bundan başqa KİVDF-nin gündəlik nəşrlər üçün müəyyənləşdirdiyi 20 min manat məbləği azaldılaraq 15 min manata endirilib. Həftəlik qəzetlər isə ayda 5 min manat dəstək alacaq. Onların veb əlavələrinə gəlincə, hər birinə aylıq 3 min manat veriləcək. Həmçinin onlayın medianın texniki imkanlarının yüksəldilməsi məqsədi ilə onlara maliyyələşmə dövrünün birinci ayında 5 min manat əlavə vəsait ödəniləcək. Bunun üçün qəzetin baş redaktoru müsabiqəyə müraciət ərizəsində qəzetinin eyniadlı veb-saytını əsaslı yeniləmək niyyətini ifadə etməlidir.

Agentliyin maliyyə yardımının qarşılığında redaksiyalar hər nömrədə ən azı 500 sözdən ibarət məqalənin dərc olunmasını təmin etməlidirlər.

Qeyd edək ki, şərtlərə görə maliyyə yardımı göstərilən dövr ərzində qəzetin eyniadlı veb-saytının işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə vebsaytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.

Bu şərt də jurnaistlərin sosial müdafiəsinin gücləndirilməsi baxımdan əhəmiyyətlidir. Çünki əksər redaksiyalarda rəsmi maaşlar maliyyə problemlərinə görə az göstərilir, yaxud 600 manatdan az ödənilir. Məcburi limitin göstərilməsi jurnalistlərin bir sıra sosial hüquqlarının genişləndirilməsinə şərait yaradacaq.

Agentliyin çap mediasının abunə yolu ilə yayımının genişləndirilməsi üçün həvəsləndirici vəsait nəzərdə tutması da müsbət addımdır. Belə ki, maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət hər əlavə 500 abunəsi üçün aylıq 200 manat, hər əlavə 1000 abunəsi üçün isə aylıq 400 manat məbləğində bonusun verilməsi nəzərdə tutulur.

Medianın İnkişafı Agentliyinin onlayn mediaya dəstək layihəsinə gəlincə, bu, Azərbaycan təcrübəsində ilk hadisədir. Müsabiqədə ictimai-siyasi məzmunlu xəbərlər dərc edən onlayn media subyektləri, idman xəbərləri dərc edən onlayn veb-saytlar iştirak edə bilər. Saytlar qarşısında qoyulan əsas tələblər ofisinin, kompüter avadanlıqlarının və ən azı bir nəfər baş redaktor, bir nəfər müxbir, bir nəfər texniki işçi olmaqla, üç nəfərdən ibarət heyətinin olmasından ibarətdir. Bundan başqa redaksiyalar hər ayın ən azı 20 günü gündəlik ən azı 20 informasiya dərc etməlidir. Bura rəsmi qurumların press-relizləri, agentliklərin yaydıqları məlumatlar daxil deyil.

Tələb olunan sənədlərin sayı isə bu yardıma ümid edən çoxsaylı saytların ümidlərinin puça çıxdığını göstərir. Belə ki, saytlar:

– mütləq vergi ödəyicisi olmalı;

– bank rekvizitlərini əks etdirən sənəd;

– minimum işçi sayı tələbinə cavab verdiyini təsdiq edən əmək müqaviləsi bildirişləri;

– fəaliyyət göstərdiyi ofis sahəsinin onun istifadəsində olmasını təsdiq edən sənədin surəti;

– veb-saytının google analytics hesabına yazılı giriş icazəsi verməlidirlər.

Qeyd edək ki, informasiya məkanında olan media qurumlarının əhəmiyyətli hissəsi bu şərtləri yerinə yetirmək iqtidarında deyil.

Qiymətləndirmə isə saytların müsabiqəyə müraciət etdikləri günədək son 3 aylıq dövr ərzində hər ay üzrə ən yuxarı göstəricili 5 xəbər məzmunlu veb-səhifəsi üzrə aparılır. Bu işin Agentlik tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Maliyyə yardımının məbləğinə gəlincə, bu o qədər böyük məbləğ deyil – cəmi 3 min manatdan söhbət gedir. Yəni vəsaitin miqdarı hədsiz azdır, bu məbləğ, əlbəttə, hər bir resurs üçün dəstəkdir, amma dövlətin imkanları və real tələb qarşısında cüzidir, simvolikdir. 3 min manat yardımla onlayn mediadan ciddi inkişaf gözləmək sadəlövhlük olar. Ümumiyyətlə, Agentliyin bu dəstək layihəsi onlayn medianın inkişafına ciddi təkan vermək niyyətini şübhə altına salır. Bu, irəli sürülən şərtlərdə özünü açıq göstərir.

Əvvəla, artıq qeyd etdiyimiz kimi, onlayn mediaya maliyyə yardımı demək olar ki, simvolik məbləğ təşkil edir.

İkincisi, şərtlərdən belə görünür ki, Agentlik cəmi 1 müxbiri olan saytı ciddi media kimi tanımağa, ona legitimlik qazandırmağa hazırdır. Eyni zamanda isə, 1 müxbiri olan saytın qarşısına gündəlik ən azı 20 özəl material hazırlamaq kimi absurd öhdəlik qoyur.

Üçüncüsü, layihədə biri texniki işçi olmaqla, cəmi 3 nəfərlə xəbər saytı kimi fəaliyyət göstərməyin mümkünlüyü təsdiq olunmaqla, onlayn medianın qeyri-ciddi obrazı formalaşdırılır və hətta 3 min manatın maaşlar paylanandan sonrakı hissəsinin necə istifadə olunmasına dair də təlimat verilir. Belə qeyri-ciddi münasibət yaxın gələcəkdə ciddi söz-söhbətlərə, narazılıqlara yol açacaq, onsuz da başıpozuqluğun, xaosun hökm sürdüyü, sayı-hesabı bilinməyən “saytların” boy göstərdiyi onlayn mediada yeni “saytaçma yarışını” təşviq edəcək. Yəni həmişə olduğu kimi, keyfiyyət yox, kəmiyyət məsələsi aktuallıq qazanacaq.

Bütün bunlara baxmayaraq, dövlətin, nəhayət, çoxdan tarixə çevrilmiş çap mediası ilə yanaşı onlayn medianı tanımağa, qəbul etməyə və ona dəstək göstərməyə başlaması müsbət hadisədir. (AzPolitika.info)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin