“Od tutub yanan” kirayə bazarı: “”Göydələn” yataqxanalar tikilsə…” – Ekspert danışır

0
1410

Kirayə mənzil bazarında qiymət artımı müşahidə edilir.

Xüsusilə, avqustun sonlarından etibarən, metro stansiyalarına və ya mərkəzə yaxın ərazilərdə yerləşən mənzil qiymətlərində bu artımı görmək mümkündür.

Bu səbəbdən Azərbaycanın müxtəlif bölgələrində yaşayan və təhsil üçün Bakıya gələn tələbələr çətinlik yaşayır. Dia.az-ın məlumatına görə, daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya açıqlamasında deyib ki, qiymət artımı var və yaxın müddətdə enməsi gözlənilmir:

“Artıq 2016-cı ildən Nazirlər Kabinetinin qərarı ilə pilot layihələr başlayıb. Köhnə binalar sökülür, yerində hündürmərtəbəli binalar tikilir. Binalar söküləndə artıq həmin mənzillər kirayə mənzil bazarından çıxır. Başqa bir tərəfdən, həmin mənzildə yaşayanların özləri kirayə çıxmaq məcburiyyətində qalırlar. Xüsusilə, Yasamal rayonu ərazisində çox sayda binalar sökülüb və həmin ərazilər də tələbələrin daha çox yaşadığı ərazilərdir. Orada tələbə əvvəlcə 100 manata kirayə tapırdısa, bu gün həmin ərazidə tikilən mənzillərin qiyməti 500 manatdan başlayır. Bu səbəbdən də qiymətlər artır”.

Ekspertin fikrincə, buna səbəb odur ki, paytaxtda 11 minədək istismar müddətini bitirmiş bina var və onlar sökülməlidir:

“Sökülüb yerinə yeni bina tikildikdə isə avtomatik olaraq, onların qiyməti 2 dəfə artır. O baxımdan, tələbələrin yeganə həll yolu budur ki, tələbə yataqxanaları tikilsin. Hansı ki, bir müddətə qədər məcburi köçkünlər yaşayırdı, artıq dövlət onları yeni mənzillərlə təmin edib. Amma köçkünlərə verilən mənzillər də yaşayış üçün yararlı deyil. Həmin binaları söküb yerində hündürmərtəbəli yataqxanalar tikilsə, problem həll olunar”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin