“O NAMİZƏDLƏRİN ÜSTÜNDƏN XƏTT ÇƏKİLƏCƏK” – Məzahir Pənahov

0
159

1374 nəfərin adı seçki bülletenlərinə daxil ediləcək

9 fevral parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi davam edir. Deputatlığa namizədlərin təbliğat-təşviqatı üçün 10 gün vaxt qalıb. Seçki Məcəlləsinin tələbinə görə, səsverməyə 24 saat qalmış təbliğat-təşviqat dayandırılmalıdır. Bu isə o deməkdir ki, namizədlərin təbliğat-təşviqat kampaniyası fevralın 8-də səhər saat 8-də dayandırılacaq.

Deputatlığa namizədlərin sayında isə azalma müşahidə olunur. Milli Məclisə seçkilərdə iştirak etmək üçün ümumilikdə 1637 namizəd qeydə alınmışdı. Artıq onlardan 263-ü namizədliyini geri götürüb. Hazırda deputatlığa namizədlərin sayı 1374 nəfərdir.

Seçki bülletenlərinə 1374 nəfərin adı qeyd ediləcək. Ən çox namizədin olduğu dairə 16 saylı Yasamal ikinci seçki dairəsidir (26 nəfər). Ən az namizədin olduğu dairə isə 1 saylı Şərur-Sədərək seçki dairəsidir (3 nəfər).

Milli Məclis Aparatının mətbəəsində seçki bülletenlərinin çapına isə yanvarın 27-dən başlanıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və komissiya üzvləri bu məqsədlə Milli Məclisin mətbəəsində keçirilən tədbirdə iştirak ediblər.

Mətbəədə yaradılan şərait və proseslə yaxından tanış olan sədr Məzahir Pənahov seçki bülletenlərinin çapı və aşağı seçki komissiyalarına verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsi üçün öz tövsiyələrini verib.

MSK sədri bildirib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib: “125 dairə üzrə ümumilikdə 5 milyon 387 min 600 ədəd bülleten çap olunacaq. Seçki bülletenlərinin çapına deputatlığa namizədlərin birmənalı müəyyənləşdiyi (şikayətlərə baxılma prosesinin başa çatdığı) dairələr üzrə başlanıb. Seçki Məcəlləsinə uyğun olaraq bülletenlərin çap prosesi seçki gününə 10 gün qalmış, yəni yanvarın 30-dək yekunlaşacaq”.

Seçki bülletenlərinin çap olunması prosesinin mühafizəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.

Xatırladaq ki, Seçki Məcəlləsinin 99.4-cü maddəsinə əsasən, MSK-nın qərarı ilə müvafiq poliqrafiya müəssisəsi səsvermə gününə ən azı 10 gün qalanadək seçki bülletenlərinin hazırlanmasını təmin etməlidir.

Seçki bülletenlərinin MSK-dan dairə seçki komissiyalarına verilməsi fevralın 4-dək, dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi fevralın 6-dək başa çatmalıdır.

MSK sədri Məzahir Pənahov bildirib ki, seçki bülletenləri öncə Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə, sonra Azərbaycanın digər ucqar rayonlarındakı dairələrə, ən sonda isə Sumqayıt, Abşeron və Bakıdakı seçki dairələrinə paylanacaq.

Bülletenlərin çap olunması deputatlığa namizədliyini geri götürən şəxslərin adlarının necə olacağı məsələsini ortaya çıxarır.

MSK sədri Məzahir Pənahov bildirib ki, hansısa namizəd seçki bülletenləri çap olunana qədər mübarizəni dayandırsa, imkan tapsaq, namizədin adını bülletendən çıxaracağıq. Əgər namizədin adı seçki bülletenindən çıxarılmasa, bülletenin çapından sonra seçkidən çəkilən namizədlərin adının üstündən Seçki Məcəlləsinin tələbinə görə, xətt çəkiləcək.

Ədliyyə Naziri yanındakı İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Səadət Bənəniyarlı isə secki-2020.az saytına deyib ki, ölkədə müşahidə olunan seçkiöncəsi mühit normaldır: “Seçkiyə hazırlıq prosesi normal şəkildə davam edir. İndiyə qədər ciddi pozuntularla bağlı müraciətlər qeydə alınmayıb. Mövcud Seçki Məcəlləsi də seçkiləri beynəlxalq prinsiplərə uyğun keçirməyə imkan verir”.

Hüquq müdafiəçisi həmçinin bildirib ki, Azərbaycanda cəzaçəkmə müəssisələrində də seçki prosesinin qanunvericiliyə uyğun həyata keçirilməsi təcrübəsi formalaşıb. Məhkumların seçki hüququndan istifadə etməsi qanunvericiliyə uyğun təşkil olunur: “Cəzaçəkmə müəssisələrində seçki gününə 5 gün qalmış seçki məntəqələri yaradılır. Biz İctimai Komitənin üzvləri ilə seçki günü cəzaçəkmə müəssisələrində seçki prosesini izləyirik. Məhkumlar sərbəst şəkildə öz seçki hüquqlarından istifadə edirlər”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin