“Nüşabə Ələsgərlinin xarabasına niyə mən unitaz qoydurmalıyam?”

0
1865

“Kirayə ilə bağlı yaşadığım problemlərdən yazası olsam, 10 ədəd kitab yazaram”.

Bunu yazar, tərcüməçi Sevil Gültən deyir. Sevil Gültəni bəlkə də əksər insanlar daha çox qarşılaşdığı kirayə mənzil problemlərinə görə tanıyır. Çünki tərcüməçi xanım sosial şəbəkələrdə tez-tez kirayə mənzillə bağlı başına gələn problemlərdən bəhs edir.

2003-cü ildən bu günə kimi kirayə qaldığı evlərdə yaşadığı problemlərə görə yetərincə başı ağrıyan  S.Gültən ümid edir ki, nə zamansa onun da arzuları çin olacaq, kirayələrdən canı qurtaracaq.

Sevil Gültənin həyat yoldaşı vəfat edib, 2003-cü ildə Bakıya gələrək iki qızı ilə birlikdə yaşamağa başlayıb. Həm qızlarını böyüdür, həm işləyir, yaradıcılıqla məşğul olur, tərcümələr edir, həm də kirayə mənzil verənlərlə “vuruşur”. Bu 14 il müddətində nə az, nə çox, düz 14 ev dəyişib. Hətta qaldığı evlər arasında tanınmış müğənni Nüşabə Ələsgərlinin “Sevil” kinoteatrının yaxınlığında yerləşən mənzili də olub. Təəssüf ki, kirayə qaldığı mənzillərin heç birində yaşayış üçün normal şərtlərlə qarşılaşmayıb. Çox vaxt həmin mənzilləri öz hesabına “abıra salmaq” məcburiyyətində qalıb:

“Nüşabənin xarabasına belə unitaz qoydurmağa məcbur olmuşam. Yoldaşına dedim ki, ay insan, sənin xarabana mən niyə unitaz qoydurmalıyam? Nüşabənin xarabasındakı unitazı usta ilə birlikdə 5-ci mərtəbədən aşağı düşürmüşəm. Allaha and olsun, iyrənə-iyrənə, əlacı kəsilmiş vəziyyətdə, bütün bədənim səpə-səpə aparıb zibilliyə atmışam. Ümumiyyətlə, heç inanmırdım ki, o unitaz düzələ bilər. Niyə mən kirayə qaldığım mənzildə, özgənin unitazını düzəltdirməliyəm? Nüşabənin ərinə, oğluna nə gəlib?

Lakin problemlərim bununla da bitmədi. Nüşabənin evindən çıxıb başqa bir evi kirayələdim. Həmin binanın ətrafını elə bir üfunət iyi bürümüşdü ki, yaşamaq mümkün olmurdu. Dəfələrlə səsimi çıxarmağıma, əlaqədar qurumlara şikayət etməyimə baxmayaraq, dediklərim havada qaldı. Sonra müəyyən etdim ki, gələn bu üfunət iyinin səbəbi kanalizasiyadan deyil, yaxınlıqda yerləşən quşçuluq ferması imiş. Fermadan çıxan bütün tullantılar və onlardan çıxan qoxular ətraf ərazilərə yayılır. Yenə də şikayət etdim, amma cavabdeh qurumlar görməzlikdən gəldi”.

Sevil Gültənin hazırda qarşılaşdığı problem isə lap dəhşətlidir. Belə ki, xanım hazırda Binəqədidə heç bir ay deyil  kirayə yaşadığı evin əvvəllər əxlaqsızlıq yuvası olduğunu müəyyənləşdirib. Özü də polislərin dilindən… Aylıq kirayə haqqını ödəyən qadını ev sahibəsi elə səhəri gün evdən çıxarmağa çalışıb. Deyib ki, evi satıram. Bundan əsəbləşən yazar polisə şikayət edib. Polis də “Yaxşısı budur ki, evi tərk edin, çünki qaldığınız ev əxlaqsızlıq yuvası kimi qeydə alınıb” deyərək qadının əsəblərini daha da coşdurub.

“Bütün şikayətlərimi maklerə etsəm də, heç bir faydası olmadı. Məhkəməyə müraciət etməyə isə maddi imkanım yoxdur. Polis də bunu deyəndən sonra tək yaşayıb balasını da, özünü də dolandırmağa çalışan, qazandığının yarısını kirayə evlərdə qarşılaşdığı problemlərin həlli üçün sərf edən bir qadın indi neyləsin?”

Kirayədə yaşadığı müddətdə başı çox bəlalar çəkən Sevil xanım deyir: “Son vaxtlar özümü insan hesab etmirəm. Evim yoxdursa, mən azad deyiləm. Təklif edirəm ki, kirayə qalan insanlar üçün 5 bina tikilsin və onların istifadəsinə verilsin. Razıyam, həmin evlərdə qalım, bütün şərtlərə əməl edim, lakin hüquqlarım da qorunsun, zülmlə qazandığım pulla kimlərinsə evini təmir etməyim, zir-zibilini yığışdırmayım, məni aldatmasınlar”.

Sevil xanım başqa bir təklifi ilə də bəzi iş adamlarına nümunə göstərmiş oldu. Deyir ki, yeni bikilən binalar aylarla, illərlə boş qalır: “Nə olar ki, həmin evləri bizim kimilərə versinlər, biz də kirayənişin kimi içərisində yaşaya-yaşaya qazaqncımıza uyğun haqqı ödəyək və ev sahibi olaq. Sosial evlər kimi…”.

Sevil Gültənin irəli sürdüyü təklif və yaşdığı problemlər bağlı “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovla əlqə saxladıq. Ekspert deyir ki, bu məsələlərdə həmişə tərəflər arasında imzalanan müqavilə başlıca rol oynayır:  

“Tərəflər arasında mütləq müqavilə bağlanmalıdır. Müqavilədə tərəflərin tələb və öhdəlikləri göstərilir. Müqavilə bağlayarkən öz öhdəliklərini və vəzifələrini orada göstərsinlər ki, sabah bir problem olanda öz hüquqlarını müdafiə edə bilsinlər. Bu, mülkü və mənzil məcəlləsi ilə tənzimlənir. Əgər kirayə qalacağı evin sahibi müqavilə bağlamırsa, o evə getməsinlər.

Sevil xanımın təkliflərinə gəldikdə isə, “qanunvercilikdə elə evlər var. Kirayə məqsədli sosial evlər deyirlər. Yəni qanunvericilikdə elə evlər var. Amma təəssüf ki, bizdə o bazar hələ ki, işləmir. Yəqin ki, yaxın gələcəkdə işləyər.

Kirayə yaşayanlar üçün də bina tikilə bilər. Amma dövlət etmir axı, atıb investorların üstünə. İnvestorlar da bunda maraqlı deyillər. Yəqin ki, bazar inkişaf edəndən sonra bu sahəyə tələb yaranacaq və ondan sonra investorlar bu sahədə müəyyən işlər görərlər. Amma baxmayaraq ki, qanunda bu nəzərdə tutulub, hökumət bu layihəni dəstəkləyir, amma investorlar maraq göstərmirlər”.

Kirayədə yaşadığı problemlər Sevil xanıma o qədər təsir edib ki, o, ürək sözlərini nəsrə çevirib. Onun belə təsirli şeirlərindən birini təqdim edirik:

Kirayədə yaşamaq- özgənin evində gecələməkdir, səhəri öz evində qarşılamamaqdır.

Kirayədə yaşamaq- başqasının aldığı stol arxasında nahar etməkdir.

Daimi qonşunun olmamasıdır kirayədə yaşamaq.

Ev telefonunun nömrəsini unutmaq, işıq pulunu, qaz pulunu poçtda ödəyəndə yaşadığın ünvanı güclə yada salmaqdır…

Kirayədə yaşamaq- kirayə pulunu verəndən sonra övladlarına yol pulu üçün verdiyin qəpikləri geri alıb …çörək almaqdır…

Kirayədə yaşamaq qazandığını ev sahibinə verib…aylarla diş ağrısına dözməkdir…

Kirayədə yaşamaq avtobusla yol gedəndə yolda satılan tikinti materiallarına baxıb göyün yeddinci qatında o materallardan özünə ev tikməkdir…

Problemlər içində ömür çürütməkdir kirayədə yaşamaq…

Kirayədə yaşamaq- yaşayıram deyib Allahı aldatmaqdır…

Firuzə Alimova / A24.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin