“Naməlum qüvvələr” tərəfindən hasarlanan Buzovna çimərliyi, bir-birini günahlandıran iki qurum – Kimdir günahkar?…

0
317
Çimərlik mövsümünün başlaması ilə yenidən Xəzər sahili ərazilərin hasarlanması problemi aktuallaşıb. Yayın qızmarında dəniz kənarında dincəlmək imkanından məhrum olan insanlar bu dəfə Buzovna çimərliyində sahilin kilometrlərlə dəmir hasara alınmasından şikayətlənib.
Çimərliyin dəmirlə hasarlanması insanların böyük problemlə üzləşməsinə səbəb olub. Beləki, çimərliyə daxil olmaq üçün vətəndaşlar 1-2 kilometr yol qət etməlidirlər.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən Ednews-a verilən açıqlamada həmin ərazinin Xəzər rayon İcra Hakimiyyətinin səlahiyyətində olduğu bildirilib. Xəzər rayon İcra Hakimiyyəti isə məsələ ilə bağlı məlumatlı olduqlarını desələr də, onların cavabları müəmmalı qalır. Çünki qurum bildirir ki, həmin ərazinin hasara alınması üçün icazə verilməyib.
İcazəsiz sahil necə hasarlana bilər?..
Çimərliyin kim tərəfindən hasarlanması hələ də naməlum olaraq qalır. Göründüyü kimi işdə məsul olan qurumlar hələ də işi bir-birlərinin boynuna atmaqla məşğuldurlar.
Hasarlanmada hansısa bir qurumun məlumatının olmaması mümkünsüzdür…
Əmlak məsələləri üzrə ekspert  Elnur Fərzəliyev Ednews-a açıqlaması zamanı bildirib ki, hər hansı tikinti işlərinin aparılması üçün icra hakimiyyəti, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və yaxud İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti bu məsələyə qarışmalıdır.
“Bu hasarlanma barədə hər hansı bir qurumun məlumatının olmaması mümkünsüzdür. Hətta kiçik bir tikinti işi aparanda, daşı daş üstə qoyanda belə oranın nümayəndələri həmin əraziyə gəlib çıxa bilirlər. Tikinti aparılması üçün bütün qaydalar dəyişib, rəsmi surətdə icazə alınmalı, layihə təsdiq olunmalıdır. Məsələn çimərliklərdə aidiyyatı qurumlardan rəsmi icazə alıb mövsümi olaraq insanların istirahəti üçün konstruksiya işləri görülür”.
Ekspertin sözlərinə görə, Xəzər dənizi sahilinin böyük bir hissəsi dəmir və ya daş hasara alınıb və bu qeyri-qanunidir.
“Çünki dənizdən müəyyən məsafə olmalıdır, yoxsa sənəd verilə bilməz. Azərbaycana gələn turistlərin böyük əksəriyyəti əvvəlki illərdə daha çox dənizə görə gəlirdilər. Dəniz sahilinin əksər hissəsinin çirklənməsi, hasarlanması buna mane olur. Çimərliyə daxil olmaq mümkün olmadığı üçün burada kirayə almaq istəyən insanlar da fikirlərini dəyişirlər”.
Mövzu ilə bağlı Ednews-a açıqlamasında millət vəkili Razi Nurullayev bildirib ki, dənizin hasarlaması ilə bağlı mövqeyi qətidir.
“Dənizi hasarlamaq olmaz, hər bir vətəndaş dənizə çıxış əldə etməlidir. Buna maneçilik törədən hasarlar sökülməlidir, yaxud ən azından 100 metrdən bir keçid olmalıdır ki, dənizə çıxış əldə etsin. Bilgəh çimərliyinə müəyyən hasarlar söküldü və insanlara şərait yaradıldı. Bu yaxşı xəbərdir”.
Deputat qeyd edib ki, Buzovna çimərliyində dəmirdən hörülmüş uzun hasar barədə məlumatı var.
“Buna qədər də daşdan çəkilmiş hasar var. Yaxşı ki, bu dəfə tikinti daşları hörməyiblər, yoxsa dənizin görüntüsü bağlanacaqdı. Yəqin ki, həmin ərazi satılıb və orada otel, biznes yaxud turizm mərkəzi olacaq. Ümumiyyətlə dənizin kənarında turizm mərkəzləri yaradılmalıdır. Hasar da bunun üçün çəkilibsə, bunu alqışlamaq olar. Amma yaxşı olardı ki, müəyyən yerlərində dənizə keçid üçün çıxışlar qoyulardı, kilometrlərlə hasar çəkilib, heç bir çıxış da yoxdur. Hazırda heç bir tikini də getmir. Vətəndaşların piyada keçidi və maşın yolu üçün keçid qoyulsaydı sosial narazılıq yaranmazdı”.
Qanunla 20-50 metr zolaqda hər hansı tikintinin aparılması üçün xüsusi razılıq olmalıdır. Dəniz sahilinin hasarlama və ya digər üsullarla bağlanılması yolverilməzdir. Hasarlama işləri yalnız qəfəsəli olmaqla uzunluğu 200 metrdən artıq olmamalıdır və hər 200 metrdən sonra dəniz sahilinə 6 metr enində gediş-gəliş yolu saxlanılmalıdır.
Qeyd edilməlidir ki, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağına aid olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə vəzifəli şəxslər 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.
Gülnar Səlimova

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin