NƏ BAŞ VERİR: Brüsseldən əvvəl Moskva görüşü… – İNCƏLƏMƏ…

0
56

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Ermənistan və Azərbaycan liderləri ilə regionda yaranmış vəziyyətə dair telefonla danışıqlar apardıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan dekabrın 15-də Brüsseldə Aİ-nin “Şərq Tərəfdaşlığı” sammitində görüşməyə razılaşıblar.

Rusiya sərhədlərin müəyyənləşməsi ilə bağlı hər iki tərəfi güzəştlərə çağıraraq, vasitəçilik missiyasını yenə də təkbaşına üzərinə götürdükdən-Prezident Vladimir Putinin “Valday” klubundakı çıxışında sərhədlə bağlı xəritənin Rusiya Baş Qərargahında olduğunu bəyan etməsindən sonra proses sanki qəfil tormozlandı. Moskvada üçtərəfli görüşlə bağlı noyabrın ilk ongünlüyündə gözlənilən görüş heç bir tutarlı səbəb göstərilmədən ertələndi. “Soros uşaqları”ndan olan yeni müdafiə nazirinin təyinatı ilə sərhəddə gərginlik qarşıdurma səviyyəsini aşdı, ağır silahlar işə düşdü. Bundan sonra isə Aİ-nin vasitəçiliyi ilə görüş razılaşdırıldı. Müşahidələrə görə, Paşinyan danışıqlar prosesinin Rusiyanın inhisarından çıxmasında maraqlıdır. O, danışıqları Rusiya formatından çıxarmağa və ATƏT Minsk Qrupuna daşımağa, Rusiya və Türkiyənin rolunu azaltmağa və vaxt qazanmağa çalışır.

Ermənistan mediası Putin-Əliyev-Paşinyan görüşünün noyabrın 26-da Soçidə keçiriləcəyini iddia edirdi ki, noyabrın 23-də bu xəbər rəsmən təsdiqləndi.

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra proseslərə təsir edən tək işlək format üçtərəfli razılaşmadır. Rusiya da bu üçtərəfli razılaşmada de-yure tək, de-fakto isə iki qarant ölkədən biridir. Proseslər Azərbaycan-Türkiyə, Rusiya- Ermənistan mövqelərinin ətrafında müzakirə olunur, həlli yolları tapılmağa cəhd edilir: “Yəni nəzəri olaraq hətta fikirləşsək ki, ATƏT-in Minsk Qrupu bir formada sərhəd və delimitasiya-demarkasiya məsələlərinə cəlb olunur, bu format yararsız, işlək olmayan bir format olacaq. Necə ki, 30 il ərzində nizamlanma missiyası heç nəyə yaramadı, eləcə də bu format da heç nəyə yaramayacaq. Bu, Ermənistana və şəxsən baş nazir Nikol Paşınyana zaman qazandıracaq. Digər tərəfdən, sərhəddə gərginlik həm də Azərbaycan tərəfinin rəsmi təbliğatının sındırılmasına hesablanıb. Çünki 44 günlük Vətən müharibəsindən sonra regionda maraqlı dairələr bölgədə dəyişikliklər, yeniliklər, ümumiyyətlə, bölgənin gələcəyi ilə bağlı ancaq və ancaq Azərbaycan Prezidentinin nitqindən səslənən mesajlara inanır və etibar edirlər. Bu, Ermənistanın özündə də belədir, cəmiyyət baş verənlərlə bağlı Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərə inanır, bu fikirləri arqument olaraq hökumət qarşısında səsləndirir və s. Bir sözlə, Cənubi Qafqazla bağlı fikir formalaşdırılmasında əsas sima Azərbaycan Prezidentidir”.

Ekspertin fikrincə, Brüsseldə Prezident Əliyev və Paşinyanın görüşündən böyük nəticə gözləməyə dəyməz: “Bu görüşü, sadəcə, Avropa İttifaqı ”Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində bu proqramın iki üzv dövlət rəhbərlərinin görüşü kimi qəbul etməliyik. Amma bu görüş Azərbaycan və Ermənistandan çox Avropa İttifaqına görüntü üçün vacibdir. Aİ növbəti dəfə bir qlobal oyunçu statusunu təsdiqləməyə, Cənubi Qafqazdakı proseslərə təsir imkanlarını tam itirmədiyini, bu imkanların hələ də mövcud olması görüntüsünü verməyə çalışır. “Rusiya Avropa İttifaqını qabaqlayaraq tərəflər arasında konstruktiv sənəd imzalanmasına nail ola bilərmi” sualına gəlsək, onu qeyd edim ki, belə bir sənədi ancaq və ancaq Rusiyanın nüfuz və təsiri ilə imzalamaq mümkün olacaq.

Aİ-nin lider ölkələrinin, ümumiyyətlə, Aİ-nin bir siyasi təsisat olaraq Cənubi Qafqazdakı proseslərə ciddi təsir mexanizmi mövcud deyil. Proseslərə təsir mexanizmi mövcud olmayan Aİ Azərbaycan və Ermənistan arasında konstruktiv sənədin imzalanmasına necə nail ola bilər? Hansı şərtlərlə, hansı alətlərlə? Müsbət cavab vermək mümkün deyil.

Əgər Aİ Ermənistana kredit-qrant formasında hədiyyə etdiyi 2,6 milyard, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində 1,6 milyard maliyyə ayırmaqla təsir rıçaqlarını formalaşdırdığını düşünürsə, çox yanılır, çünki bu belə deyil.

Azərbaycana gəlsək, 44 günlük Vətən müharibəsində davranışlarına görə Aİ ilə Azərbaycan arasında dəyişən məqamlar var və Aİ Ermənistanın könlünü almağa çalışdığı kimi eyni yanaşmanı Azərbaycana da sərgiləməli və Azərbaycanla münasibətlərdə 44 günlük Vətən müharibəsi zamanı ədalətsiz mövqeyini kompensasiya etməlidir”.

Təxribatlar ehtimalına gəlincə, Y.Hacıyeva hesab edir ki, delimitasiya və demarkasiya prosesləri bitməyənə qədər bu prosesin əhatə etdiyi sərhədin müxtəlif yerlərində təxribatlar olacaq.
“Yeni Müsavat”

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin