Müstəqillik və Zəfər Günü ilə əlaqədar əfv ola bilər – AKTUAL

0
102

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov təcridxanalarda dustaqların sıxlığı səbəbi ilə koronavirusdan ölənlərlə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, cəzasının bitməsinə 1 il, il yarım qalmış yaşlı, xəstə məhkumları azad etməklə bu durumu bir qədər dəyişmək olar. “Cəzaçəkmə” yerlərində dezinfeksiya işlərini bir qədər də gücləndirmək lazımdır, personalın peyvəndlənməsi işi ən ciddi şəkildə aparılmalıdır. Həbsə alınanların peyvəndlənməsi işi də təşkil olunmalıdır”, – deyə o qeyd edib.

Xatırladaq ki, qarşıda 18 oktyabr Milli Müstəqillik Gününün 30-cu ildönümü və 8 Noyabr Zəfər Günü gəlir. Bəs bu günlərlə əlaqədar əfv verilə bilərmi, mümkündürmü?

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Hesab edirəm ki, 18 oktyabr Milli Müstəqillik Gününün 30-cu ildönümü ərəfəsində əfv verilə bilər. Çünki həm Müstəqillik Gününün 30-cu ildönümü yubiley tarixidir, həm də koronavirusun törətdiyi təhlükə nəzərə alınmalıdır. Xüsusən də təhlükə yaratmayan, həbs müddətinin bitməsinə 1 il, il yarım qalan məhbusların azad edilməsi istiqamətdə təşəbbüs qaldırmaq olar. Lakin düşünürəm ki, 18 Oktyabra qədər bu məsələni çatdırmaq mümkün olmayacaq, çünki gərək əvvəldən işlər aparılmalı idi. Lakin bunun dəxli yoxdur, elə koronavirusu önəm götürüb, məsələyə fərdi qaydada yanaşaraq Ədliyyə Nazirliyi araşdırma apara bilər və məqsədəuyğun şəxsləri siyahıya daxil edə bilər. Məlum olduğu kimi bu istiqamətdə istənilən şəkildə əfv səlahiyyəti Prezidentin şəxsən özünə məxsusdur və bunu edə bilər”.

Fazil Mustafa qeyd edib ki, həbsxanalarda peyvəndləmə prosesi çox vacibdir: “Peyvəndlənməni elə birinci növbədə həbsxanada aparmaq lazımdır. Çünki azad insanlar rahat gəzib özünü qoruya, xəstələnəndə dərman ala bilirlər. Lakin məhbusların buna imkanı yoxdur. Ona görə də məhbusların peyvəndlənmə məsələsinə ən ciddi şəkildə yanaşılmalıdır. Həmçinin bu barədə cəmiyyətə də məlumat verilməlidir. Lakin məlumat azlığı var və bir sıra adamlar elə düşünür ki, kimlərsə dünyanı dəyişirsə bu baxımsızlıqdan baş verir. Bu anlayışı ortadan qaldırmalıyıq”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qeyd edib ki, müəyyən məhbusların əfv olunması ilə bağlı artıq Prezidentə məktub hazırlanır: “Həm Zəfər Günü, həm də Müstəqillik Günümüzün yubileyi ilə əlaqədar əfvin verilməsi mümkündür. Qeyd edim ki, onların içərisində 1-ci müharibədə iştirak edənlər var, hətta məhbusluq müddəti çox olsa belə əksəriyyətini azad etmək olar. Beləliklə, həm özəl günlər, həm də pandemiyanın yaratdığı təhlükə, həbsxanaların qismən boşalması məsələsini qabardaraq, bu cür addım atmaq olar. Əlbəttə ki, caniləri deyil, siyasi motivlə həbs olunanları və yaxud cəmiyyət üçün təhlükəli olmayanları nəzərdə tuturam.

Məlumat üçün bildirim ki, bununla əlaqədar olaraq Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu adından artıq Prezidentə bir məktub da hazırlayırıq. Hesab edirəm ki, bu gün hökumət tərəfindən nə qədər yumşalmalara gedilsə, insanlara münasibət dəyişsə bir o qədər çox dövlət bundan udur. Həbsxanalarda peyvəndlənmə işinə gəldikdə isə, əlbəttə ki, bu məsələ ilə bağlı həbsxanalarda ciddi işlər görülür. Lakin unutmaq olmaz ki, bir həbsxanada 1-2 məhbusun koronavirus olması bütün məhbuslar üçün təhlükədir. Təsəvvür edin, böyük bir şəhərdə yanımızdan bir xəstə insan keçəndə biz də yoluxa bilirik. Bağlı bir yerdə isə orada olanların hamısı üçün təhlükədir. Beləliklə, hesab edirəm ki, bayram ərəfəsində bu məsləyə çox ciddi yanaşıb, çox şey etmək olar”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin