MÜCİRƏDDİN BEYLƏQANİNİN YURDUNDA İMADƏDDİN NƏSİMİNİN YUBİLEYİ MÜNASİBƏTİLƏ AĞACƏKMƏ KAMPANİYASI BAŞLADI

0
211

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 6 dekabr 2019-cu il tarixində ölkə üzrə bir gündə 650 min ağac əkilir. Respublikanın bütün regionlarını əhatə edən bu nəcib təşəbbüsə şairin doğulduğu Şamaxı şəhərində start verilib. “RealMedia.az” informasiya agentliyinin Beyləqan bürosundan verilən məlumata görə, artıq Beyləqan şəhərində də ağacəkmə kampaniyası başlayıb və rayonun 4 ərazisi üzrə istiqamət götürüb. 10 min ağacın əkiləcəyi kampaniyaya rayonun idarə, müəssisə və təşkilatlarının əmək kollektivləri həvəslə qoşulublar.

Qeyd edək ki, bu təşəbbüs qüdrətli söz ustadının yaradıcılığının özəlliyinə bir daha diqqəti çəkmək cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, həm ətraf mühitin yaşıl zolağının genişləndirilməsi, həm də ekoloji tarazlığın bərpası baxımından əvəzolunmazdır. Biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması istiqamətində atılan ciddi addımlar həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara sadiqliyinin nümunəsidir. Çünki əkiləcək 650 min ağac bütövlükdə regionun ekoloji mühitinə müsbət təsir edəcək.

Təqdirəlayiq haldır ki, mətbuat nümayəndələri bu layihələri işıqlandırmaqla yanaşı, özləri də prosesin fəal iştirakçıları olublar. Beyləqanda keçirilən bu günkü ağacəkmə kampaniyasında həm iştirakçı, həm də müşahidəçi kimi kimi iştirak edən media nümayəndələri iştirakçılarla ünsiyyətdə olub, münasibətlərini öyrəniblər. Jurnalistlərlə təmasda olan əmək kollektivləri, təhsil işçiləri deyiblər ki, Mehriban xanım Əliyevanın irəli sürdüyü humanist təşəbbüs gənc nəslin ekoloji tərbiyəsində xüsusi önəm kəsb edərək, onları Vətənimizin gözəlləşməsi və abadlaşdırılması naminə fəallıq göstərməyə yönəldir. Səhiyyə işçiləri isə tədbirin təbiətə, eləcə də insanların sağlamlıq durumuna müsbət təsir edəcəyini deyiblər.

Hazırki müşahidələrə görə, ictimaiyyətin geniş təbəqəsinin iştirakı ilə keçirilən bu kampaniada faydalı hesab olunur. Azərbaycanda hakim siyasi partiya olan Yeni Azərbaycan Partiyasının üzvləri çoxdur və fəallıq göstərirlər: “Məlum olduğu kimi, 2019-cu il 5 iyul tarixində ətraf mühitin mühafizəsi və ekoloji layihələrin həyata keçirilməsi istiqamətində birgə əməkdaşlıq məqsədi ilə Ekologiya         və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında birgə Fəaliyyət proqramı imzalanmışdır. Proqram ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərdə ictimaiyyətin geniş iştirakı, əhalinin maarifləndirilməsi və məlumatlılığın artırılması, insanlarda təbiətə qarşı humanizm ideyalarının aşılanması məqsədini daşıyır. Proqramın imzalanmasından ötən müddət ərzində artıq sənəddə nəzərdə tutulmuş bir neçə əhəmiyyətli layihə birlikdə həyata keçirilmişdir”.

Media nümayəndələrinin diqqətini çəkən mühüm məqamlardan biri də bu olmuşdur ki, kamapaniyada iştirak edən beyləqanlılar nə vaxtsa böyük mütəfəkkir Mücirəddin Beyləqaninin də xatirəsinə məhz bu cür “yaşıl abidə” salınmasını arzulayıblar.

 

Ramin Məhəmmədoğlu,

RealMedia.az

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin