Müəllim sözü necə yazılır?

0
10045

Bu sualı gənc kimya müəllimi verir!..

Təhsil millətin gələcəyidir! – kəlamını yəqin ki, hər birimiz xatırlayırıq. Təkzibolunmaz həqiqəti hər zaman bizlərə xatırladan bu kəlam Ümummilli Liderimiz Heydər Əliyevə məxsusdur.

Müəllim peşəsinin müqəddəsliyi barədə hər birimiz eşitmişik və bu peşənin müqəddəsliyini hər birimiz lazımi dərəcədə anlayırıq. Müəllim – babaları, ataları, bizləri və bizlərin övladlarının təhsili və cəmiyyət üçün yararlı bir fərd kimi formalaşmalarına məsul olan bir şəxsdir. Sahib olduğu peşə ilə müəllimlər məzun olduqları, məktəbdə fəaliyyətə başladıqları gündən üzərlərinə vətəndaş tərbiyə edib yetişdirmək kimi çox ağır məsuliyyət götürürlər. Bu məsuliyyətin öhdəsindən də layiqincə gəlirlər. Savadlı, özünə və öz peşəsinə hörmətlə yanaşan müəllimlər…

Bir neçə gün əvvəl şahidi olduğum hal məni gənc nəslin təhsilinin necə olacağı barədə çox pessimist əhvali-ruhiyyədə olmağıma səbəb oldu. Dünya şöhrətli, fəxrimiz olan Bakı Dövlət Universitetinin Kimya fakültəsinin məzunu olduğunu bildirən gənc müəllimə xanım işə düzəlmək üçün şəxsi məlumat formasını doldurarkən hamının təəccüb və təəssüfünə səbəb olan bir sual verdi – Müəllim sözü necə yazılır? Doğrusu, bu sualı ilə gənc xanım hamını utandırdı. Utandırdı ona görə yox ki, onun sualına cavab verə biləcək kimsə tapılmadı. Utandırdı ona görə ki, diplomlu kimya müəllimi öz peşəsinin adının necə yazıldığını bilmir.

Bu gün Azərbaycan təhsili inkişaf edir, bütün məktəbəqədər, orta və ali təhsil müəssisələri müasir avadanlıqlar, dərs vəsaitləri ilə təchiz olunub. Bütün bu müasirlik fonunda BDU məzunu olan gənc Kimya müəlliminin sualı nədən xəbər verir? Kimlərinsə bunun hamıya aid olmadığını deyəcək. Məlumdur, qeyd olunan halı bütün məzunlara aid etmirik. Ancaq bir anlığa düşünək – görəsən yazının “qəhrəmanı” olan gənc xanım müəllim kimi məzunlar nə qədərdir? Azərbaycanın neçə məktəbində – Müəllim sözü necə yazılır? – sualını verən kimya, fizika, riyaziyyat və digər fənn müəllimləri bizlərin balalrına dərs verir? Zənnimizcə, bu barədə düşünməyinə dəyər!

Rəşad Məmmədov

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin