MTN məhbusları… (5- ci yazı)

0
1035

 

Oktay Güləliyev,

Hüquq müdafiəçisi

“Azadlıq” qəzetində dərc olunan məqalə dövlətə xəyanət “faktı”-na necə çevrildi (!?)

Fəaliyyətinə xitam verilmiş keçmiş Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi çoxsaylı həbslər içində “vətənə xəyanət” ittihamı ilə həbs olunan və hazırda həbsdə olan xeyli sayda insan var. Bu insanların əksəriyyəti İranın xeyrinə casusluq etməkdə suçlu bilinib.

Həmin şəxslərdən biri Həsənov Samir Mirsahib oğlu 2014-cü ildə keçmiş MTN tərəfindən həbs olunub. Dövlətə xəyanətdə ittiham olunaraq 13 il müddətə azadlıqdan mərhum edilib. Samirin və onun atası Mirsahib Həsənovun bildirdiyinə görə o şərlənib həbs olunub. Vətənə, dövlətə xəyanət etməyib. Samir Həsənov Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin xeyr-duası ilə 1998-ci ildə Misirə oxumağa göndərilib. 2003-cü ilə qədər orda təhsil alıb. Sonra ölkəyə qayıdıb. Dolanışıq dalınca İrana gedib gəlib. Səfərlərinin birində onu İrana aparan Mohsen adlı taksi sürücü Azərbaycanda ABŞ hərbi bazalarının olması və s. bağlı suallar verir. Taksi sürücüsü onu başqa bir şəxslə görüşdürüb İran xüsusi xidmət orqanlarına əməkdaşlıq təklif edir. Samir bildirir ki; “2011-ci ilin aprelin 3-də İrana getdim. Mohsen məni qarşıladı, öz evinə apardı və məni evində 3 nəfərlə tanış etdi. Onlar Mehdi, Əli və Raufi Karimi adlı şəxslər idi. Mehdi başladı mənə sual verməyə, adımı və ailə üzvlərimi haqda soruşdu. Hətta xarici ölkədə qohum-əqrəbamın olub-olmaması barəsində maraqlandı. Sonra mənə sual etdi ki, “sən hərbiyə qirib işləyə bilərsənmi?”, “Hərbi Hissə komandirləri tanıyırsanmı?”, “Onlarla tanışlığın varmı?” Mən çox təəccübləndim. Və mən öz-özümə suallar verdim. Görəsən, bunların nə maddi maraqları var? Axı mən öz doğma Azərbaycanımı heç bir xarici ölkəyə satan deyiləm və həmişə də vətənim Azərbaycanı təmsil etmişəm. Hələ Misirdə təhsil alarkan Hacı Allaşükur Paşazadə ilə konfrasda olarkan vətənim Azərbaycanı təmsil etmişəm.

Söhbət zamanı Mehdidən soruşdum ki, axı bütün bunlar sənin nəyinə gərək? Cavabında mənə dedi ki, Amerikanın Hərbi bazası var. Azərbaycanda sən gərək bizə kömək edəsən ki, Astaranı və Azərbaycan respublikasının əhalisinin həyatlarının qorunması üçün (yəni təhlükəsizliyi üçün – red.) bunun qarşısını alaq. Mən də onların planlarını və məqsədlərini daha yaxşı bilmək üçün özüm də plan qurdum. Onlar dedilər ki, biz səni öyrədərik nə təhər bunları əldə etmək lazımdır. Mehdi mənə Azərbaycan-İsrail əlaqələri və Azərbaycanda dərc olunan qəzetlərin gətirilməsi, sərhəd hissələrində olan hərbçilərlə tanışlıq etməyi və hərbçiyə aid xəritə, yeraltı keçid yerlərini öyrənməyi və dəniz kənarı olan hərbi liman yerlərini onların şəkillərini çəkməyini dedi. Mehdi mənə dedi ki, bizim hər yerdə adamımız var. Hərbi hissələrdə generalımız da var. Mən tərəddüd etsəm də, onlar Amerikanın Hərbi bazasının Azərbaycan Respublikasının ərazisində olduğunu yəqinliklə dedilər.
Sonra Mohsen gəlib bizi götürüb öz ofisinə (taksi icarə verilən) yerə apardı. Rauf mənə Mudafiə Sənayesi nazirinin kompüterindən çıxmış gəbul günləri və Azərbaycana gətirilən xarici təyyarələrin rəngli kserikslərini göstərdi. Həqiqətən mən şok vəziyyətə düşdüm, öz-özümə dedim ki, bu məlumatlar bunların əlinə necə düşüb? Mən soruşdum bu məlumatı Sizə kim verib? Rauf Kərimi gülümsədi və dedi, “görürsən məndə nələr var? Hələ məndə bundan da yaxşı məlumatlar var, qalanlarını sənə sonra göstərərəm – əgər mənimlə məxfi əməkdaşlıq etsən”. Rauf Kərimi mənə Azərbaycan-İsrail əlaqələri və ABŞ-la bağlı Azərbaycanda dərc olunan siyasi qazet və məqalələrı gətirib verməsini istədi və bunun muqabilində mənə pul məvacibi verəcəyini təklif etdi”.

“MTN- nin saytına girib məktub yazdım”

Məndə olan məlumatları MTN-nə necə çatdırmaq, həm də öz təhlükəsizliyimi təmin etmək üçün xeyli düşündüm, çünki Mehdi mənə bildirmişdi ki, mənim hər yerdə adamım var (onun dediyi subut olundu və məni həbs etdilər- red.). Qonşumuzda yaşayan, Sovet dönəmində KQB-də işləyən Rəhmanov Mamed Abdulrəhman oğluna bu barədə dedim. O, mənə Bakıya MTN-ə xəbər etməyimi tövsiyə etdi. Bakıya gəlib MTN-ə necə xəbər etməyimin yolunu öyrənmək ücün tanıdığım və inandığım “Dəfnə” gözəllik salonunun təsiscisi Vəfa xanıma bildirdim. Vəfa xanım dedi ki, MTN-nin saytına girib məktub yaz ki, “sizə deyiləsi məxfi sözüm var və telefonunu yaz”. Vəfa xanımın məsləhəti ilə onun dediyi kimi MTN-nin saytına girib onlara məktub yazdım və istifadəmdə olan 050-355-18-08 nömrəsini də qeyd etdim (ətraflı burda; http://www.azadliq.info/97511.html).

Məktubu göndərdikdən dərhal sonra mənim telefonuma zəng gəldi və MTN-ə gəlməyimi bildirdilər. Mən MTN-ə gəldim, məni 2-ci mərtəbəyə apardılar. MTN-nin əməkdaşı məndən yazılı şəkildə izahat verməyimi istədi. Mən də bütün olanları Eldar Mahmudovun adına ərizə şəklində yazdım. Üstündən bir il keçdi. 1 il sonra məni təkrar MTN-ə cağırdılar yenidən izahat aldılar. Elnur adlı əməkdaş məni İrana göndərdi. Dedi ki, get onlarla təkrar görüş, bizimlə olan söbətdən xəbərləri olmasın. Mən də onların dediyi kimi etdim. Həmən adamı İranda tapmadım. Bu haqda Elnuru məlumatlandırdım. Mən MTN-də bir necə dəfə oldum. 2013-ci ilin payızında MTN-ə cağrışa 7 yaşlı oğlum Məhəmmədlə getdim. Mən ora kiçik yaşlı oğlumla xoş məramla getmişdim. Vətənə xəyanət edən şəxs MTN-ə öz ayağı ilə, azyaşlı övladı ilə gedərmi? Təbii ki, yox. Mənim ora uşaqla getməyim orda kameraya da düşüb və buna görə mənə MTN-də irad bildirib dedilər ki, niyə bura uşaqla gəlmisən? MTN-nin əməkdaşları və nəzarətcilər hamısı mənimlə xoş və ciddi rəftar edirdilər.
21.01.2014-cü il tarixdə istifadəmdə olan 050 355 08 18 nömrəyə MTN-dən zəng gəldi. Mənə bildirdilər ki, sabah saat 10.00-da MTN-də olmalıyam. Səhər saat 05 radələrində taksi sifariş edib Astarada kirayədə yaşadığım evdən cıxıb Bakıya MTN-ə getdim.

“General Mövlan Şıxalıyev və müstəntiq Vüsal Ələkbərov zorla mənə ifadə yazdırdılar”

Məni nazirliyin İstintaq baş idarəsinin müstəntiqi polkovnik-leytenant Ələkbərov Vüsal Hicran oğlu qarşıladı. Taksinin kirayə pulunu, 15 manatı da özü ödədi. Sonra məni öz otağına apardı. Orada mənə söylədi ki, İran vətəndaşını həbs etmişik. O, böyük tacirdir, üstündə silahı da vardı. Sadəcə deyir ki, mən azərbaycanlı sahibkarlara coxlu miqdarda mal satmışam, pullarımı ala bilmirəm. Üstümdəki silah onları qorxudub pullarını qeri qaytarmaq ücündür. Vüsal dedi ki, sən bizim dediklərimizi öz ifadənlə təsdiq et, sonra səni azad edəcəyik, çıxıb gedərsən. Mən cox tərəddüd etdim və onun dediyi ilə razılaşmadım. Məni 3 ay MTN-nin “padvalı”-nda saxladılar, hec kimlə, hətta atam-anamla da görüşməyə imkan vermədilər. Özləri tərəfindən Cahangir adlı bir vəkil təyin etmişdilər. Vəkil arabir gəlib mənimlə görüşürdü və deyirdi ki, onlar nə deyirlər razılaş, onların qabağına heç kim çıxa bilmir. Onların qılıncının sağı da, solu da kəsir. Sonra MTN-nin İstintaq Baş İdarəsinin rəisi general Mövlan Şıxalıyev və müstəntiq Vüsal Ələkbərov zorla mənə ifadə yazdırdılar. Sonra dedilər ki, sən heç narahat olma, hər bir şey bizim əlimizdədir. Səni Novruz bayramına qədər azad edəcəyik. Lakin məni aldatdılar, özlərinə haqq qazandırmaq ücün məni – vətəni sevən bir insanı dövlətə xəyanət maddəsı ilə həbs etdirdilər”.

MTN Samir Həsənovu niyə həbs edir?

Yuxarıda deyilənlərdən belə anlaşılır ki, Samir Həsənov MTN-ə gəlib yazılı məlumat verir ki, İranda Mohsen Kabinzade və digərləri mənə Azərbaycana qarşı işləmək təklifi veriblər. Bununla bağlı ondan rəsmi izahat alınır. MTN Samirin məlumatı əsasında Mohsen Kabinzadenin yeznəsi, iranlı iş adamı Kərimi Xanqahı Azərbaycanda izləyir və sonra həbs edir. Onu Azərbaycanda elə bir zamanda həbs edirlər ki, iş adamının ölkəmizə 3 Tır maşın mal göndəribmiş. Özü ilə birgə onun malına da əl qoyurlar. Lakin onun boynuna Azərbaycana qarşı casusluğu qoya bilmirlər və Samirə təklif edir ki, onun üzünə dursun, onu həbs etsinlər. MTN-nin keçmiş əməkdaşları Samirə iranlının üzünə durması müqabilində məhkəmədən azad edəcəklərini bildirirlər. Bildirirlər ki, Samirlə işləri yoxdur. Samir də razılaşır. Lakin bu, baş vermir və hər şeyin tələ olduğu ortaya çıxır. Artıq iş-işdən keçir. Qapalı məhkəməsi keçirilən Samir 13 il iş alır. Elə vəziyyət yaradılır ki, o, qərardan Apellyasiya şikayəti belə verə bilmir. Ali məhkəmə də onun şikayətlərini araşdırmaqdan imtina edir.

Həsənov Samir Mirsahib oğlu ilə bağlı məhkəmə qərarını nəzərdən keçirərkən məlum olur ki, onun vətənə xəyanət etməsi ilə bağlı istintaq orqanının əldə etdiyi “ən ciddi faktlar”-dan biri odur ki, o, 2011-ci ildə “Azadlıq” qəzetinin saytında yerləşdirilmiş ABŞ-Azərbaycan münasibətlərinə dair məqaləni internetdən çap edərək həmin məqaləni İran vətəndaşı Mohsenə vermişdir (Ağır Cinayətlər Məhkəməsının hökmündə, 20-ci səhifə – red).
Həsənov Samir həbsinin əsl səbəbləri barədə dövlət başçısı İlham Əliyevə yazdığı məktubda aydınlıq gətirərək qeyd edir ki, keçmiş MTN əməkdaşlarının onu (əslində onun kimiləri – red.) həbs etməkdə məqsədləri kimlərisə qurban verərək özlərini vətənpərvər, öz işlərini bilən əməkdaş kimi təqdim edib şou düzəltmək, əslində rütbələrini artırmaq, əlavə imtiyaz və gəlir əldə etmək olub.
Atası Mirsahib Həsənov bildirir ki, Samiri həbs edən MTN-nin müstəntiqi Ələkbərov Vüsal Hicran oğlu, general Mövlan Şıxalıyev övladımı aldadaraq həbs ediblər. Onlar oğluma deyiblər ki, sən bizə yardımçı ol, iranlını həbs edək. Səninlə işimiz yoxdur. Samiri aldadıb həbs ediblər.
Samiri həbs edən və onun cinayət işini “araşdıran” müstəntiq Vüsal Ələkbərov hazırda həbsdədir.

Dövlətə xəyanət nədir?

Və ya Samir Həsənov dövlətə xəyanət edibmi?

Dövlətə xəyanatlə bağlı Cinayət Məcəlləsinin 274-cü maddəsində deyilir; Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Renspublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə.

Qeyd: Bu maddədə, habelə bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.
CM-nin 274-cü maddəsinin təfsir hissəsində qeyd olunanların əksinə olaraq Həsənov Samir “Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq” hər hansı əməl törətməyib. Eyni zamanda həmin maddədə deyildiyi kimi “düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Renspublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə” kimi hərəkətlərə də yol verməyib. Əksinə, həmin maddənin Qeyd bölümündə deyildiyi kimi CM-nin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunmalıdır. Həsənov Samir cinayət məsuliyyətindən azad olunmaq əvəzinə 13 il müddətə azadlıqdan məhrum olunur.

Məhkəmə MTN-nin sifarişini yerinə yetirir

Təəssüflə qeyd etmək lazımdır ki, qapalı keçən məhkəmə onun müdafiə hüquqları lazımi şəkildə təmin olunmayıb. Müstəqil vəkillə təmin edilməyib, əksinə, MTN tərəfindən işə cəlb edilən vəkil formal fəaliyyət göstərib, istintaq orqanı ilə əməkdaşlıq edib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə təzyiq göstərərək, onun deyil, istintaq orqanının mənafeyini müdafiə edib.

Eyni zamanda məhkəmə ədalətli araşdırmanın aparılması üçün vacib olan aşağıdakı xüsusatları ümumiyyətlə araşdırmayıb;
– Həsənov Samir Mirsahib oğlunun Astarada onunla qonşuluqda yaşayan, Sovet dönəmində KQB-də işləyən Rəhmanov Mamed Abdulrəhman oğluna bu barədə məsləhətləşməyini;
– “Dəfnə” gözəllik salonunun təsiscisi Vəfa xanımın tövsiyəsi ilə Həsənov Samirin MTN-nin saytına girib nazirliyə məktub yazmasını;
– Həsənov Samirin MTN-nin saytı vasitəsilə məktub yazmasını və gəlib nazirlikdə sabiq nazir Eldar Mahmudovun adına ərizə yazmasını;
– Həsənov Samirin MTN-də olmasına dair nazirlikdə quraşdırılmış video görüntülərə baxış keçirilməsini;
– Onun istifadəsində olan 050 355 08 18 nömrəli mobil telefona MTN-dən gələn zəngləri və s.
Hazırda oğul və ata müraciət etmədikləri ünvan qalmayıb. Onların şikayətinə baxan yoxdur. Dövlətinə inanıb ona sığınan Samir Həsənov bunun müqabilində azadlığını itirir. Amma inamını itirmir, hələ də atası ilə bərabər haqq- ədalət axtarışındadır.

Oktay Gülalıyev adlı şəxsin şəkli.
Oktay Gülalıyev adlı şəxsin şəkli.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin