MONTE MELKONYANI KİM ÖLDÜRÜB?- Ziddiyətli məqamlar

0
196

Qarabağ müharibəsinin iştirakçısı olan İbad Hüseynov müharibə dövründə kəşfiyyat-diversiya dəstəsinin komandiri olub. Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiə olunmasında göstərdiyi şücaətə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 2010-cu ildə İbad Hüseynov haqqında “Əsgər” sənədli film çəkilib.

Talib Məmmədov uzun illər Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə rəhbərlik edib, müharibə illərində ordunun 708-ci briqadasının komandiri olub.

“Turan” agentliyinə müsahibəsində Talib Məmmədov deyib ki, erməni terrorçu Monte Melkonyanın məhv edilməsi ətrafında uzun müddətdir qeyri-sağlam ajiotaj baş verir, ayrı-ayrı şəxslər bu hadisəni saxtalaşdırmağa və terrorçunun aradan götürülməsini öz adlarına çıxmağa cəhd göstərirlər. İstefada olan general-leytenantın açıqlamasında bu sözlər yer alır: “İbad Hüseynov hamını inandırmağa çalışır ki, onun Muğanlı kəndində öldürdüyü yaraqlı Monte Melkonyan olub. Ancaq qətiyyən belə deyil. Melkonyanın 1993-cü il iyunun 12-də Mərzili kəndi uğrunda gedən döyüşlərdə 708-ci briqadanın ikinci motoatıcı batalyonunun döyüşçüləri tərəfindən məhv edilməsini təsdiqləyən materiallar vaxtilə toplanaraq sistemləşdirilib. Əminəm ki, bu faktı təsdiqləyən sənədlər indiyə kimi Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsindədir.

İndiyədək mən müsahibə verməmişəm, mətbuatla ünsiyyətdə olmamışam. Bundan sonra da bunu etməzdim, ancaq KİV-lərdə ardı-arası kəsilməyən, əksinə, daha da geniş vüsət alan bu cür ədalətsizlikdən hiddətlənirəm. Başa düşmürəm ki, nə üçün rəsmi orqanlar baş verənlərə göz yumur? Bunda kimlər maraqlıdır? Sənə məxsus olmayanı öz adına necə çıxmaq olar? İctimaiyyəti necə yanıltmaq olar?

İbad Hüseynovun döyüşməsini və düşməni öldürməsini şübhə altına almıram, lakin bunun Melkonyanın məhv edilməsinə aidiyyəti yoxdur. Onun dəlil-sübutları əsassızdır və buna son qoyulmalıdır. Həmin hadisələrin real iştirakçıları sağdır və mən tamamilə əminəm ki, onlar öz sözlərini deyəcəklər.

Çox təəssüf edirəm ki, bu kampaniyaya ayrı-ayrı ictimai xadimlər də qoşulub. Güman edirəm ki, onlar sadəcə dezinformasiyanın qurbanlarına çevriliblər və ictimai rəyin çaşdırılmasına cəlb olunublar. Zənnimcə, obyektiv araşdırma aparılsa, hər şey öz yerini alacaq.

Fürsətdən istifadə edərək KİV-ləri bu məsələdə ehtiyatli və dəqiq olmağa çağırıram, ictimaiyyəti çaşdırmasınlar. Həmçinin rəsmi orqanları təhqiqat aparmağa və bu işə obyektiv qiymət verməyə çağırıram”.

“Media forum” saytı məsələyə İbad Hüseynovun münasibətini öyrənmək istəyib. Onun telefonuna “İbad” Vətənpərvərlər İctimai Birliyinin mətbuat katibi cavab verib. O bildirib ki, İbad Hüseynovun səhhətində problemlər yarandığına görə zənglərə cavab verə bilmir.

General-leytenant Talib Məmmədovun iddialarına “İbad” Vətənpərvərlər İctimai Birliyinin sədri, İbad Hüseynovun komandiri olmuş, hazırda istefada olan polkovnik Məhəmməd Qədirov cavab verib.

Xocavənd bölgəsində özünümüdafiə batalyonunun, sonra isə bölgədəki 849 saylı hərbi hissənin komandiri olduğunu deyən Məhəmməd Qədirov bildirib ki, Azərbaycan əsgərləri Monte Melkonyanı məhv etdikdən sonra ermənilər əvvəl onun Mərzili kəndi ətrafında öldürüldüyü haqda məlumat yayıblar: “Azərbaycanda da belə bir məlumat yayılmışdı ki, 708 saylı birqada Ağdamın Mərzili kəndi ətrafında erməni terrorçu Monte Melkonyanı məhv edib. Amma bu hadisə iyun ayında baş verib. Həmin dövrdə də Mərzili işğal olunmamışdı, orada ermənilərin olması mümkün deyildi. Bu, tamamilə yalan məlumatdır. Açığını deyim ki, bu açıqlamanı Talib Məmmədovun verdiyinə inanmıram. Mən onu yaxşı tanıyıram, ola bilər ki, kimsə Talib Məmmədovun adından belə bir açıqlama yayıb. Çünki general belə bir söz deyə bilmz. Ermənilər də tez bu informasiyanı yayıblar. Onlar buna sevinirlər”.

Məhəmməd Qədirov deyib ki, Milli Təhlüksəzilik Nazirliyində Monte Melkonyanın harada, necə və kim tərəfindən məhv edilməsinə dair tam dəqiq məlumat və sənədlər var: “İbad Hüseynovun qəhrəmanlığı, Monte Melkonyanın necə məhv edilməsi haqda filmi MTN çəkib. Bütün dəlil-sübutlar, terrorçunun tükü, dərisi saxlanılır. Kəsilmiş başı mən, MTN nümayəndəsi, başqa komandirlər də görmüşük. Həmin əməliyyatda 14 nəfər iştirak edib, onlardan 1 nəfər şəhid olub, 13-ü sağdır. Onlar hamısı bunu təsdiqləyə bilər. Hətta ermənilər də Monte Melkonyanın Muğanlıda məhv edildiyini qəbul ediblər”.

İstefada olan polkovnik indi bu məsələyə yenidən qayıdılmasını normal saymır: “Bu, erməni dəyirmanına su tökməkdir. Monte Melkonyanı 708 saylı birqadanın məhv etdiyini kim görüb? Kim bunu sübut edə bilər? İbad Hüseynov özü heç bu haqda danışmaq istəmirdi. Yalnız rəsmi qurumların istəyindən sonra bu barədə danışdı”.

“Yeni Müsavat” qəzeti
2012-ci il

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin