Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: – 1 gündə 3 tender

0
126

Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi bu gün 3 satınalma müsabiqəsi keçirib.
Bildirilir ki, hər 3 tender qalmaqallı şirkət sayılan “Sevinc 96” MMC-yə verilib.
Belə ki, mexanizmlərin ehtiyat hissələrinin satınalınması 278843.1, nasos və mexaniki avadanlıqların ehtiyat hissələrinin satınalınması 289876.84, təmir işləri üçün tikinti materiallarının satın alınması üzrə 208994.87 manatlıq tenderlərin qalibi “Sevinc 96” olub.
Qeyd edək ki, 12 və 13 yanvar tarixlərində Salyan Suvarma Sistemləri İdarəsinin də keçirdiyi 4 tenderin qalibi qanuni təmsilçisi Yusuf Camal oğlu Haxiyev olan “Sevinc 96” MMC olub.
20 manat nizamnamə kapitalına malik şirkət ötən ilin iyun ayının 1-də Salyan rayon İcra Hakimiyyətindən də abadlaşdırma işləri adı ilə 1 milyon 21 min 928 manat dəyərində tender qazanıb.
Araşdırmalar zamanı məlum oldu ki, Salyan rayon Maliyyə İdarəsi 2020-ci ilin dekabr ayının 9-da “Sevinc-96” MMC ilə 7900 manat dəyərində (tikili və avadanlıqların cari təmiri) satınalma müqaviləsi bağlayıb.
Mediada yayılan məlumatlara görə, “Sevinc 96” MMC faktiki olaraq bölgədə əksər tenderləri qazanan iş adamı Qurban Abbasova məxsusdur. Hansı ki, Salyanda Hacı Qurban kimi tanınan iş adamının sahibi olduğu, illik dövriyyəsi 50 milyon manata yaxın olan “İlkin N”, “XXI-əsr”, “CSM Nix”, ”Sevinc 96”, “Nigar LTD”, “Halal İnşaat” və “A+B OİL Servis” MMC adlarında da şirkətləri olduğu bildirlir.
2018-ci ilin yanvar ayının 23-də Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin sifarişçisi olduğu V lot üzrə ümumi məbləği 399.862 manat olan tenderin qalibi Qurban Abbasovun təsisçisi olduğu “İlkin-N” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
İlkin-N MMC 2019-cu ilin yanvar ayının 16-da Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin VI lot üzrə keçirdiyi 573.848 manatlıq tenderin qalibi elan edilib. İdarənin rəhbəri Azər İsmayılovun da adı mediada korrupsiya qalmaqallarında hallanıb.
Mətbuatda dərc olunan məlumatlarda həmçinin iddia olunur ki, təkcə Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin yox, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi, Salyan Suvarma Sistemləri İdarəsi, Neftçala Suvarma Sistemləri İdarəsi Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC, Saatlı Rayon İcra Hakimiyyəti, Salyan rayon Mərkəzi Xəstəxanası və Azər İsmayılova bağlı digər idarələr milyonlarla dəyəri olan 148 tenderi ”İlkin-N” MMC adlı şirkətə verib.(Reportyor.info)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin