“Onu da harasa müşavir, yaxud hansısa nazirin köməkçisi və ya məsləhətçisi qoya bilərlər”
Sabiq rabitə naziri Əli Abbasovun AMEA prezidentinin müşaviri postu olsa belə reabilitasiya baxımından yenidəın vəzifəyə göndərilməsi ləğv edilən MTN-nin sonuncu rəhbəri Eldar Mahmudovun həbsi ehtimalını da əhəmiyyətli dərəcədə azaldıb.
Maraqlıdır, Ə.Abbasovla bağlı baş verənlərin E.Mahmudovla bağlı da təkrarlanması mümkündürmü? Yəni bir vaxtlar rəhbərlik etdiyi qurumun MTN generallarının sınaq poliqonuna çevrilməsinə göz yuman keçmiş nazir Əli Abbasovun üzünə yenidən gülən tale Eldar Mahmudova da “xoşgəldin” edə bilərmi?
Moderator.az-a açıqlama verən tanınmış hquqşünas Əyyub Kərimov Azərbaycan reallığında hər şeyin mümkün ola biləcəyini vurğuladı:

“Belə vəzifələrdə təmsil olunan şəxslər obrazlı desək “elit sort”lar hesab olunur. “Elit sortlar”a dəyməyə də bilərlər. Analogiyaya getsək, E.Mahmudovu da harasa müşavir, yaxud hansısa nazirin köməkçisi və ya məsləhətçisi qoya bilərlər. İlk baxışda cəmiyyət üçün təəccüblü görünsə belə bu cür təyinatların gerçəkləşməsi mümkündür.
Hələlik “Rabitə işi”nin nə ilə yekunlaşacağına baxmaq lazımdır. Məhkəmə başa çatmayıb. Ictimai fikir tamam başqa yönə köklənib. Digər xətlər də özlərini göstərir. Bu baxımdan mən artıq qəribə heç nə görmürəm. Elə proseslər gedir ki, burda təəccüb etməyə yer qalmır. Görünür, Ə.Abbasovala bağlı siyasi iradə bu cür oldu və ona alimliklə məşğul olmaq üçün yol açdılar. Onun yeni təmsil olunduğu quruma nə verəcəyini isə zaman göstərəcək”.
Seymur Əliyev