“Mediasiya haqqında” Qanunun tətbiqi nəyi dəyişəcək? – AKTUAL

0
79

Yaxın vaxtlarda kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələri məhkəmələrdən əvvəl mediatorlar həll edəcəklər. Bu “Mediasiya haqqında” Qanunda nəzərdə tutulub.

“Mediasiya haqqında” Qanuna edilən dəyişikliklər demək olar ki, Milli Məclisin hər iclasında müzakirə edilir. Bu dəyişikliklər hələ təsdiqlənməsə də, yaxın gələcəkdə kommersiya, ailə və əmək məsələləri ilə bağlı məhkəmələrə müraciət edənlərin əvvəlcə mediasiya prosesindən keçəcəyi qaçılmazdır.

İndi hər kəsi düşündürən sual məhkəmədən öncə üz tutacağımız mediasiya prosesinin bizə nə verəcəyi, xidmətlərindən istifadə edəcəyimiz mediatorların vəzifələri, bu xidmətin pullu, yaxud pulsuz olacağı ilə bağlı məsələlərdir. Yaranmış əsas suallardan biri də “Mediasiya haqqında” Qanunun ailə mübahisələrinə necə töhfə verəcəyidir.

Sputnik Azərbaycan “Mediasiya haqqında” Qanunun ölkəmizdə tətbiqinin əhəmiyyətini araşdırıb.

Hansı mübahisələrdə mediasiya köməyimizə çatacaq?

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əlməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, “Mediasiya haqqında” Qanunun qəbulu məhkəməyə qədər baş verən mübahisələr zamanı – kommersiya, ailə və əmək mübahisələrində tərəflərin uzlaşdırılmasına kömək edəcək. Onun sözlərinə görə, mediasiya məhkəməyə qədər baş verən mübahisələrin həlli istiqamətində həyata keçirilən bir prosesdir.

Mediasiyaya müraciət etməmiş məhkəməyə müraciət qəbul olunmayacaq…

Ə.Nuriyev deyir ki, qanunvericilik bir neçə istiqamətlə bağlı – kommersiya, ailə və əmək mübahisələrində mediasiya prosesini məcburi hesab edir. Həmsöhbətimiz deyir ki, bu mübahisələrlə bağlı mediasiya prosesini keçmədən məhkəməyə müraciət etmək mümkün olmayacaq: “Hətta məcburi olmayan hallarda belə mübahisəyə məhkəmədə baxılmasına qədər də mediasiyaya müraciət oluna bilər.

Bir sıra hallarda məhkəmədə hazırlıq iclası zamanı da mediasiyaya müraciətlə bağlı tərəflərə hüquqi izah verilir. Bu bir tərəfdən məhkəmələrdə mübahisələrin sayının azalmasına gətirib çıxardacaq, digər tərəfdən isə mübahisələrin daha tez və tərəflərin uzlaşmasına səbəb olacaq. Eyni zamanda mediasiya nəticəsində tərəflər arasında sosial gərginliyin azalmasına bir vasitə olacaq. Bəzən məhkəmələrdə işə baxılarkən tərəflər arasında gərginlik azalmır. Mediasiyaya müraciət uzun müddət işlərin məhkəmələrdə baxılmasının da qarşısını alacaq.

Bu məhkəmələrdə xərcləri də azaldacaq. Məhkəmələrdə qərar qəbul edildikdən sonra yenidən uzlaşmaq imkanı aradan qalxmış olur. Çünki məhkəmə mübahisəni artıq həll edir. Mediasiyanın isə əsas üstünlüyü tərəflər arasında uzlaşmanı yaratmaqdır. Bu zaman heç bir tərəf uduzmur. Tərələr öz hüquqlarını təmin edilmiş sayır. Məhkəmələrdə isə tərəflərdən biri udur, digəri uduzur. Bu da tərəflər arasında münasibətlərin daha da pisləşməsinə gətirib çıxardır”, – deyə Ə.Nuriyev bildirir.

Mediasiya boşanmalara necə təsir edəcək?

O ki qaldı “Mediasiya haqqında” Qanunun tətbiqinin boşanmalara təsirinə, Ə.Nuriyev mediasiya prosesinin nikahlara elə bir təsiri olmayacağını söyləyir. O bildirir ki, mediasiyanın boşanmaların sayını azaldacağı yanlış yanaşmadır:

“Bəzən deyirlər ki, mediasiya boşanmaların sayının azalmasına gətirib çıxardacaq. Mediasiya barışıq institutu deyil. Mediasiya maraqların uzlaşmasını həyata keçirən bir prosesdir. Ailə münasibətlərinin normal davam etməsinə kömək edir. Tutaq ki, boşanma zamanı əmlakın bölünməsi, alimentin ödənilməsi və uşaqla görüşlə bağlı mübahisə var. Bu zaman mediasiya bu mübahisəni tərəflərin razılığı və hüquqi baxımdan həll edir. Hər kəsin maraqları təmin edilmiş olur. Hər kəs qəbul edilmiş qərarlarla razılaşır. Bir tərəfin lehinə, digər tərəfin əleyhinə qərarlar qəbul edilməsi mediasiyanın hüquqi təbiətinə ziddir.

Mediasiya prosesində tərəflərin razılaşması baş verməlidir. Mübahisələrlə bağlı tərəflərin ortaq məxrəcə gəlməsi ailə məsələlərində çox vacibdir. Bu zaman onlar arasında düşmənçilik baş vermir, münasibətlər nikah pozulduqdan sonra da normal davam edir. Ola bilər ki, bu prosesdə nikah pozulmasın. Amma mediasiya nikahın pozulmasının qarşısını alan institut deyil”.

Ə.Nuriyev bildirir ki, mediatorlar tərəfindən sonda çıxardılan qərarı hər iki tərəf imzalayır. Bundan sonra tərəflər arasında sosial gərginlik aradan qalxır. Gələcəkdə münasibətlər də beləcə normal şəkildə davam edir.

Mediatorların vəzifəsi nədir?

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, mediasiya mübahisələrin alternativ həllini nəzərdə tutan bir prosesdir. Onun sözlərinə görə, mediasiya prosesi kommersiya, ailə və əmək mübahisələrinin məhkəmədənkənar həlli üçün istifadə edilir. Bu zaman prosesi mediasiya şurasının üzvü olan mediatorlar aparır.

Həmsöhbətimiz deyir ki, bəzən ən xırda mübahisələr belə tərəflərin bir-birinə olan pis münasibətindən dolayı məhkəməyə gedib çıxır: “Halbuki, bunu tərəflər çox rahat şəkildə razılığa gələrək həll edə bilərlər. Burada sadəcə bir vasitəçi olmadığına görə iş gedib məhkəməyə çıxır. “Mediasiya haqqında” Qanuna görə, mülkü və digər məsələlərlə bağlı mediasiyaya müraciət könüllüdür.

R.Əliyev bildirir ki, kommersiya, ailə və əmək mübahisələrində “Mediasiya haqqında” Qanunun 28-29-cu maddəsinə görə, ilkin olaraq mütləq mediasiyaya müraciət olunmalıdır. Onun sözlərinə görə, boşanmalarla bağlı “Mediasiya haqqında” Qanunun tətbiqindən sonra məhkəmələrə birbaşa müraciət etmək mümkün olmayacaq.

Mediasiya ilə məhkəmənin fərqi…

Hüquqşunas deyir ki, mediasiya qarşılıqlı şəkildə razılığa gəlməyə kömək edir. R.Əliyevin sözlərinə görə, boşanma ilə bağlı mübahisələrdə mediasiya nikahdan olan uşağın maraqlarını əsas götürür: “Məhkəmədə əsas nikahın pozulması, alimentin tutulması və uşağın kimdə qalması mübahisələndirilirsə, mediasiya prosesində tərəflər bunları öz aralarında razılaşdıra bilərlər. Hər iki tərəf bütün bunlarla bağlı razılığa gəldikdən sonra məhkəməyə həmin sazişlə müraciət edirlər. Bu zaman məhkəmə sadə qaydada nikahın pozulmasını həyata keçirir”.

R.Əliyev bildirir ki, mediasiya prosesində tərəflər bunu öz aralarında danışıb razılaşdıra bilirsə, məhkəmə proseslərində bu, bir ay davam edir: “Mediasiya konfidensial olur, ancaq məhkəmə tərəflərin iştirakı ilə keçirilir. Bu zaman məhkəmə bir gün ərzində tamamlanır. Məhkəmədə udan və uduzan tərəflər olursa, mediasiya prosesində hər iki tərəfin maraqları təmin olunmuş olur”.

Hüquqşunas bildirir ki, mediatorların tərəfləri boşanmaqdan çəkindirmək kimi bir öhdəliyi yoxdur. Tərəflər boşanmaqda qərarlıdırsa, mediatorlar boşanma prosesində qarşıya çıxan problemləri həll etmək funksiyasını daşıyır. Beləcə, gələcəkdə aliment, əmlak, uşaqla görüş, uşağın ölkədən çıxış məsələləri mediasiya prosesində həll olunur. Həmçinin mediator tərəfsiz olmalıdır.

Qeyd edək ki, mediatorlar mütləq fəaliyyət göstərəcəkləri məsələlər üzrə (kommersiya, ailə və əmək) təlim keçərək sertifikat əldə etməlidirlər.

Mediasiya xidmətləri pullu olacaq…

R.Əliyev deyir ki, mediatorların fəaliyyətindən istifadə etmək üçün isə insanlar müəyyən məbləğ ödəməli olacaqlar. Onun sözlərinə görə, ailə və əmək məsələlərində ilkin mediasiya üçün nəzərdə tutulmuş məbləğ isə 50 manatdır. Kommersiya işlərində isə iddia məbləğlərinə görə xidmət haqqı 20 manatdan 400 manatadək nəzərdə tutulub.

Mediasiyadan gözləntilər böyükdür…

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında mediasiyanın tətbiqinin boşanmalara təsirindən danışıb. O bildirib ki, mediasiyanın məqsədi ailə mübahisələrində məhkəməyə qədər razılığın əldə olunmasıdır. E.Səfərov deyir ki, boşanmalar zamanı əksər hallarda tərəflər əmlak bölgüsü, uşağın kimin himayəsində qalması, aliment və sair məsələlərdə bir-birinə qeyri-etik davranırlar. Bu isə ailədə böyüyən uşaqlara öz təsirini göstərir.

Onun sözlərinə görə, bu mənada mediatorların boşanma prosesində iştirakı, tərəflərin maraqlarına uyğun razılığın əldə olunmasında rolu böyük olacaq: “Mediasiyanın nikah müqaviləsinin boşanma zamanı tətbiqi baxımından da əhəmiyyəti var. Mediasiyanın yeni instrument kimi tətbiqi zəruridir”, – deyə E.Səfərov bildirir.

Amma Komitə səlahiyyətlisi mediasiyanın tətbiqi yeni olduğu üçün ilk vaxtlarda müəyyən problemlərin yaranacağının qaçılmaz olacağını bildirir. Onun sözlərinə görə, Azərbaycanda ailələrin əksəriyyəti boşanma zamanı çox ağır proses keçir. Ona görə də mediatorların boşanma prosesində rolu böyükdür. Həmsöhbətimiz deyir ki, mediatorlar boşanmanın normal qaydada həyata keçirilməsinə töhfə verə bilərlər. O, bunun üçün psixoloq mediatorların da fəaliyyətinin vacib olduğunu söyləyir.

Qeyd edək ki, Azərbaycanda 2019-cu il martın 29-da “Mediasiya haqqında” Qanun qəbul edilib. Məcburi məhkəmə mediasiyasına dair müddəaların isə 2020-ci ilin iyulun 1-dən qüvvəyə minəcəyi nəzərdə tutulsa da, hələlik dəyişikliklər təsdiqlənməyib. Hazırda dünyada bütün məsələlər üzrə mediasiya prosesi tətbiq olunsa da Azərbaycanda qanun bu məsələlərə məhdudiyyət tətbiq edir.

Qanuna görə, mülki işlər, iqtisadi mübahisələr, ailə münasibətləri, əmək və inzibati hüquq üzrə mübahisələrdə mediasiya tətbiq olunacaq.

Məlumat üçün onu da qeyd edək ki, Azərbaycanda 2020-ci ilin fevral ayının 12-də “Mediasiya Şurası” qeyri-kommersiya hüquqi şəxsi təsis edilib. Elə həmin ayın 16-da Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Bu il iyunun 30-da isə, Mediasiya Şurasının Ümumi Yığıncağının iclası keçirilib, qurumun rəhbər orqanına – Mediasiya Şurasının İdarə Heyətinə seçkilər keçirilərək onun yeni tərkibi müəyyən olunub.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin