Medianın 3 maliyyə qaynağı – dövlət, xarici fondlar və mafiozlar

0
1684

“Belə mediadansa, olmaması yaxşıdır” deyənlər “birləşmiş qablar” qanununu xatırlasınlar

İllərdir bu canincidən, ovqat pozan söhbətlər, ittihamlar davam edir və töhmət-təhniz ünvanı olan jurnalistlər nə qədər izahat versələr də xeyri yoxdur, möhür birdəfəlik vurulub: “İqtidara satılmısınız”.

Bunu hətta o adamlara da şamil edirlər ki, onlar hansısa qəzetdə, saytda, agentlikdə öz peşəsindən işləyir və indiyəcən hakimiyyətin xeyrinə bir cümlə də yazmayıblar, sadəcə, öz işlərini görüblər, hətta müstəqil və tənqidçi mövqelərini, simalarını qoruyub saxlayıblar. Ancaq fərqi yoxdur, adamın çalışdığı media qurumu dövlətin təsis etdiyi fonddan maliyyə yardımı alırsa, demək, o qurum iqtidara satılıb və bu müstəqil jurnalist də o sırada gedib.

Çox kateqorik yanaşmalar var. Əlindəki taxta çəkiclə eyzən “qərar qəbul olundu” deyə hökmlər verən adamlar bir çox reallıqları qətiyyən nəzərə almaq istəmirlər.

O reallıqlardan biri, ən acısı budur: Bu ölkədə fəaliyyət göstərən heç bir media qurumu özünü maliyyələşdirə bilmir. Bunun üçün heç bir şərait, imkan yoxdur. Media qurumları maliyyələrini ya dövlətdən (lap olsun hökumətdən) almalıdır, ya xarici dövlətlərdən, ya da mafioz-odioz dairələrdən.

Bu sıralamadan ən yaxşısı hansıdır, özünüz seçin.

Bu ölkədə azad mediadan ötrü böyük vəsaitdən keçəcək təmənnasız xeyriyyəçi-sponsor yoxdur, media qurumlarını maliyyələşdirən şəxslərin hamısının nəsə bir siyasi, hüquqi (dar gündə müdafiə kimi) umacağı var.

Durum bu olandan sonra kimlər kimləri müstəqil olmamaqda ittiham edə bilər? Prinsipcə, heç kim. Hamı ayıbına kor olmalıdır.

Amma bir çoxları dil boğaza qoymur. Xarici dövlətlərdən iki-üç qat artıq maaş alaraq o dövlətlərin media qurumlarında işləyənlər, şübhəli fondlardan fantastik qrantlar alanlar öz dövlətindən dolanışığa yetəcək qədər əməkhaqqı alanları qınayırlar ki, siz hökumətə işləyirsiniz.

Axı siz də işləyirsiniz, siz də müstəqil deyilsiniz. Fərq ondadır ki, siz başqa dövlətə işləyirsiniz, onların mənafeyini, maraqlarını müdafiə edirsiniz. Bəs bu necə olsun? Məsələyə hüquqi prizmadan yanaşanda öz dövlətinə işləmək (istənilən sahədə) cinayət, mənəvi baxımdan isə qəbahət deyil. Amma başqa ölkələrə işləmək, yeri gələndə həmin dövlətin maraqlarına görə öz dövlətinə dil uzatmaq, nəsə bir təxribatda iştirakçı olmaq həm cinayətdir, həm xəyanətdir, həm də qəbahətdir.

Ona görə də kürəyini böyük dövlətlərin siyasət, kəşfiyyat dairələrinə söykəyənlər, onların maliyyəsi ilə yerli zəhmətkeş həmkarlarından daha artıq komfortda, rifahda yaşayanlar dillərini bir az qıssalar, başımıza hakim kəsilməsələr, özlərini “haqq-ədalət mücəssəməsi” kimi aparmasalar, yaxşıdır.

Onların arasında elələri var ki, 10 il dövlət qəzetində, iqtidara yaxın media qurumlarında külüng çalıb, o dövrün müxalətini, ictimai-siyasi fəalları ağır şəkildə təhqir edib, ancaq münasibətlər pozulandan, o işindən ayrılandan sonra “haqqın yolunu tapıb” və indi “əqidəli dissident”ə dönüb. 20 il öncə cani-dildən müdafiə etdiyiniz iqtidar çiçiydi, indiki pıxıdır? Yəqin bu, media metamorfozasıdır.

Düzünə qalsa, media sahəsində ciddi problemlər var. Ən əsası odur ki, media orqanları müstəqil deyillər və müstəqilləşə bilmirlər. Mümkün deyil. Müstəqil olmaq istəyən qəzet, sayt bir ayın içində batıb gedər. Bunun nümunələri də çoxdur. Vəzifəli şəxslərin saxladığı onlarla qəzet, sayt bir müddətdən sonra, nazir-sponsor vəzifədən çıxarılan kimi fəaliyyətini dayandırıb.

Əslində, bu qədər media qurumunu maliyyələşdirmək dövlət üçün sərfəli deyil, dövlətə 2-3 telekanal, 3-4 informasiya agentliyi, 4-5 qəzet, 5-6 sayt bəs edər. Sadəcə, güman ki, hökumət bu qədər (minlərlə) jurnalistin işsiz qalmaması, boş-bekar qalaraq müxalifətə qoşulmaması üçün bu qədər ağır yükün altına girir, ildə bir neçə milyon vəsaiti media sektoruna yönəldir. Buna “100 yeyənim olsun, bir deyənim olmasın” siyasəti deyərlər…

Reklam bazarının azad buraxılmalı və media qurumlarının özlərini reklam gəlirləri hesabına dolandırmalı olduğu, hətta bunun mütləq belə olacağı haqda illərdir üfürülən tezislər əfsanə söhbətlərdir. Bu, Azərbaycanda indiki şərtlər daxilində mümkün olan şey deyil. Reklama ən ehtiyac duyan holdinqlər və şirkətlər belə reklamı inzibati göstərişlər əsasında hansısa media qurumuna verir. Özlərindən olsa bu sahəyə qara qəpik də ayırmazlar. Çünki çoxu monopolistdir, reklamları olsa da, olmasa da işləri yavər gedir.

Ona görə də ölkədə müstəqil medianın, vicdanlı jurnalistlərin olmaması barədə vaxtaşırı qoparılan ajiotaj boşuna nəfəs tükətməkdir. Olanımız budur. Bəlli şərtlər çərçivəsində vicdanlı olmağa, sifətimizi qorumağa, haqq-ədalətin yanında durmağa çalışırıq. Bəzən alınır, bəzən də alınmır.

Sonda üç məsələni də qeyd edim.

1. Elə çıxmasın ki, ölkədə bütün başqa sahələr gül açıb, inkişaf edib, təkcə mediada durum bərbaddır. Elə deyil. Bu məsələdə “birləşmiş qablar” qanunu işləyir. Hər sahədə vəziyyət, demək olar ki, bərabərdir.

2. Hakimiyyətə gəlmək istəyən hansısa siyasi qrupa, partiyaya, bloka dəstək vermək heç də müstəqil və ya tənqidçi media olmaq anlamına gəlmir. Həmin partiya/blok hakimiyyətə gəlir və tənqidçiliyin yerin məddahlıq alır.

3. “Belə mediadansa olmaması yaxşıdır” deyənlərin sözü qulağa xoş gələ bilər, amma bu, heç bir halda doğru təsbit deyil. Şimali Koreyada, Türkmənistanda “belə media” yoxdur, yaxşıdırmı?

Xalid KAZIML

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin