Medianı gücsüz edən səbəblər – Münasibət

0
754

Zeynal Məmmədli: “Bu, medianı hakimiyyətin əlində bir vasitəyə çevirir”

Qulu Məhərrəmli: “Bu cür media heç kimə lazım olmur və cəmiyyət də ondan üz döndərir”

Media mütəxəssisləri Zeynal Məmədli və Qulu Məhərrəmli Versus.Az-a medianın cəmiyyətdə təsir gücünü itirməsi ilə bağlı ictimai yanaşmalara münasibət bildiriblər.

Media eksperti Zeynal Məmmədli bildirib ki, dünyada media ilə bağlı krizis yaşanır. Onun sözlərinə görə, ictimai televiziyaların yaradılması medianın komersiallaşması ilə bağlı acı nəticələri bir qədər yumşaldıb. O cümlədən İnformasiya kommunikasiya texnologiyalarının inkişafı cəmiyyətin məlumatlanması üçün ağlagəlməz imkanlar açıb. Amma informasiya axınının sürətlənməsi insanın məlumatları “həzm etməsinə” imkan vermir. Yəni bir yandan çoxlu məlumatlar alırsan, amma heç bir bilgin olmur.

“Mediamız necə davranmalı olduğunu bilmir”

Z.Məmmədli hesab edir ki, medianın komersiallaşmasının Azərbaycan kimi məkanda başqa özəllikləri var:

“Bizdə xəbərləşmə mühiti, hökumətlə cəmiyət arasında fikir plüralizmi yaranmayıb. Hökumət dəyişən element olsa da, bizim mətbuatda onu qalıcı kimi qələmə verirlər. Bəzi hallarda hökuməti tənqid eləmək, dövlətə qarşı tənqid kimi təqdim olunur. Mediamız necə davranmalı olduğunu bilmir”.

Z.Məmmədli bildirib ki, media problem həll edən yox, ictimai rəyi yaradan və onu dəyişdirən bir vasitədir:

“Azərbaycanda heç nə dəyişmirsə burda təkcə medianı günahlandırmaq olmaz. Hökumətin marağı odur ki, media onu təbliğ etsin, amma ictimai rəy yaratmasın. Çünki ictimai rəy olanda hakimiyyət media ilə hesablaşmağa məcbur qalır. Yəni hökumət yaxşı planda göstərilib təbliğ olunmalı, doğru xəbər isə yayınmamalıdır. Bu isə medianı cəmiyyətdən uzaqlaşdırır və onu hakimiyyətin əlində bir vasitəyə çevrir. Eləcə də hakimiyyət bu medianı ciddiyə almır və media cəmiyyətin sayqısını itirir. Biz Azərbaycanda baş verən prosesləri dolğun şəkildə xəbərləyə bilirikmi? Yox. Bizdə ancaq hökumətin görmək istədiyi kimi xəbərlər verilir”.

Z.Məmmədlinin fikrincə, ictimai rəyi təkcə media deyil, cəmiyyətdə fəaliyyət göstərən ictimai qurumlar, universitetlər, müəssisələr yaratmalıdır.

“Media öz medialığını itirib, o idarə olunan bir alətdir”

Z.Məmmədli bildirib ki, ümumilikdə media hökumətlə cəmiyyət arasında bir xəbər vasitəçisi olsa da, bizim media bu işlə məşğul deyil:

“Azərbaycan mediası öz medialılığını itirib, o idarə olunan bir alətdir. Bu vasitə kiminsə cibinə yerləşə bilər. Amma ortada qalarsa kiminsə cibinə yerləşmədiyi görünür. Media ortada yox, kiminsə cibində qalanda cəmiyyətdə nüfuzu ola bilməz”.

“Media özü-özünü satışa çıxarıb və kim nə deyirsə onu edir”

Ekspert hesab edir ki, Azərbaycanda medianın “4 cü hakimiyyət”indən əsər-əlamət yoxdur:

“Media özü-özünü satışa çıxarıb və kim nə deyirsə onu edir. Amma əvəzində nəyi qazandığını da demək çətindir. Çünki bizdə jurnalistin orta statistik həyat şəraitinə baxsaq, XXI əsr üçün gülməli rəqəmlər olacaq”.

“1 faiz saytlar var ki, can verən ölüyə bənzəyir”

Jurnalist, professor Qulu Məhərrəmli bildirib ki, media cəmiyyəti ifadə edən bir güzgü olsa da, öz missiyasını doğru-düzgün yerinə yetirmir.

Professor medianın hakimiyyətlə cəmiyyət arasında vasitəçi rolunu önə çəkib. Bildirib ki, media bir növ xalqın istəyini hakimiyətə, hakimiyyətin isə necə işlədiyini xalqa çatdırmaq üçün ortada dayanmağı bacarmalıdır. Bu balans pozulanda həqiqətləri, cəmiyyətin əhval-ruhiyyəsini əks etdirməyəndə, hakimiyyət üzərində ictimai nəzarətçi rolunu oynaya bilməyəndə təsir imkanları təbii olaraq azalır:

“Bizdə əvvəl qəzetlər gücdən və hörmətdən düşdü, sonra da televiziyalar ictimai rəyə təsir imkanlarını itirdi. Cəmiyyət, izləyici auditoriyası  televiziyaların “əlini öz nəbzinin üstündə” hiss etmədiyi üçün o televiziyalara baxmadı. Çünki televiziyalar, qəzetlər onun istəklərini, arzularını və eşitmək, bilmək istədiklərini demir. Belə olan halda media nüfuzdan düşür, o özünün klassik funksiyasını – məlumatlandırma, ictimai rəyi ifadə eləmə, doğru-dürüst məlumatlar vermək əzmini itirir. Bu cür media heç kimə lazım olmur və cəmiyyət də ondan üz döndərir”.

Q.Məhərrəmli bu mənada qəzetlərin istifadə etdiyi kağızın, efirlərin yandırdığı elektrik enerjisinin boş yerə korlandığını, səmərəsiz olduğunu iddia edir:

“Medianın ictimai proseslərə təsir imkanları sıfıra enib. Artıq şahidiyik ki, bu gün Azərbaycanda nə qəzetlər, nə televiziya və radiolar cəmiyyəti düzgün əxz elətdirə, ictimai rəyə təsir edə bilmədiyinə görə nüfuzu yoxdur”.

Q.Məhərrəmli bütün bunlarla yanaşı cəmiyyətin öz vasitəçilərinə qarşı olan inamsızlığının aradan qaldırılmasına şəraitin olmadığını önə çəkib:

“İnam o vaxt sarsılır ki, qəzetin, televiziyanın verdiyi məlumatlar mötəbər olmasın. Yəni o daha çox yalanlar uydurur və jurnalist fəaliyyəti ilə deyil, təbliğat-təşviqatla, piarla məşğul olur”.

“Azad mühit və iqtisadi cəhətdən əlverişli situasiya olmalıdır”

Professor medianın fəaliyyəti üçün tələb olunan müəyyən şərtləri də önə çəkib. Onun sözlərinə görə, media üçün azad mühit və iqtisadi cəhətdən əlverişli situasiya olmalıdır ki, heç kimdən asılı olmasın:

“Əgər medianın iqtisadi cəhətdən dayaqları olmursa və kimlərdənsə asılı qalırsa, o, media mötəbərliyini itirir. Belə hallarda da medianın sözünün nə kəsəri olur nə də hörməti. Medianın 99 faizi asılı vəziyyətdədri, 1 faiz müstəqil saytlar var ki, can verən ölüyə bənzəyir”.

T.Qafarlı

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin