ABŞ Almaniyanın paytaxtı Berlin şəhərinin Çində sifariş etdiyi FFP2 və FFP3 tipli maskaları ələ keçirib.
Bu barədə ölkənin “Der Tagesspiegel” qəzeti məlumat yayıb. Qəzet əsasən tibb personalının SARS-CoV-2 tipli koronavirusdan qorunması üçün nəzərdə tutulan həmin müdafiə vasitələrinə amerikalıların əl qoyduğunu bildirib.
Xəbərdə Berlin şəhər rəhbərliyinin Çində işləyən bir amerikan istehsalat firmasından xüsusi respiratorlar da sifariş etdiyi, lakin alınan maska və avadanlıqların elə Almaniyaya gətirildiyi yolda, ABŞ-a göndərildiyi yazılıb.
“Der Tagesspiegel” ABŞ hakimiyyətinin federal səviyyədə milyonlarla tibbi mühafizə avadanlıqlarını Çindən uçuş zonalarında ələ keçirərək onları ikiqat pulunu ödəməklə Atlantik okeanının qərb sahilinə yönləndirdiyini vurğulayıb.
İş o həddə gəlib çatıb ki, Kanadanın baş naziri Castin Trüdo bu məsələnin aradırılması üçün Xarici işlər nazirliyinə xüsusi göstəriş verib.
Xatırladaq ki, bu gün Fransanın 3 regionunun rəhbərliyi ABŞ-a qarşı bənzər ittihamlarla çıxış edib. Ölkənin koronavirusdan əziyyət çəkən regionlarından sayılan Qrand-Estin başçısı Jan Rottner vəziyyətin dözülməz olduğunu söyləyib.(Musavat.com)