Maliyyə Nazirliyi: 10 təşkilatda 2,3 milyon manatlıq mənimsəmə aşkarlanıb

0
1303

Faktlar Baş Prokurorluğa göndərilib

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2017-ci ildə risklərin qiymətləndirilməsi məqsədilə 14 şəhər və rayonda yoxlama aparıb.

Bu barədə qurumun 2017-ci ildə aparılan maliyyə nəzarəti tədbirlərinin nəticələri haqqında məlumatında deyilir (http://www.maliyye.gov.az/node/2124).

11 təhsil, 10 səhiyyə müəssisəsi yoxlanılıb

Bildirilir ki, icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların və şəhərlərin abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, təmizlik və yaşıllıq  xidməti göstərən qurumlara, 1 şəhər ərazi  nümayəndəliyinə, həmçinin 11 təhsil, 10 səhiyyə, 1 meliorasiya və su təsərrüfatı müəssisələrinə, 1 statistika müəssisəsinə, 1 mərkəzi icra hakimiyyəti orqanına, 2 diplomatik nümayəndəliyə, regional maliyyə müfəttişliklərinin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb, 2 açıq səhmdar cəmiyyətdə suvarma layihələrinin icrası üzrə monitorinq aparılıb.

Əsassız ödənişlər dayandırlıb

Dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına aşkar olunan 7 mln. 367,9 min manat məbləğində artıq ödənişlərin 4 mln. 673,7 min manatının yoxlamaların gedişində, 81,8 min manatının isə cari ilin əvvəlində bərpası təmin edilib, qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış sinif komplektləri və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan qruplar, müxtəlif vəzifələr üzrə normadan artıq saxlanılan ştat vahidləri ləğv edilib, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Mənimsəmə faktları aşkarlanıb

Bildirilir ki, hesabat dövründə ümumilikdə aşkar edilən artıq ödənişlərin 10 təşkilat üzrə 2 mln. 331,8 min manat hissəsinə dair yoxlama materiallarında məniməsəmə əlamətləri müşahidə edilib. Buna görə də həmin sənədlər Baş Prokurorluğa göndərilib.

“Aşkar edilən əsassız ödənişlərin 4 təşkilat üzrə 280,6 min manat hissəsinə dair yoxlama materialları isə İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədi ilə aidiyyatı üzrə prokurorluq orqanlarına göndərilib.

Hesabat dövründə Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun məktubları ilə Maliyyə Nazirliyinə göndərilən prokurorluq orqanlarının qərarlarına əsasən 8 təşkilatda prokurorluq orqanlarının qərarlarında qeyd olunan suallar yoxlanılıb, aşkar edilən 678,3 min manat məbləğində artıq və əsassız ödənişlərin 57,6 min manat hissəsi yoxlamaların gedişində bərpa edilib, yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib”- məlumatda deyilir.

Vətəndaşların şikayətləri təsdiqini tapıb

Məlumatda o da qeyd olunur ki, ötən il müxtəlif dövlət orqanlarına ünvanlanan və həmin orqanlar tərəfindən Maliyyə Nazirliyinə göndərilən 260-dan çox vətəndaş müraciəti araşdırılıb, müraciətlərdə qaldırılan məsələlərin xeyli hissəsi təsdiqini tapıb və vətəndaşların hüquqları bərpa edilib:

“Bu səpkili 20 müraciətin araşdırılması zamanı aşkar edilən nöqsanların ciddiliyi nəzərə alınaraq araşdırılmaların nəticələrinə dair tərtib edilən sənədlər həmin nöqsanlara hüquqi qiymət verilməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib”.

Məlumatda daha sonra qeyd olunur ki, aparılan nəzarət tədbirləri ilə büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermələri müəyyən edilən vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq inzibati protokollar tərtib edilib, İnzibati Xətalar Məcəlləsinin 410.1-ci və 410.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətdiklərinə görə 760 vəzifəli şəxsə ümumilikdə 639,0 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Əsas nöqsanlar

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda əsasən bu nöqsanlara yol veriblər: Abadlıq və təmir işlərin dəyəri podratçı təşkilatlar tərəfindən əsassız olaraq artırılıb; bəzi rayon icra hakimiyyətlərində malların dəyərinin ödənilməsi üçün nəzərdə tutulan vəsaitlərin işçilərdən birinin plastik kartına köçürüldüyü və sonradan plastik kartdan nağd qaydada çıxarılaraq pərakəndə satış məntəqələrindən nağd ödənişlə malların alınmasının həyata keçirildiyi bəlli olub; əməkhaqları əsassız olaraq artırılıb və artırılan hissə baş mühasiblərin və onlara yaxın adamların plastik kartlarına köçürülüb; ali və orta ixtisas təhsili müəssisələrində tələbələrdən təhsil haqqı yığılaraq vaxtında mədaxil edilməyib; xəstəxanalarda növbəti illər üçün ştat cədvəlləri tərtib edilərkən əvvəlki dövrlərdə vakant qalmış ştat vahidləri nəzərə alınmayıb və nəticədə bütün illərdə proqnozlaşdırılmış ştat vahidlərinin xeyli hissəsinin vakant qaldığı və bu hesaba əməkhaqqı fondunda yaranmış böyük məbləğdə sərbəst vəsaitin işçilərə əlavə haqq kimi ödəndiyi məlum olub.

Musiqi məktəblərində, baytarlıq idarələrində də plastik kartlara əlavə pulların köçürülməsi kimi hallar aşkarlanıb.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin