Mahmudovçu” generalların həbsi və casus şəbəkəsi mübhəmi – SENSASİON İDDİA

0
100
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevin və Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinovun həbs edilməsinə dair daha bir sensasion iddia var.

“Yeni Müsavat”ın verdiyi məlumata görə, bəzi təhlilçilər hesab edirlər ki, sabiq səfir Eldar Həsənovun, ardınca keçmiş korpus komandiri Rövşən Əkbərovun 20 ildən sonra cinayət məsuliyyətinə cəlb edilməsi, keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun şəbəkəsinə ciddi zərbə vurulmasının ardınca, MTN-in açar fiqurlarının da qandallanması təsadüfə oxşamır. İddialara görə, bu həbslərin Azərbaycanda xarici kəşfiyyata işləyən, Moskvadan təlimat alan şəbəkənin ifşasına səbəb ola biləcəyi ehtimal edilir. Yada salaq ki, generallar – Mövlam Şıxəliyev və Nizami Şirinov Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə, sübutları saxtalaşdırma, ağırlaşdırıcı hallarda rüşvət alma, ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham edilirlər.

Lakin N.Şirinovun Rusiya xüsusi xidmətinə bağlı olması barədə çoxsaylı iddiaların olduğunu da xatırlamaq yerinə düşər. Üstəlik, ordudakı N.Sadıkova bağlı şəbəkənin “vurulmasından” çox keçməmiş MTN-də Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi olmuş generalın həbsə göndərilməsi müəyyən şübhələrə, mülahizə və ehtimallara yol açır.

M.Şıxəliyevə gəlincə, Baş İstintaq İdarəsinin rəisi işləyib və onun daxildə ciddi informasiyalara çıxış imkanı olub. O baxımdan hər iki generalın daxildə və xaricdə kanallarının ola biləcəyi, hərbi sirlərə çıxışı imkanları ehtimal olunaraq Moskvadan təlimat alan qruplaşmanın ifşasına yönəlik yeni proses başladıla bilər. Təhlilçilərin fikrincə, Şirinov və Şıxəliyev işdən çıxarılandan sonra ciddi nəzarət altında olublar, eyni zamanda sirləri yaymamaqla bağlı öhdəlikləri də olmamış deyil.

Lakin çox güman ki, işdən uzaqlaşdırılandan sonra hansısa fəaliyyətləri təsbit edilib, sabiq nazir Eldar Mahmudovun ətrafında yenidən təşkilatlanmağa çalışıblar. Aydındır ki, ifşa olunmuş bu qrup hakimiyyətdən narazı qalıb və heyif çıxmaq üçün müəyyən hərəkətlənmələri diqqət çəkib. Əks halda, “MTN işi” bağlandığı, Mahmudovun “sağ əli” Akif Çovdarov belə azadlığa buraxıldığı halda gözlənilmədən iki generalın həbsinə səbəb nə ola bilər? Onların malik olduğu sirlər qarşıdakı günlərdə açıla bilərmi?

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı səslənən iddialar və ehtimallarla bağlı hər hansı şərh verə bilməyəcəyini vurğuladı, lakin onların cinayətə yol verdikləri üçün həbs edildiklərini qeyd etdi: “Onlara qarşı ittihamlar irəli sürülüb, konkret hansı cinayətlərlə bağlı həbs olunduqları məlumdur. Əgər ittihamlar təsdiqini taparsa, məhkəmə qərarı ilə cəzalarını alacaqlar”.

Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, əvvəla, “MTN işi” bağlanmayıb, daha doğrusu, belə məsələlər qapadılmır, ifşaedici materiallar saxlanılır. İ.İsmayılın sözlərinə görə, hətta 20 il əvvəlki cinayətin istintaqı belə başlana bilir və bunu yaxın keçmişdə general Rövşən Əkbərovun həbsində şahid olduq. MTN generallarının həbsinə gəlincə, ekspert qeyd etdi ki, həm M.Şıxəliyev, həm N.Şirinovun tutduğu vəzifəyə görə hərbi qulluqçu sayılırdılar, onlarda məxfi sirlərin olması mümkündür.

İ.İsmayılın sözlərinə görə, ordu ilə bağlı məsələlərdə M.Şıxəliyevdən fərqli olaraq, N.Şirinovun bu sahə birbaşa işi olub: “Düşmənin təxribatının qarşısını almaqdan tutmuş ordudakı neqativ, pozuculuq hallarının üzə çıxarılmasına, təhlilinə qədər məlumat çatdırılmalıydı. Amma bu işlər Eldar Mahmudovun rəhbərliyi dövründə vaxtında görülməyib, ordudakılarla birlikdə rüşvətlə məşğul olublar, bir-birinin günahlarını yumaqla, ört-basdır etməklə məşğul olublar. Ona gorə onların həbsində hərbi sirrə çıxış, ordu ilə bağlı hissə varsa belə, bu, Nizami Şirinova şamil ola bilər. Bu həbslər də ehtimalıma görə, açar şəxsə çıxmaq üçün atılan addımlardan biridir”.

İ.İsmayıl istisna etmir ki, açar şəxs keçmiş nazir Eldar Mahmudovun özü də ola bilər: “Görünür ki, o, hansısa cinayət məsuliyyətindən kənarda qalıb. Ehtimal edə bilərik ki, perspektivdə Eldar Mahmudov məsuliyyətə cəlb oluna bilər. Odur ki, bu iş davam edəcək, başqaları da istintaqa cəlb oluna bilər. Rövşən Əkbərovun həbsi göstərdi ki, köhnə heç nə yoxdur, hər şeyin ortaya qoyulması iradəli qərarlardan asılıdır”.

Qeyd edək ki, 2021-ci ilin geridə qalan 4 ayı ərzində vaxtilə yüksək vəzifəsi olmuş bir neçə şəxs dəmir barmaqlıqlar arasına salınıb. Bunlar arasında hətta keçmiş nazirlər də var. Məsələn, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov. DTX tərəfindən saxlanılan sabiq nazir barəsində həbs-qətimkan tədbiri seçilib. İki ay öncə saxlanılan Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilir.

2017-ci ilədək Naxçıvanın daxili işlər naziri olmuş general-leytenant Əhməd Əhmədov da hazırda həbsdədir. Mənimsəmədə ittiham olunan sabiq nazir barədə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsindən sonra muxtar respublikanın keçmiş təhsil naziri Məmməd Qəribov da saxlanılıb. O da yeyintidə ittiham edilib. M.Qəribov 2016-cı ilin fevral ayında təhsil naziri təyin edilib, 2018-ci ilin iyul ayında vəzifədən çıxarılıb.

Cari ildə daha bir general isə fərqli səbəbdən həbs edilib. Söhbət general-leytenant Rövşən Əkbərovdan gedir. Barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilən sabiq birlik komandiri Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilir. İttihama görə, Rövşən Əkbərov Ukraynanın paytaxtı Kiyevdə yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, iş adamı Əliyev Elçin Fəday oğlunun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu öldürüb.

2021-ci ildə həbs edilən yüksək vəzifəli məmurlardan biri də “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovdur. Sonunculardan isə MTN-in sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin