Məşhurlar Novruzdan nə qazanacaq? – “Qaz vurub, qazan dolduranlar” da şikayətlənir – SORĞU

0
915

Son illər müğənnilər iqtisadi böhran, bahalıqdan şikayətlənir, toyların sayının kəskin azalmasından şikayətlənirlər. Mart – bayramlar ayıdır. Artıq Novruz bayramının astanasındayıq. Görəsən, bayram günü sənət adamları harada qeyd edəcəklər, evdə, ya şou-proqramlarda? Onlar bu dəfə “qaz vurub, qazan doldura” biləcəklərmi?

Aparıcı Kamran Həsənli bayram günü iş başında olacağını deyərək, şou-proqramlarının olacağını söyləyib.

Tez-tez səfərlərdə olan müğənni Afaq Aslan Novruz bayramını vətəndə qeyd edəcək. Uşaqlıqda qulaq falına çıxdığını deyən ifaçı bu inanclara artıq marağını itirib. Əlindən şəkərbura, paxlava və şorqoğal bişirmək gəlməyən Afaq “Mamam” bişirir, biz yeyirik,” – deyə bildirib.

Elariz Məmmədoğlu bayramı evində deyil, iş başında qeyd edəcək:

“Martın 20-dən 26-dək hər gün Fəvvarələr bağında Novruz şənliyi ilə əlaqədar çıxışım var. Axşamlar da şou-proqramlarda olacağam. Yəni bu bayram mənim üçün çox məhsuldar keçəcək. Novruz bayramı dini bayram deyil. Təbiətin oyanışı ilə bağlı olan bir bayramdır. Ümumiyyətlə, mən Novruz sözünün əleyhinəyəm. Novruz fars sözüdür. Nov – yeni, ruz – gün deməkdir. Bu yeni günü biz elə öz türkçəmizdə “Bahar bayramı” deyə bilərik. Çünki baharın gəlişi ilə əlaqədar olaraq, bizim dədələrimiz-babalarımız bu bayramı keçiriblər. Ona görə də, bunu Novruz bayramı kimi adlandırmaq düzgün deyil. Bahar bayramı mənim xatirimdə gözəl adətlərlə qalıb. Uşaq vaxtı səməninin cücərdilməsini görəndə qəribə hislər keçirirdim, mənə çox maraqlı gəlirdi. Müxtəlif şirniyyatlar, by bayramın atributu olan ləziz nemətlər hazırlanardı. Sovetlər dönəmində mağazalarda şəkərbura, paxlava olmazdı. Amma indi marketlərdə ilboyu bunların hamısına rast gəlmək olar. Şəkərbura, paxlava, şorqoğal, ürəyimiz nə istəyirik, ala bilirik. O vaxtlar kasıb-varlı hər kəs bu şirniyyatları bişirirdi və bir-birinə pay verirdi. Tonqal qalayardıq, üstündən tullanardıq. Bu adət mənim ən sevdiyim idi”.

Əməkdar artist Ədalət Şükürov bayramı vətəndən uzaqda qeyd edəcək:

“Sabah Moskvaya uçuruq. Bir neçə gün ard-arda Moskvada Novruz bayramı ilə əlaqədar konsertimiz olacaq”.

Əməkdar artist Firuzə İbadova bayram günlərində Bakıda olacaq:

“Mən Novruzu öz vətənimdə, anamın, övladlarımın yanında keçirməyi sevirəm. Novruz sevdiyim bayramdır, təbiət canlanır. Bundan gözəl nə ola bilər ki?!
Bu il də ənənəmə sadiq qalacağam, bayramı evimdə olacağam”.

Xalq artisti Flora Kərimova da bayramı Bakıda keçirəcək:

“Bu bayramı oğlumla qızımla keçirəcəyəm. Başqa yerə getməyəcəyik, evdə olacağıq”.

Müğənni Nadir Qafarzadə işlərinin çoxluğundan şikayətləndi:

“Açığı, bəzən unuduram ki, bayramdır. O qədər iş var ki. Əslində, gəlirli işlər deyil. Bəzən insanlar elə bilir ki, müğənnilər getdikləri bütün tədbirlərdən pul qazanırlar. Düşünmürlər ki, elə tədbirlər var ki, ödənişli olmur. Bu, bizim bir vətəndaş olaraq borcumuzdur. Hər şeyi pulla ölçmək olmaz. Tədbirlər, çəkilişlər, xalq konsertləri pulsuz-parasızdır. Mən bunu deyirəm ki, xalq bilsin, insanlar bilsin. Xalq bilir, amma içərisində hər şeyi pulla, maddiyyatla ölçən insanlar var ki, fikirləşir müğənni hara getdi, pul qazanır, buununla da milyonçu oldu. Uzun sözün qısası, bu bayramda başım yenə də işlərimə qarışacaq”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin