Mənzil fırıldaqçılarının “əl-qolu bağlanır” – Təkliflər var

0
864

“Eyni mənzilin bir neçə nəfərə satılması problemi uzun müddətdir ki, müzakirə edilən məsələlərdən idi. Xatırlayırsınızsa, 3 il öncə bununla bağlı təkliflərimi hökumətə də təqdim etmişdim . Artıq həmin təkliflərdən bir neçəsi nəzərə alınaraq “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanuna əlavə edilib. Yeni qaydalara əsasən, “qabaqcadan qeydiyyat” institutu təkmilləşdiriləcək və mənzillərin satışı zamanı daşınmaz əmlakın dövlət reyestri aparılacaq. Mülkiyyətçi ilə mənzil alan arasında müqavilə notariat qaydada bağlanmalıdır. Bu qaydaların tətbiqi yubansa da, bütün hallarda bu dəyişikliklər müsbət qiymətləndirilməlidir. Çünki bu mənzil fırıldaqçılarının “əl-qolunu bağlayacaq”. Güman olunur ki, yeni qaydalar eyni mənzilin bir neçə nəfərə satlmasının qarşısını almağa yardım edəcək”.

Bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

#3600328##

Bununla yanaşı, ekspertin sözlərinə görə, prosesin tam şəffaflaşması üçün təkliflərin hamısının qəbul edilməsinə ehtiyac var. Məsələn, onun fikrincə, bir sıra MDB ölkələrində olduğu kimi, Azərbaycanda da tikinti şirkətlərinin internet səhifəsinin olması icbari xarakter daşımalıdır: “Öz internet səhifələrində tikinti şirkətləri inşa edilən və ya inşa ediləcək binada satılan mənzillərlə bağlı məlumat yerləşdirir. Bu da imkan verir ki, alıcı hər hansı bir şirkətin inşa etdiyi binada mənzil almaq istəyərkən həmin şirkətin veb-səhifəsinə daxil olmaqla müəyyən edə bilsin ki, hansı mənzillər satılıb, hansılar satılmayıb. Eyni zamanda, tikinti şirkəti öz saytında hər bir müştəriyə xüsusi kabinet açır və o da mütəmadi olaraq ora daxil olaraq ödəniş, tikinti prosesi və digər məlumatları əldə edə bilir. Bu, eyni zamanda şirkətlərin şəffaf işləməsinə də imkan yaradır”.

Mərkəzin rəhbəri, həmçinin təklif edir ki, satılan mənzillərin elektron qeydiyyatının aparılması icbari xarakter daşımalıdır: “Yəni, məsələn, yeni inşa edilən binada 3-cü blokda 10 saylı mənzil satılbsa, artıq onun məlumatlarını sistemə yenidən daxil etmək olmur, elektron sistem qəbul etmir və bununla da alıcı həmin mənzilin artıq satıldığını bilir”.

İqtisadçının qənatincə, hətta “kupçası” olmayan mənzillərin də satılması zamanı nağd ödənişlər qadağan edilməlidir: “Ödənişlər yalnız banklar vasitəsi ilə həyata keçirilməlidir və həyata keçirilən bank əməliyyatı ilə bağlı bütün məlumatlar isə şirkətin saytında yerləşdirilməlidir”.

V.Bayramov hesab edir ki, qanunvericilikdə dələduzluqla məşğul olan tikinti şirkətlərinə qarşı cərimələrin və cəzanın daha ağırlaşdırılmasına ehtiyac var.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin