Mənzil bazarında vəziyyət necədir? – EVLƏRİN QİYMƏTİ

0
1127

Manatın devalvasiyasından sonra qida məhsullarının qiymətində artım müşahidə olunsa da, daşınmaz əmlak bazarında müştəri qıtlığı üzündən qiymətlər kəskin şəkildə enib.

Hazırda Bakıda iki otaqlı mənzillər 55-65 min manata, 3 otaqlılar isə 70-90 min manata satılır. Mərtəbələrdən asılı olaraq mənzillərin qiymətində müəyyən fərqlər var.

Şəhərin ən bahalı mənzilləri isə əsasən Nizami küçəsində və “Elmlər Akademiyası” metro stansiyasının ətrafında yerləşir. “Elmlər Akademiyası” metro stansiyası ətrafında “Xruşşovka” evlərdə 1 otaqlı mənzillərin qiyməti 57-63 min manat arasında dəyişir. 2 otaqlılar 85-130 min manata, 3 otaqlılar isə 100-180 min manata satılır.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli mənzil bazarındakı durğunluğun səbəblərindən danışıb:

“2013-2014-cü ilin qiymətlərinə baxdıqda, bahalı seqmentdə olan evlərin qiyməti bir neçə dəfə aşağı düşüb. Həmin qiymətlər reallığı əks etdirmirdi. Neftin qiymətinin yüksək olduğu dövrdə gəlirlər də normal idi. Rusiyadan gələn vəsait bazarda önəmli rol oynayırdı. 2014-cü ildən başlayaraq büdcə xərcləmələri azalıb. Son məlumatlara görə, 2013-cü ildən etibarən Rusiyadan gələn vəsait 7 dəfə azalıb. Bu da daşınmaz əmlak bazarında ucuzlaşmaya gətirib çıxarıb. Hazırda bazarda bir durğunluq var. Problemdən çıxış yolu kimi hökümət bəzi canlandırıcı addımlar atır. Mikrorayonların yenidən qurulması, Xruşşovka binaların sökülüb yenisi ilə əvəzlənməsi kimi layihələr həyata keçirilir. Sosial mənzil layihəsinə start verilib. Bunlar canlanmanın yaranmasına xidmət edəcək addımlardır. Lakin mexanizmlər tam işlək vəziyyətdə deyil. 2015-2016-cı illərdə ipoteka kreditlərinin verilməsi xeyli dərəcədə zəifləyib. 2016-cı il isə ən az ipoteka krediti verilən il oldu.Problemli kreditlərin həcmi kifayət qədər yüksəlib. Bu da bankların yenidən kreditləşmə xətlərinin açılmasına mane olur. Qiymətlərin dollar ekvivalentində sabitləşməsi dövrü yaşanır. Əvvəllər manat sabit olan zaman qiymətlər uzun illər manat ekvivalentində idi. Hazırda vəziyyət 90-cı, 2000-ci illərin əvvəlindəki kimidir. Qiymətlər dollarla sabitləşir. Qiymətlərin enmə ehtimalı çox yüksəkdir. Növbəti ilin əvvəllərində tikinti sektorunda müəyyən canlanma müşahidə olunarsa, satışların həcmində müəyyən tərpəniş olarsa, 1 və 2 otaqlı evlərin qiymətlərin manat ekvivalentində yüksəlməsini görmək mümkün olacaq”.

Aytən Novruzova

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin