“Məmurlar Prezidentin tapşırıq və tövsiyələrini qüsursuz yerinə yetirsəydilər…”

0
1016
“Ehtiyacını hər kimdən istəsən onun əsiri olarsan”. Həzrəti Əlinin bu müdrik kəlamı insanlara aid olsa da, ölkələr üçün də belədir. Əgər bir dövlət insanların zəruri ehtiyacları üçün başqa ölkədən asılıdırsa, o heç vaxt müstəqil yaşaya və inkişaf edə bilməz. Odur ki, hər bir ölkənin qarşısında duran mühüm vəzifələrdən biri, bəlkə də birincisi enerji və ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Çünki zəruri ehtiyacların ödənilməsi yalnız bu iki amildən asılıdır. Bir-birinə bağlı olan enerji və ərzaq təhlükəsizliyi təmin olunmadan bir ölkənin müstəqil yaşaması, tarixini, milli dəyərlərini, təbii sərvətlərini qoruya bilməsi, öz şərtlərini diktə etməsi mümkün deyil. Əgər yaşamaq üçün ərzaq məhsullarını kimdənsə alırıqsa, o da bunun müqabilində bizdən dəyəri heç bir valyuta ilə ölçülməyənləri istəyəcək. Ona görə də ərzaq təhlükəsizliyi ölkələrin milli təhlükəsizlik sisteminin tərkib hissəsi kimi qəbul edilir.
 
BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının mütəxəssisləri tərəfindən müəyyən edilmiş kriteriyalara görə ərzaq təhlükəsizliyi dedikdə bütün insanların kifayət qədər keyfiyyətli qidaya fiziki və iqtisadi çıxış imkanlarına malik olması başa düşülür. Təşkilatın 2008-ci ildə Romada keçirdiyi sammitdə qəbul olunmuş bəyannamədə deyilir ki, hər bir dövlət öz vətəndaşlarının sağlamlığı üçün onları təhlükəsiz qida ilə təmin etməyə borcludur. Ərzaq təhlükəsizliyi təmin edilən ölkələr idxaldan asılı olmur, ərzaq sistemini mövsüm, hava və digər amillərlə bağlı risklərdən qoruyur, beləliklə, heç kimə möhtac olmadan yaşayır və müstəqil siyasət yürüdürlər.
Bütün bunları dərindən təhlil edən Prezident İlham Əliyev tam müstəqil, heç kimdən asılı olmayan Azərbaycan uğrunda, sözün əsl mənasında, mübarizə aparır. Gəlin açıq etiraf edək ki, Onun bu yolda Mehriban xanım Əliyevadan başqa dəstəkçisi yoxdur. Çünki əgər məmurlar, sahibkarlar, torpaq mülkiyyətçiləri Prezidentin tapşırıq və tövsiyələrini qüsursuz yerinə yetirsəydilər, biz indi tamam başqa Azərbaycanda yaşayırdıq. Dövlət başçısı bilir ki, heç kimdən asılı olmamaq üçün gərək heç kimə möhtac olmayasan. Odur ki, Prezident ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının tamamilə yerli istehsal hesabına ödənilməsi üçün ciddi tədbirlər həyata keçirir. Ötən ilin sonlarında təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji Yol Xəritəsi” bu sahədə daha böyük uğurların qazanılmasına stimul olacaq. Prezidentin bölgələrə səfəri və keçirdiyi respublika müşavirələri də məhz buna xidmət edir. Sabirabadda və Saatlıda pambıqçılığın, Qaxda barama, tütün və fındıq, Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirələrinin keçirilməsi bu sahədə görüləcək işlərin miqyasından xəbər verir. Dünən Lənkəranda keçirilən müşavirədə Prezidentin səsləndirdiyi rəqəmlər göstərir ki, Azərbaycan bu sahədə xeyli irəli gedib. Ət istehsalı təxminən 100 faiz səviyyəsində daxili imkanlar hesabına təmin edilir. Toyuq əti 100 faiz, hətta ixrac edirik. Süd isə 80 faiz daxildə istehsal olunur. Pambıq sahələri 17 min hektardan 136 min hektara, tütün sahələri 3200 hektara, fındıq bağlarının sahəsi 55 min hektara çatdırılıb. Müstəqilliyin ilk ilində 1000 hektarda çəltik əkilmişdisə, 2016-cı ildə bu, 2500 hektara çatdırılıb və 5600 ton çəltik yığılıb. Bu il isə 5 min hektarda çəltik əkilib. Yəni, keçən illə müqayisədə əkin sahələri iki dəfə genişləndirilib. Bütün bunların nəticəsidir ki, bu ilin 7 ayında ticarət dövriyyəmizin müsbət saldosu əhəmiyyətli dərəcədə artıb. Biz 7 ay ərzində valyuta ehtiyatlarımızı böyük dərəcədə artıra bilmişik. Baxmayaraq ki, neftin qiyməti bu gün də çox aşağı səviyyədədir, biz 7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar səviyyəsində artırmışıq.
 
Ancaq dövlət başçısı açıq şəkildə dedi ki, bu sahədə görüləcək işlər çoxdur və Azərbaycan hələ öz hədəflərinə çatmayıb. Prezident nitqində bir sıra vacib rəqəmlər səsləndirərək sanki yatmış insanları oyatdı, hər kəsə, xüsusilə sahibkarlara çağırış etdi. Ölkə rəhbərinin nitqində səsləndirdiyi rəqəmlər çox ciddi mətləblərdən xəbər verir. Əslində Prezident ölkəyə idxal məhsulları gətirilməsində maraqlı olan oliqarxlara savaş açıb. Onların qurduğu oyunları pozmaq üçün isə sahibkarları, torpaq mülkiyyətçilərini Ona kömək etməyə çağırır. Çünki başqalarından fərqli olaraq, O, bu ölkənin gələcəyini düşünür, millətinə canı yanır, Azərbaycanın heç kimdən asılı olmamasına çalışır.  Dövlət başçısı istəsə bir gündə ölkəyə ərzaq məhsulları gətirilməsini qadağan edə bilər. Onda bəs nə yeyərik? Prezident hardan nə alırıq, ölkədən xaricə nə qədər valyuta axını var, hamısını açıqladı.
Sitat: “Hər il ölkəmizə 45 milyon dollarlıq çay, 37 milyon dollarlıq düyü, 17 milyon dollarlıq sitrus meyvələri idxal olunur. Bu da təqribən 100 milyon dollar deməkdir”.
  “Mən bu rəqəmləri ona görə səsləndirirəm ki, sahibkarlar bunu eşitsinlər” deyən dövlət başçısı kənd təsərrüfatı ilə məşğul olanları bu sahənin inkişafına dəstək olmağa səslədi.
100 milyon dollar çox böyük vəsaitdir. Bu hələ yalnız  üç sahənin ümümi idxal həcmidir. İdxal məhsullarına görə Azərbaycan hər il 100 milyonlarla dollar vəsait itirir. Dövlət başçısı bunun qarşının alınmasında israrlı və qərarlıdır. Prezident Qaxda keçirilən müşavirədə də buna bənzər fikirlər və ciddi rəqəmlər səsləndirmişdi.
Sitat: “Azərbaycanda 10 milyard siqaret istehlak olunur. Onlardan isə cəmi 1 milyard 600 milyonu Azərbaycanda istehsal edilir. Yəni, 9 milyard siqaret Azərbaycana idxal edilir və bu məqsədlə Azərbaycandan hər il xaricə təxminən 150 milyon dollar valyuta gedir”.
Bunun qarşısının alınması isə sahibkarlardan və millətimizin iradəsindən asılıdır. Yerli məhsullar istehsal edib özümüzü təmin etməklə yanaşı, biz güclü ixrac potensialı da yaratmalıyıq. Ölkə rəhbəri dünən keçirilən müşavirədə bununla bağlı da konkret tapşırıqlar verdi: “Əsas məsələ ondan ibarətdir ki, biz böyük ixrac potensialı da yaradaq. Verilən tapşırıqlar yerinə yetirilməlidir. Belə olan halda biz bu məqsədə çatacağıq. Bununla paralel olaraq, biz bu məhsullar üçün ixrac bazarlarını da axtarmalıyıq”.
Ölkə rəhbərinin dünənki nitqində bir nüans xüsusilə diqqətimi cəlb etdi. Prezident dedi ki, bölgələrdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır. Biz artıq bunu da görürük ki, əvvəlki illərdə Bakıya bütün bölgələrdən müşahidə olunan miqrasiya indi azalıbdır, eyni zamanda, əks proses də başlayıb. İndi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb.
Deməli, Prezident bu işləri görərkən təkcə  idxaldan asılılığı aradan qaldırmğı hədəfləmir. Prezidentin hədəflərindən biri də son illərin böyük bəlasına çevrilmiş kənddən şəhərə köçün qarşısını almaqdır. Axı Bakı bezrazmer deyil. Bu qədər insanın paytaxta axın etməsi çox ciddi problemlərdən biridir. Amma kənddə işi-gücü olmayan nə etməli idi? Məcbur Bakıya üz tutmalıydı. İndi artıq Bakıya gəlməyə ehtiyac yoxdur. Hər kəs öz rayonunda, kəndində dolanışığını təmin edə bilər.Yetər ki, torpaqdan möhkəm yapışsın.
Nəyə görə 9 iqlim qurşağının, bərəkətli torpaqların olduğu, kənd təsərrüfatının inkişafına külli miqdarda vəsaitin ayrıldığı, dövlət dəstəyinin göstərildiyi Azərbaycanda biz hansısa məhsulu idxal etməliyik? Niyə biz bu qədər imkanla satan yox, alan tərəf olmalıyıq? Bu suallara cavab tapmaq, onun həllinə nail olmaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Gəlin Azərbaycanımızın inkişafına öz töhfəmizi verək. Gəlin Bakının tikinti meydançalarında işləməyi, bu şəhərin iyrənc qoxulu yerlərindəki daxmalarda yaşamağı buraxıb öz kəndimizə, gözəl ev-eşiyimizə, torpağa qayıdaq. Bunu üçün özümüzdə cəsarət tapmalı və inanmalıyıq.
Görkəmli rəssam Pablo Pikasso haqqında oxuyarkən onun dediyi bir söz xüsusilə diqqətimi cəlb eləmişdi: “Uğur qazanmaq üçün inanmaq lazımdır”. Fikrimizcə, bütün uğurların təməlində inam dayanır. İnanaraq bütün çətinliklərə qalib gəlmək olar. İnanaq: həm dövlətimizin başçısına, həm də özümüzə. Biz bunu da başaracağıq. Hamımızın dəstəyi ilə çox keçməyəcək ki, Azərbaycan böyük ixrac potensialı olan  bir dövlətə çevriləcək və  xarici ölkələrdən bir çürük dənə də almayacağıq. Buna nail olmaq üçün Prezidentin göstərdiyi yolla getməliyik. Çünki dövlət başçısı bizi xoşbəxt gələcəyə,  hər kəsin hesablaşacağı, heç kimdən və heç nədən asılı olmayan qüdrətli Azərbaycan uğrunda mübarizəyə çağırır. Bizim də ən böyük arzumuz bu deyilmi?

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin