Məmur oliqarxiyası davam etdiyi müddətdə heç bir qanun təsirli olmayacaq – HƏQİQƏTƏN DƏ…

0
238

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rəqabət Məcəlləsinin qəbul olunmasının vacibliyi ilə bağlı çıxış edib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı nazir deyib ki, bu sənədin qəbul olunması ölkə sahibkarlığının inkişafında yeni mərhələ olacaq: “Şəxsən mən Rəqabət Məcəlləsinin mümkün qədər tez qəbul olunmasının tərəfdarıyam. Bu sənəd qüvvədə olmadığı müddətdə isə mövcud qanunlar və səlahiyyətlərimiz çərçivəsində rəqabəti təmin etməliyik”.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Rəqabət Məcəlləsini Nazirlər Kabinetinə təqdim edib. Məcəllə qanunvericiliyin təkmilləşdirilməsi, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyəti məqsədilə rəqabət orqanı və onun statusunu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini, rəqabəti məhdudlaşdıran saziş və hərəkətləri, həmçinin bazar paylarının coğrafi bölgüsü üçün meyarları müəyyən edir. Layihədə həmçinin, bazarda hökmran mövqe və bu mövqedən sui-istifadə hallarının təfərrüatlı izahı, haqsız rəqabət və onun formaları da öz əksini tapıb.

Qeyd edək ki, Rəqabət Məcəlləsi bir neçə dəfə Milli Məclisə təqdim edilsə də, yekunda geri qaytarılıb. Müstəqil ekspertlər hesab edirlər ki, məmur oliqarxiyası buna qarşı çıxır və məhz elə bu səbəbdən də məcəllənin qəbulu yubanır.

Bəs, görəsən, bu qanunun qəbulu Azərbaycanda sahibkarlığın inkişafına hansı töhfələri verəcək?

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Vahid Əhmədov AYNA-ya açıqlamasında Rəqabət Məcəlləsinin qəbul edilməsinin labüd olduğunu deyib: “Əslində, bu məcəllə çoxdan qəbul edilməli idi. Çox təəssüf ki, bu günə qədər qəbul edilməyib. Lakin hələ də gec deyil. İqtisadiyyat naziri Mikayıl Cabbarovun Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə bağlı açıqlaması müsbət məqamdır. Əgər biz liberal bazar iqtisadiyyatı dövründə sağlam rəqabətə nail olmaq və ədaləti təmin etmək istəyiriksə, mütləq bu məcəllə qəbul olunmalıdır”.

“Məlumdur ki, pandemiya, müharibələr, beynəlxalq münasibətlər sistemində yaşanan gərginliklər dünyada iqtisadi böhran yaradıb. Bunun fonunda qiymətlər artır, istehlakçılar çıxılmaz duruma düşürlər. Azərbaycan hökuməti çalışmalıdır ki, dünya miqyasında baş verən bahalaşmanı müxtəlif yollarla kompensasiya etsin. Onsuz da bahalaşma davam edəcək. Rəqabət Məcəlləsi qəbul edilərsə, bu, imkan verəcək ki, bəzi işbazların və inhisarçıların qiymətləri süni yolla qaldırmaq cəhdlərinin qarşısı alınsın”, – deyə deputat bildirib.

Əhmədovun sözlərinə görə, Azərbaycanda monopoliya mövcuddur və bunu etiraf etmək lazımdır: “Bəzən belə iddialara rast gəlirik ki, “ölkədə monopoliya yoxdur”. Lakin hər kəsə məlumdur ki, var! Biz yalnız həqiqəti söyləməklə irəli gedə bilərik. Hər şeyi təkzib etməklə uğur qazanmaq olmaz. Cənab Prezident İlham Əliyev son prezident seçkilərindən sonra inauqurasiya çıxışı zamanı söylədi ki, ölkə boyu komleks islahatlar həyata keçiriləcək. Bu islahatlar davam edir. Hakimiyyət qolları yenilənir, idarəetməyə yeni nəfəs gəlir. Əksər sahələrdə dəyişiklikləri hiss edirik. İqtisadi sahədə də islahatlar dərinləşməlidir. Bazar subyektləri sağlam rəqabət əsasında fəaliyyət göstərməlidir. Rəqabət Məcəlləsinin qəbulu bu xüsuda olduqca vacib məqamdır. Belə olarsa, həm sahibkarlıq mühiti yeni mərhələyə adlayacaq, həm də süni qiymət artımlarının qarşısı alınacaq”.

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin keçmiş üzvü, iqtisadçı alim Nazim Bəydəmirli isə AYNA-ya şərhində qeyd edib ki, məmur oliqarxiyası mövcud olduğu müddətdə Rəqabət Məcəlləsinin qəbulu da təsirli olmayacaq: “Mikayıl Cabbarov Milli Məclisin komitə iclasında Rəqabət Məcəlləsinin qəbul olunacağı ilə bağlı fikirlər səsləndirib. Hələ o zaman mən deputat, Mikayıl Cabbarov isə iqtisadiyyat nazirinin müavini olduğu dövrdə bu məcəllə Milli Məclisdə müzakirə edildi. Həmin layihəni parlamentə təqdim edən də Mikayıl Cabbarov idi. Görünən o idi ki, onlar bu məcəllənin qəbul olunmasına nail olmaq istəyirlər. Lakin buna müvəffəq olmadılar. Nəyə görə olmadılar? Ona görə ki, məmur oliqarxiyası – hansı ki, biznes subyektlərini öz nəzarətində görmək istəyirlər – buna imkan vermədilər”.

“İnhisarçılıq bu gün də davam edir. İqtisadiyyat nazirinin təşəbbüsü təqdirəlayiqdir. Lakin bu, baş verəcəkmi? Nəzərə alsaq ki, məcəllə bir neçə dəfə parlamentin müzakirəsinə çıxarılıb və geri qaytarılıb, bu barədə nikbin proqnozlar səsləndirmək çətindir”, – deyə həmsöhbətimiz vurğulayıb.

Bəydəmirlinin məcəllənin qəbulundan da ciddi gözləntiləri yoxdur: “Deyək ki, Rəqabət Məcəlləsi qəbul edildi… Azərbaycanda nə qədər qanun var ki, ideal səviyyədə hazırlanıb, lakin işlək deyil. Bu məcəllə də qəbul edilərsə, işlək olmayacaq. Təbii ki, müəyyən müsbət dəyilşikliklər olacaq. Lakin bununla məmur oliqarxiyasının tamamilə aradan qalxacağını və ölkədə azad sahibkarlıq mühitinin formalaşacağını söyləmək çətindir, hətta mümkünsüzdür. Çünki Azərbaycanda əksər problemlər siyasi iradə ilə öz həllini tapır, qanunla yox. Əgər biz iqtisadiyyatı inkişaf etdirmək, istehlakçı hüquqlarını müdafiə etmək, bazarda ucuzluq yaranmasını istəyiriksə, ilk növbədə məmur biznesinin qarşısını almalıyıq. Bu, baş verməyənə qədər atılacaq addımların, veriləcək qərarların elə də ciddi əhəmiyyəti olmayacaq”.

AYNA-nın digər həmsöhbəti – “Agromix” şirkətinin təsisçisi Gülpəri Bayramova isə Rəqabət Məcəlləsinin qəbul edilməsini zəruri sayır: “Məlumdur ki, uzun müddətdir sahibkarlar Rəqabət Məcəlləsinin qəbulunu gözləyirlər. Bu gözlənti əslində təbiidir. Məcəllə sahibkarlar arasında sağlam rəqabətin yaranmasına imkan verəcək. Bunun üçün hüquqi baza rolunda çıxış edəcək. Nəzərə alanda ki, son dövrlər dünya miqyasında bir böhran hökm sürür və hər bir ölkə bundan çıxış yolları üzərində düşünür, Rəqabət Məcəlləsinin qəbulu qiymət artımlarını minimuma endirməyə şərait yaradacaq. Bu sahədə mövcud olan sui-istifadə hallarının qarşısını alacaq”.

“Ərzaq təhlükəsizliyinin prioritet istiqamətə çevrildiyi hazırkı şəraitdə bu, olduqca vacib bir addım olardı. Özəl sektor keyfiyyətcə yeni mərhələyə qədəm qoyur, Rəqabət Məcəlləsi azad və sağlam rəqabət mühitini formalaşdırmağa, onun prinsiplərinin qorunmasına və inkişafına öz töhfəsini verəcək”, – deyə müsahibimiz söyləyib.

Sahibkar bəzi biznes subyektlərinin bazara diqtə etdiklərini deyib: “Liberal bazar iqtisadiyyatı dövründə bazara inzibati müdaxilə yolverilməz olsa da, bəzi biznes subyektləri sui-istifadə hallarına yol verirlər. Misal üçün, götürək elə bizim sahəni. Dövlət fermerlərə dəstək olur, onlara subsidiyalar ayırır, kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı müxtəlif proqramlar icra edir. Fermerlər minbir əziyyətlə məhsul becərir, ərsəyə gətirirlər. Nəticədə məhsulu onlardan almalı olan biznes subyektləri inhisarçı mövqedə olduqlarına görə, becərilən məhsulları ucuz qiymətə alır, özləri isə istədiyi kimi qiymət siyasəti formalaşdırırlar. Nəticədə isə əkinçilər zərərə məruz qalırlar. Çünki onların xərcləri çoxdur”.

“Bütün hallarda bazar mühiti sağlamlaşdırılmalı, rəqabət şəraiti yaradılmalı, süni qiymət artımlarına və inhisarçılığa qarşı mübarizə tədbirləri gücləndirilməlidir. Bu mənada Rəqabət Məcəlləsinin qəbul olunması vacibdir. Məcəllənin qəbulundan sonra isə artıq nəzarət mexanizmləri işə düşməli, bazar subyektlərinə nəzarət gücləndirilməlidir. Yerli istehsalı təşviq etmək, keyfiyyətli məhsul ərsəyə gətirmək, istehlakçı hüquqlarını qorumaq istəyiriksə, özəl sektorda islahatları dərinləşdirməliyik. Yalnız bu yolla ciddi nəticələrə nail olmaq mümkündür”, – deyə Bayramova fikrini yekunlaşdırıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin