“Məktəbli forması olmasa, uşağımız məktəbə buraxılmayacaq?” – valideynlər təlaşda

0
656

Təhsil Nazirliyi: “Direktorlar belə tələb irəli sürə bilməz”

Məktəblərin açılmasına az vaxt qalıb. Odur ki, valideynlər artıq indidən tədarük görməyə çalışırlar. Ən çox sual olunan məsələ isə məktəbli geyimləri ilə bağlıdır. Bəzi valideynlər narazılıq edir ki, məktəblər onlara məktəbli formaları ilə bağlı nümunə göndərib: “Deyirlər ki, bu formaları almalıyıq. Axı nazir demişdi ki, məcburi deyil, onu göndərməklə nə demək istəyirlər. Məktəbə gedəndə bizi buraxmayacaqlar?!”

Yada salaq ki, ötən ayın sonu təhsil naziri Emin Əmrullayev keçirdiyi mətbuat konfransında demişdi ki, Azərbaycan məktəblərində şagirdlərə hər hansı bir formanın geyinməsi ilə bağlı tələb yoxdur. Nazir bildirib ki, bu, ayrı-ayrı məktəblərin verəcəyi qərardır: “Əgər məktəb qərar verirsə, valideyn ona uyğun forma seçə bilər. Ancaq heç kimin səlahiyyəti yoxdur ki, məcbur etsin. Formanın mahiyyəti budur ki, hamı bərabər olsun. Heç kim ev mühitini məktəbə daşımasın, kimsə varlı-kasıb olmasına görə fərqlənməsin. Nazirlik yoxlamayacaq ki, niyə şagird forma geyinməyib. Nə də məktəb direktorunun haqqı yoxdur ki, forma tələb etsin. Məktəb qərar verdikdən sonra valideynlərin ona uyğun forma seçməsi məqsəduyğundur”, – deyə nazir əlavə edib.

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlayaraq anlaşılmazlığa aydınlıq gətirməyə çalışdıq. Bildirildi ki, bu il məktəbli forması ilə bağlı hər hansı tələb yoxdur: “Nazirlər Kabinetinin də bu il üçün qərarı var. Direktorlar belə tələb irəli sürə bilməz. Yalnız gələn il üçün vahid məktəbli geyimi nəzərdə tutulub”.

Nəzərə çatdıraq ki, bu ilin mart ayında baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi” haqqında qərar imzalayıb. Qərara əsasən, dövlət ümumi təhsil müəssisəsi təhsil alanlarının geyim formalarının təsvirləri təsdiq edilib. Artıq növbəti tədris ilindən etibarən yeni məktəbli formalarının tətbiqinə başlanılacaq.  Bu Qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir, hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər. Göründüyü kimi, Nazirlər Kabinetinin qərarında da bildirilib ki, ötən il hazırda istifadə olunan geyim bu il üçün də tətbiq edilə bilər.

Etibar Əzimov: “Əlimizdə qala bilər” - Aktual TV

Etibar Əzimov 

Bununla belə, “Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov mediaya açıqlamasında deyib ki, məktəbli formaları avqustun 17-dən satışa çıxarılacaq: “Formalar hazırlandıqdan sonra anbarlara yığılır. Hazırda yalnız aşağı siniflər (I-VI) üçün formalar hazırlanıb. Zaman az olduğu üçün yuxarı siniflər üçün hələ ki forma hazırlanmayıb. Tikilən geyimlərin sayı hələ  məlum deyil. Qiymətlərə gəlincə isə, məktəbli formalarının qiyməti onun rəngindən, formasından və parçanın keyfiyyətindən asılıdır. Bununla bağlı hesablamalar aparıldıqdan sonra məlumat vermək mümkün olacaq”.

Qeyd edək ki, təhsilalanların yeni geyim forması oğlan və qızlar üçün ayrı olmaqla, qış və yay formalarından ibarətdir. Qızlar üçün yay forması – üçdüyməli qısaqol köynək və ətək. Oğlanlar üçün yay forması – üçdüyməli qısaqol köynək və şalvar. Qızlar üçün qış forması – üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket. Oğlanlar üçün qış forması – üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.

Afaq MİRAYİQ

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin