Lavrovun “3+3″ formatı: kim kimin yanında, kim kimə qarşı…

0
55

Bölgədə belə birlik formatlarının alınmaması kimlərin marağındadır?

 “Bölgədə ”3+3″ formatının yaradılması imkanları müzakirə olunur. İran bu təşəbbüsə müsbət yanaşır, eyni mövqeyi Azərbaycan və Türkiyədə də müşahidə edirik. Hazırda ermənistanlı həmkarlarımızla işləyirik. Hesab edirik ki, yaşadığı problemlərə rəğmən Gürcüstan da regionun sürətli inkişafı üzrə bu cür konsultasiyalar mexanizminin yaradılmasında öz marağını görə biləcək”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla Moskvada keçirilən mətbuat konfransında deyib. “Yeni Müsavat” xatırladır ki, “Altılıq platforması”nın yaradılması təşəbbüsünü Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ötən ilin dekabrında Zəfər paradı münasibətilə Bakıya gəlmiş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirmişdi. “Altılıq platformasının qurulması ilə bağlı təklif etdik – Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan. Bu platformanın yaradılması ilə artıq bölgədə bir sükut meydana gəlsin, düşmənliklər ortadan qalxsın”, –  deyə Ərdoğan bildirmişdi. Rusiya XİN də bu təklifə reaksiya verərək “Altılıq platforması”nın Bakı ilə İrəvan arasında etimadı artırmağa, həmçinin ölkələr arasında humanitar məsələləri həll etməyə kömək edəcəyini bildirmişdi. Amma indi görünür ki, altılıq formatı alınmayacaq. O səbəbdən “3+3” formatı ortaya atılıb. Güman etmək olar ki, o halda İran, Rusiya və Ermənistanın bir formatda, Gürcüstan, Azərbaycan və Türkiyənin digər formatda olması prosesindən söhbət gedir. Çünki bu ölkələr bir-birinə daha yaxındır. Amma bu, yenə həmin altılıq formatı deyil. Bu formatın alınmaması bölgədə ziddiyyətlərin qaldığını da göstərir. Gürcüstan-Rusiya gərginliyinə indi İran-Azərbaycan gərginliyi də əlavə olunub.

Bölgədə belə birlik formatlarının alınmaması kimlərin marağındadır?

 

YAP-çı deputat Hikmət Babaoğlu Lavrovun əslində Gürcüstana mesaj göndərdiyini qeyd etdi: “Toplananların yerini dəyişdikdə cəm dəyişmir. Əgər söhbət həqiqətən də altıtərəfli tərəfdaşlıq platformasından gedirsə, burada hər hansı ”3+3″, yaxud “2+4″ kombinasiyası o qədər də əhəmiyyət kəsb etmir. Ancaq bu o demək deyil ki, sizin sualınızda həqiqət payı azdır. Ona görə ki, bu platformanın baş tutması üçün heç də tərəflərin hamısının könüllü razılığı yoxdur. Belə bir platformanı zəruri edən Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq və ondan doğan yeni zərurətdir. Belə olduqda doğurdan da kimin-kiminlə sualı xeyli aktuallaşır. Ancaq düşünürəm ki, bu sual sonralar ilkin mərhələdə olduğu qədər aktual olmayacaq. Lavrovun səsləndirdiyi fikirlərə gəldikdə isə bu daha çox Gürcüstana bir çağırış idi. Çünki hazırda Rusiya üçün Gürcüstanla əlaqələri bərpa etmək xeyli dərəcədə vacibdir. Belə görünür ki, Ermənistanın bu platformada iştirakı da məcburi və qaçılmazdır. Şübhəsiz ki, İran nə qədər tərəddüdlü görünsə də belə mühüm regional prosesdən kənarda qala bilməyəcək”.

 

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov: “Altılıq formatının olmaması amerikalılara və avropalılara lazımdır. Çünki bu zaman, yəni yerli konfiqurasiyanın yaranması zamanı onların bölgəyə təsir və təzyiq imkanları azalır. Eyni zamanda bu, region dövləti olmayan üçüncü dövlətlərin də marağında ola bilər. Mən isə düşünürəm ki, İran öz davranışlarını düzəldərsə, bu format yaxınlaşar. Ermənilərə bu format iqtisadi dirçəliş üçün lazımdır. Bir də rusların inhisarından çıxmaq üçün lazımdır. Paşinyan anlayır ki, Ermənistandan ”Bruss Li” alınmadı, gürcülərə də eynilə. Gürcülərin sağlam başları üçün anlaşılandır ki, avropasevərlik sadə gürcünü dolandırmır. Rusiya ilə ortaq format lazımdır. İran isə son davranışları ilə özünü pis edir. Umulur ki, anlayışı qayıdar. Altılığı ancaq qeyri-region gücləri istəmir”.

 

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə bunları dedi: “Rusiya Türkiyənin təklifi etdiyi altılıq platformasında maraqlı deyil. Həmçinin İran da burada maraqlı tərəf deyil. İran bunu Türkiyənin regionda maraqlarının təmini kimi görürdü. İranın XİN rəhbərinin Rusiyaya səfəri çərçivəsində, göründüyü kimi, hər iki ölkə faktiki olaraq altılıq platformasından imtina edərək Rusiyanın təklif etdiyi ”3+3″ formatını irəli sürür. Burada İranla Rusiyanın maraqları eynidir və Türkiyə və Azərbaycana qarşıdır”.

Cavanşir ABBASLI

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin