Laçın təhsil şöbəsinin keçmiş işçisi “icra başçısının təhdidlərinə görə“ özünü asdı – İcra Hakimiyyətinin cavabı

0
193
Bakı şəhərində yaşayan, Laçın rayonunun Şeylani kənd sakini olmuş məcburi köçkün Müqabil Baxışov Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin və Təhsil Şöbəsinin müdiri Nicat Həsənovanın təhdidləri ilə üzləşdikdən sonra özünü asıb. Bu haqda mərhumun qardaşı Yusif Baxışov məlumat verib. Y.Baxışov İddia edib ki, qardaşı uzun müddətdir işləmək üçün müxtəlif strukturlara müraciət edib, həmçinin icra başçısını, eləcə də təhsil şöbəsini dəfələrlə sosial şəbəkələrdəki səhifələrdə tənqid edib.
“Ancaq qardaşım işə götürülmədi. Səbəb bu idi ki, son vaxtlar Laçın rayon icra başçısı Aqil Nəzərlini sosial şəbəkələrdə fəal şəkildə tənqid edirdi. Qardaşım Aqil Nəzərlinin heç vaxt orduda xidmət etmədiyini və saxta diploma sahib olduğunu yazırdı”, -Yusif Baxışov deyib.
Qardaşının dediyinə görə, Müqabil Baxışov məktub yazaraq ona təhdidlər olduğu üçün intihar edəcəyini bildirib. Həmçinin məktubunda onun intiharına səbəb olanların cəzalandırılmasını istəyib. Y.Baxışov deyib ki, 7 qardaşdılar və ailələri təhlükədədir.

                                     Aqil Nəzərli
Virtualaz.org xatırladır ki, Müqabil Baxışov Laçın rayonunun bundan əvvəlki icra başçısını da sosial şəbəkələrdə tənqid edirdi. Bir müddət əvvəl-2016-cı ilin payızında M.Baxışov sosial şəbəkədə özünü PKK lideri Abdullah Öcalanın təbliğatçısı kimi təqdim etmişdi. O, PKK bayrağı ilə şəkil çəkərək sosial şəbəkələrdə paylaşmışdı. M.Baxışovun həmin vaxt Laçın Rayon Təhsil Şöbəsində işlədiyi bildirilirdi. Lakin təhsil şöbəsi Baxışovun 2014-cü ildə işdə yol verdiyi nöqsanlara görə işdən çıxarıldığını açıqlamışdı.
Bundan sonra Baxışov 2016-cı ilin noyabrında saxlanılıb. Daxili İşlər Nazirliyinin həmin ərəfədə yaydığı məlumatda deyilirdi ki, Baxışov ayrı-ayrı vaxtlarda Laçın rayonunun 4 sakininin etibarından sui-istifadə etməklə və aldatma yolu ilə əmlakını ələ keçirib. Və həmin şəxslərə ailə üzvlərini işə düzəltməyi vəd etməklə 4 min manata yaxın ziyan vurub. Onun barəsində 2 ay 19 günlük həbs-qətimkan tədbiri seçilib.

Bundan əvvəl isə M.Baxışov 2012-ci ilin oktyabrında xuliqanlıq maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin barəsində 1 il 6 müddətinə şərti sınaq müddəti olmaqla cəzası dəyişdirilib.
M.Baxışov sonuncu dəfə dünən, dekabrın 6-da səhər saat 08.19-da özünün “Facebook” səhifəsində paylaşım edib. Bundan başqa, o, Laçın rayon Təhsil Şöbəsinin müdiri Nicat Bayram oğlu Həsənovla bağlı paylaşım edərək yazıb: “Məşhur Nicat müəllim cavan oğlan imiş ki. Əvvəla onu deyim ki, bu insan kimdirsə, bu şəxsə çox da yazı, şikayət-filan fərq etmir. İlin-günün bərk vaxtında hər təhsil şöbəsi müqavilə ilə müəllim götürə bilməyəndə Nicat müəllim götürürdü… Həmişə maraqlıdır ki, niyə bacaran yoxdur görəsən? İşləməyi haqqında danışmağa belə dəyməz”.
Baxışov sonda yazıb ki, bu şəxsi nə deyib müdir təyin ediblər. Baxışov dekabrın 5-də canlı yayım edərək Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli haqqında da danışıb:

“Aqil Nəzərli ali məktəblərə test imtahanlarında yetərli bal toplaya bilməyib, ali məktəb tələbəsi adını almayıb. Bundan sonra Futurologiya Universitetinə qəbul olub. O universitetin sertifikatı olmadığına görə diplom ala bilməyib, hansı yolla Təfəkkür Universitetindən diplom alıb. Saxta yollarla alıb. Aqil Nəzərli sidik saxlaya bilməməsi səbəbi ilə hərbi xidmətdən yayınıb. Aqil Nəzərli müvəqqəti icra başçısı təyin olunanda etiraz etmişdim. Çünki onun diplomunun saxta olması ilə bağlı məndə məktub vardı”.
Ertəsi gün dekabrın 6-da Facebook-da onun çıxışının altında Faiq Məmiyev adlı istifadəçi M.Baxışovun əmisi oğlu olduğunu, səhhətində heç bir problem olmadığı halda təhdidlərə məruz qalaraq canına qəsd etdiyini yazıb.

“Müqabil mənim əmim oğludur. Səhhətində heç bir problem yox idi. Ali savadlı, layiqli pedaqoq, Laçın Rayon Təhsil Şöbəsində metodist və inspektor vəzifələrində işləmiş müəllim idi. Son illər Laçın rayonunda onun başına gəlməyən müsibətlər qalmadı. İlyarım ərzində işlə bağlı etdiyi müraciətlərinə baxılmadı və təhqiqlərə məruz qalaraq canına qəsd edib, bu dünyadan köçdü”.
O da məlum olur ki, Baxışov tez-tez canlı yayım edərək, Laçın rayonunda baş verənlərlə bağlı danışıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, intihar hadisəsi ilə bağlı Təcili Tibbi Yardıma müraciət daxil olmayıb.
Laçın Rayon İcra Hakimiyyəti həmin yazıda yer alan iddialarla bağlı öz mövqeyini əks etdirən rəsmi açıqlamanı musavat.coma göndərib.Həmin açıqlamanı olduğu kimi diqqətinizə çatdırır:
“Rəhbəri olduğunuz musavat.com saytında 07.12.2019-cu il tarixdə yerləşdirilmiş “Laçın Rayon Təhsil Şöbəsinin keçmiş işçisi “İcra başçısının təhdidlərinə görə” özünü asdı” başlıqlı yazıda Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri barəsində qeyd olunanların heç bir fakta əsaslanılmadan yazıldığını və tamamilə həqiqətə uyğun olmadığını bildiririk.
Belə ki, Müqabil Baxış oğlu Baxışov 1972-ci ildə Laçın rayonunun Şeylanlı kəndində anadan olmuş, əmək fəaliyyətinə Laçın rayonunun Şeylanlı kənd 2 nömrəli tam orta məktəbində tarix müəllimi kimi başlamış, 01.02.2008-ci il tarixdən 05.06.2012-ci il tarixədək Laçın Rayon Təhsil şöbəsində metodist, məsləhətçi vəzifələrində işləmiş, 05.06.2012-ci il tarixdə öz ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.
Əlavə olaraq bildiririk ki, o yenidən 20.06.2013-cü il tarixdə Laçın Rayon Təhsil Şöbəsində vakant olan metodist vəzifəsinə təyin edilmiş və həmin vəzifədə işlədiyi dövrdə 01.05.2014-cü il tarixdən 03.11.2014-cü il tarixədək qabaqcadan heç bir məlumat vermədən üzrsüz olaraq iş yerinə gəlməmiş və harada olması barədə məlumat verməmişdir. O, qayıdandan sonra da harada olması barədə heç bir sübut və sənəd təqdim etməmişdir. Qeyd olunanlar nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsi 03.11.2014-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq ləğv edilmişdir.
Məlumat üçün bildiririk ki, Müqabil Baxışov 18.06.2012-ci il tarixdə sərxoş vəziyyətdə ”Aqroinvest” Kredit İttifaqının Ağcabədi filialına gələrək filialın müdirini söyüb təhqir edərək ona xəsarət yetirmiş, orada yerləşən əşyaları dağıtmış, 300 manat məbləğində maddi ziyan vurmaqla, ictimai qaydaları kobud surətdə pozmuş, vətəndaşlar üzərində zor tətbiq edərək 18.06.2012-ci il tarixdə Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında olan gecə işıqlandırıcı dirəyini sındırmışdır. 31.10.2012-ci il tarixdə Müqabil Baxışov Ağcabədi Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə 3 il şərti cəzaya məhkum olunmuş və bır sıra dələduzluq hərəkətlərinə görə Laçın Rayon Məhkəməsinin 02.03.2017-ci il tarixli qətnaməsi ilə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla, 4 il müddətinə azadlıqdan məhrum edilmiş, Xəzər Rayon Məhkəməsinin 31.01.2018-ci il tarixli hökmü ilə müddətdən əvvəl azadlığa buraxılmışdır.
Müqabil Baxışov həbsdən azad olunandan sonra Laçın Rayon İcra Hakimiyyətinə müraciət edərək işlə təmin olunmasını xahiş etmişdir. Onun məhkum edildiyi və məhkəmə hökmündə 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunması nəzərə alınaraq o, özünüməşğulluq proqramına cəlb olunmuş, kiçik biznesinin qurmaq üçün özünüməşğulluq proqramı çərçivəsində ona dövlət tərəfindən 07.11.2018-ci il tarixdə 21 (iyirmi bir) baş xırdabuynuzlu heyvanlar verilmişdir.
Buna baxmayaraq Müqabil Baxışov təhsil sahəsində işlə təmin olunmasını təkidlə tələb etmişdir. O, Rayon İcra Hakimiyyəti başçısı, başçının müavinləri və aidiyyəti şöbə müdirləri tərəfindən dəfələrlə qəbul edilmiş, onun təhsil sahəsində işlə təmin olunması məsələsinin müəllimlərin işə qəbulu qaydalarına əsasən Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müsabiqədə vasitəsilə mümkünlüyü dəfələrlə izah edilmişdir.
Lakin, o, bundan sonra Laçın rayonunun Ağcabədi rayonunun Taxta Körpü ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən birində direktor müavini vəzifəsinə təyin olunmasını təkidlə tələb etmişdir. Bir daha qeyd edirik ki, Müqabil Baxışov bununla bağlı da dəfələrlə Rayon İcra Hakimiyyətinə və Rayon Təhsil Şöbəsində qəbul edilmiş, pedaqoji işçilərin işə qəbulunun Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqədə iştirak etməklə həyata keçirildiyi ətraflı izah olunmuşdur.
Bununla əlaqədar bildiririk ki, Müqabil Baxışovun özünü intihar etməsinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə heç bir bağlığı yoxdur.
Laçın Rayon İcra Hakimiyyətinin mövqeyinin saytınızda dərc olunmasını xahiş edirik”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin