Kürdəmir Regional Mədəniyyət İdarəsində nələr baş verir? – “ölü canlar”, pul yığımı və…

0
125

Kürdəmir Regional Mədəniyyət İdarəsindən və Beyləqan rayon nümayəndəliyindən son dövrlər iddialar səngimir. Rubrika.Az bildirir ki, bu qurumlarda “ölü canlar” saxlandığı, müxtəlif mətbu orqanlarda və sosial şəbəkə səhifələrində Beyləqan Mədəniyyət şöbəsi rəhbərliyinin işləməyənlərin maaş kartlarını özündə saxladığı xəbər verilir.

Yeni mədəniyyət naziri Anar Kərimovun fəaliyyətə başlamasından sonra da ənənəni davam etdirildiyi iddia olunur. Bundan əlavə, baş mühasib Məhəmməd Həsənova məxsus “Elmir-Murad” MMC vasitəsilə kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri üçün vəsait ayrılıb, mənimsənilməsinə dəfələrlə nail olduğu bildirilir.
Hətta hər ay kitabxana, musiqi məktəbinin işçilərindən 10 manat, mədəniyyət və klub işçilərindən isə 20 manat aldığı deyilir. Həmçinin idarənin rəisi dəyişsə də, müavini Vaqif Alıyevin bütün işləri idarə etdiyi barədə məlumatlar gəzir. Onun pulsilmə işlərində böük təcrübəsi olduğu deyilir. Mətbuata gedən iddialara görə, hazırda Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan Füzuli, Beyləqan və Xocavənd rayonlarında çalışan musiqi müəllimlərinin artırılmış əmək haqlarının bir hissəsi yenə də rəisin cibinə gedir.
Bütün bu iddialarla bağlı Rubrika.Az yazını dərc etməzdən əvvəl obyektivlik və qərəzsizlik naminə Kürdəmir Regional Mədəniyyət İdarəsinə sorğu göndərib. Sorğunu cavbalandıran qurumdan saytımıza bildirilib ki, Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlar çərçivəsində Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi mədəniyyət müəssisələrində fəaliyyətin qanunvericiliyə uyğun təşkili, neqativ hallara qarşı mübarizə, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilir: “Nəzərinizə çatdırırıq ki, Regional İdarənin tabeliyində fəaliyyət göstərən müəssisələrdə hər hansı bir neqativ halların və nöqsanların müşahidə ediləcəyi təqdirdə müvafiq tədbirlər həyata keçiriləcəkdir. Sizin sorğunuza cavab olaraq bildiririk ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi – Beyləqan rayonu üzrə nümayəndəsi Nazim Qəzənfər oğlu Mirzəyevin dövlət qulluğuna öz ərizəsi ilə 10 fevral 2021-ci il tarixindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 10 fevral 2021-ci il tarixli əmrinə uyğun olaraq xitam verilmişdir.
Bildiririk ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrində də səmərəli fəaliyyətin təşkili, əmək və icra intizamının səviyyəsinin yüksəldilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Mədəniyyət müəssisələri əməkdaşlarının əmək haqqı kartları kart sahibləri tərəfindən istifadə olunur. Əməkdaşlardan pul yığılması halları tərəfimizdən aşkar edilməmişdir.
Regional İdarəyə bu mövzunu özündə ehtiva edən faktlar daxil olmamışdır. 2021-ci ildə Kürdəmir Regional Mədəniyyət İdarəsində malların və xidmətlərin satınalınması üzrə heç bir tender keçirilməmişdir.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar kotirovkalar (tenderler) keçirilmir və Kürdəmir Regional Mədəniyyət İdarəsinin “Elmir-Murad” MMC adlı təşkilatla heç bir satınalma müqaviləsi mövcud olmamışdır. Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyində Məhəmməd Həsənov adlı əməkdaş çalışmır”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin