Kreml “Milli Şura proyekti”ni işə sala bilərmi…

0
1405

Siyasi ekspertlər deyir ki, 2013-dən fərqli olaraq indi Rusiya ilə Azərbaycan arasında gərginlik yoxdur; təxribatlar hazırlamağa zaman da qalmır…

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar prezident seçkisi ilə bağlı danışarkən bildirib ki, bəzi dövlətlər digər xalqların daxili işlərinə qarışmağa maraq göstərir. Bu, reallıqdır və reallıq olduğuna görə buna göz yummaq olmaz. Ona görə də birgə fəaliyyət göstərməkdən başqa yolumuz yoxdur: “Seçkinin nəticələrini xalq qəbul etməlidir, digər məqamlar önəmli deyil. Azərbaycan seçicilərinin yarıdan çoxunun səsini alan şəxs prezident seçiləcək. Xalqın iradəsindən yüksək heç nə yoxdur”.

Qeyd edək ki, 2013-cü il prezident seçkisi öncəsi Rusiya öz maraqlarını təmin etmək üçün Rüstəm İbrahimbəyov-Milli Şura proyektini işləyib dövriyyəyə buraxmışdı. Seçki öncəsi hakimiyyətə bu proyekt vasitəsilə təzyiq edildiyi açıq görünürdü. Bəzi siyasi ekspertlər hesab edir ki, MSK sədri Məzahir Pənahovun MSK-nın seçki qərarı verdiyi iclasda verdiyi “Bəzi dövlətlər digər xalqların daxili işlərinə qarışmağa maraq göstərir” bəyanatı yenə hansısa proyektlərin hazırlana biləcəyi ehtimalının olduğuna işarə sayıla bilər.

Bəs Rusiya 2013-cü ildəkinə bənzər ssenarini qarşıdakı iki ayda da işə sala bilərmi? Milli Şura proyektinin yenidən hansısa formada dövriyyəyə buraxılması ehtimalı var?

Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, 2013-cü il prezident seçkisindən öncə Rusiya-Azərbaycan münasibətlərində olan gərginlik kifayət qədər ciddi idi. Hətta hakim partiyanın nümayəndələri açıq şəkildə Rusiyaya qarşı ittihamlar da səsləndirirdilər. Hakimiyyət eşelonunda narahatlıq var idi. Elə bir zamanda şərti olaraq Rusiyanın təzyiq ssenarisi işə salındı və sonradan Rüstəm İbrahimbəyovun namizədliyi ortaya çıxdı. Amma 2013-ün yayında Putinin Bakıya səfərindən sonra vəziyyət dəyişdi və münasibətlərdə olan buzlar əriməyə başladı. Bu gün isə Rusiya və Azərbaycan arasında gərginlik yoxdur. Ona görə də Rusiya tərəfindən seçkilərə bu və ya digər mənada təsir üçün hər hansı səbəb də yoxdur: “Prezident seçkiləri hamı üçün, hətta hakimiyyətdə olan insanların əksəriyyəti üçün gözlənilməz olaraq ertələndi. Adətən seçkilərdən 8-9 ay qabaq seçkiqabağı ab-hava hiss olunurdu və proses seçkilər yaxınlaşana qədər daha da artırdı. İndi isə sıfır seçki mühiti ilə kampaniyaya start verilib. Hesab edirəm ki, hətta istəsələr belə, kənardan bu qədər qısa müddət kəsiyində hər hansı proyekt hazırlayıb dövriyyəyə buraxıla bilməz”.

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Rusiyanın yeni proyekt hazırlamağa vaxtı qalmır, köhnə proyekti də dirçəltmək çətindir: “2013-cü ildə ”yaxşı” hazırlaşmışdılar. İlham Əliyevin növbədənkənar seçki qərarı Moskva üçün də sürpriz oldu. Yeni layihə hazırlayıb işə salmaq üçün vaxt azdır. Eyni zamanda hazırda münasibətlərdə gərginlik yoxdur”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin