“Koronavirus çap mediasını da çökdürəcək” – baş redaktorlar danışdı

0
745

Ələsgər Süleymanov: “Onsuz da qəzetlərin vəziyyəti pis idi, indidən belə lap pis olacaq”

Rəşad Məcid: “Bilmirəm ki, qəzetin yayımı, çapı necə olacaq – suallar qarşısındayıq” 

İlham Quliyev: “Növbəti həftəni də evdən iş rejimində keçirəcəyik”

Xəbər verdiyimiz kimi, Azərbaycanda da yayılan koronavirus bir çox sahələrə, eləcə də, çap mediasına təsirsiz ötüşməyib. İnsanlar daha çox informasiya əldə etmək istəyir. Amma buna baxmayaraq, qəzetlərin ancaq elektron versiyası fəaliyyət göstərir. Bundan başqa, çap mediasının öz fəaliyyətini bərpa edib-etməyəcəyi, nə zaman bunu edəcəyi də sual altındadır. 

Söhbət gücləndirilmiş karantin şəraitindən gedirsə, o zaman jurnalistlərin də redaksiyalara gəlmə imkanları məhdudlaşıb. Bundan başqa, bir çox qəzet redaksiyasının yerləşdiyi və çap olunduğu “Azərbaycan” Nəşriyyatının da fəaliyyəti müvəqqəti dayandırılıb.

Rusiyalı ekspertlər isə iddia edir ki, koronavirus çap mediasını da çökdürəcək. Bəs çıxış yolu nədədir? Ölkənin çap mediası sektoru bundan çıxış yolunu necə görür?

Musavat.com mövcud situasiyadan çıxış yolları ilə bağlı ölkədə fəaliyyət göstərən bəzi qəzetlərin təmsilçilərindən mövqe öyrənib.

“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov bildirdi ki, onsuz da çap mediasının vəziyyəti pis idi və ildən-ilə də ağırlaşırdı. Onun sözlərinə görə, koronavirus çap mediasına da ciddi zərbə vurdu: “Nəticədə qəzetlər də müvəqqəti olaraq öz fəaliyyətini dayandırıb. Virusdan xilas olandan sonra onun mediaya vuracağı maddi ziyan çox ciddi olacaq. Düşünürəm ki, yaxın 2 aydan sonra qəzetin itirdiyi tirajları yenidən qaytarmaq üçün ciddi şəkildə səy göstərməli olacağıq”.

Müsahibimiz bildirdi ki, 6 aprelə qədər qəzetlərin çapı dayandırılıb: “Bu prosesin uzanıb-uzanmayacağı isə bəlli deyil. Bütün hallarda indi çıxış yolu qəzetlərin onlayn versiyasına üstünlük verməkdir. Musavat.com saytı 24 saat fasiləsiz çalışır. TV Müsavat həftə ərzində fasiləsiz olaraq, gündə 2-3 dəfə canlı yayınlar verir, əməkdaşlarımız studiyadan, eləcə də skayp üzərindən verilişlər hazırlayır, insanlarımızı maarifləndirirlər. Onların da reytinqi, baxış sayı olduqca yüksək olur. Yəni, biz əlimizdəki bütün resurslardan istifadə edərək, bizim sadiq oxucu və tamaşaçılarımızı xəbərsiz qoymuruq. Bu, belə də davam edəcək”.

Reşad Mecid: "Fetullah Gülenin kitabına ön söz yazmışam" - Azadliq ...

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirdi ki, daha öncədən “Azərbaycan” Nəşriyyatının martın 29-dan öz fəaliyyətini bərpa edəcəyi ilə bağlı düşünürdülər. Onun sözlərinə görə, bu yeni qaydalara uyğun olaraq, nəşriyyat aprelin 4-dən sonra işləyəcək: “Ümumiyyətlə, mətbuat yayımı sektoru, köşklər Operativ Qərargahın şərtlərinə uyğun olaraq bir müddət işləməyəcək. Biz düşünürdük ki, nəşriyyat işləsə, bu gün və sabah qəzetimizi çıxaraq. Amma belə variantda qəzet çapı mümkün deyil. Ona görə də daha çox yükü onlayn variantına veririk. İşçilərlə vatsap qrup yaradılıb və bu variant üzərində daha çox çalışırıq. İndi burada Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun layihələri çap olunmalıydı. Amma dünən fond bizə məlumat verdi ki, bu ay çap olunmayan layihələri elektron variantında qəbul edəcəklər. Aprelin ilk günlərində də situasiayaya uyğun olaraq  nə zaman, hansı dövriliklə çıxa biləcəyimizi qərara ala biləcəyik. İndi həm də rayonlarla əlaqə, qəzetlərin rayonlara getməsi, yayım məsələsi də problemlidir. Ona görə də bilmirəm ki, qəzetin yayımı, çapı necə olacaq. Suallar qarşısındayıq”.

Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev: “Siyasətdə söyüş ...

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev bildirdi ki, yaranmış yeni reallıqlar çərçivəsində çap mediası problemlərlə üzləşib: “Məsələ burasındadır ki, həm çap, həm də yayımla bağlı problemlər var. Üstəlik, bilirsiniz ki, növbəti həftə hökumət tərəfindən qeyri-iş günü elan olunub. Hazırda tv-lər istisna olmaqla, əksər informasiya resursları evdən iş rejiminə keçib. Amma qəzet elə bir spesifik işdir ki, kollektivin ən azı bir hissəsi redaksiyada olmalıdır. Bu isə mövcud şəraitdə əməkdaşların sağlamlığını riskə atmaq deməkdir. Əgər mətbəələr işləməyəcəksə, qəzet köşkləri bağlı olacaqsa, çap mümkün olmayacaq. Ona görə də düşünürəm ki, növbəti həftəni də evdən iş rejimində keçirək, məhsullarımızı oxucuya internet resurslarımızın imkanları vasitəsilə çatdıraq”.

Sevinc, musavat.com

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin