Koronavirus Azərbaycana iki ölkədən gəlir – daha 4 vətəndaşımız yoluxdu

0
113

COVİD 19 pandemiyasının tüğyan etdiyi İran və İtaliyadan qayıdan vətəndaşlarımız xüsusi karantinə alındı, daha əvvəl yerləşdirilən bir nəfər stabil ağırdır; ÜST Azərbaycanı təqdir edir, dünya isə…

Koronavirus dünya gündəminin bir nömrəli hadisəsi olaraq qalır. Hər gün müxtəlif ölkələrin artıq vəzifəli şəxslərinin də bu virusa yoluxduğu xəbərləri gəlməkdədir.

Pandemiyanın yayıldığı ölkələrin sayı günü-gündən artır. Son məlumata görə, artıq koronavirus 127 ölkədə yayılıb.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan verilən məlumata görə, İran və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Bundan əvvəl xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhəti stabil ağır olaraq qalır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür.

Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır. Ümumilikdə hazırda Azərbaycanda 14 nəfər virusdan müalicə alır, 3 nəfər isə sağalaraq evə buraxılıb.

Moskvada yaşayan azərbaycanlı rəssam Aydan Salahova da koronavirus (COVİD-19) şübhəsi ilə karantinə alınıb. Rəssam bildirib ki, İtaliyadan qayıdarkən təyyarədə xəstə olduğu üçün birbaşa karantinə köçürülüb.

ÜST rəsmi Bakını təqdir edir

Azərbaycanın Gənclər Fondu  Xaricdə Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin sağlamlıq və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi və zəruri hallarda ölkəmizə qayıtması ilə bağlı təxirəsalınmaz tədbirlər görməkdədir.

Tələbələrin ehtiyacları və müvəqqəti yerləşmə ölkəsində və şəhərindəki vəziyyətlə bağlı məlumatlar alınaraq, təhlil olunur, müvafiq ölkələrdə yerləşən diplomatik nümayəndəliklərimizlə əlaqələndirilir.

ÜST Azərbaycan ile ilgili görsel sonucu

Zəruri hallarda və tələbələrin istəklərinə uyğun olaraq, onların ölkəmizə qaytarılması təmin olunur.

Xaricdə Təhsil Proqramı çərçivəsində hazırda ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, İsveç, Niderland, Norveç və Rusiya Federasiyasının aparıcı universitetlərində gənclərin təhsil prosesi dövlət tərəfindən dəstəklənir. Polşanın Azərbaycandakı səfirliyi pandemiya ilə əlaqədar müvəqqəti olaraq viza müraciətlərinin qəbulunu dayandırıb.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının saytında qurumun missiyasının Azərbaycana səfəri barədə məlumat verilir və ölkəmizin koronavirsusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlər, ÜST-lə əməkdaşlığı təqdir olunur.

Bu günə qədər Azərbaycan COVID-19-un az sayda idxalını təsdiqləyib.  Azərbaycan ÜST-nin laboratoriya müayinəsi dəstlərini alan 17 ölkədən biridir.

Azərbaycan hökuməti qonşu ölkələrlə əlaqəli şəkildə COVID-19-un yayılmasının qarşısının alınmasında qlobal səylərə töhfə verir və ÜST-nin strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırıb.

ÜST Avropa üzrə Regional Ofisindən bildirilib ki, Azərbaycanda koronavirus şübhəsi təsdiqlənən xəstələrin karantinə alındığı sərhəd ərazilərdəki xüsusi ayrılmış tibb müəssisələrinin, eləcə də analizləri yoxlayan laboratoriyaların işçiləri üçün fərdi qoruyucu vasitələr (PPE) alınacaq.

Pediatr: “Mövsümi qriplər uşaqlar arasında azalıb”

Pediatr Vaqif Qarayev ile ilgili görsel sonucu

Pediatr Vaqif Qarayev isə bildirib ki, məktəblər bağlanandan sonra mövsümi qriplər uşaqlar arasında kəskin azalıb. Xüsusilə bu ərəfələrdə havaların tez-tez dəyişkən keçməsi uşaqlarda qrip kimi xəstəliklərə səbəb olurdu. Amma hazırda xüsusilə kəskinləşmiş respirator virusları ilə bağlı narahatlıq müşahidə edilmir.

Pediatr qeyd edib ki, uşaqların bu aralar xəstələnməməsinə səbəb koronavirusa görə gigiyenik qaydalara daha çox riayət edilməsi və sıx təmasdan çəkinməkdir.

“Siqaret çəkən insanların koronavirusa yoluxma riskinin çəkməyənlərdən dəfələrlə az olması ilə bağlı yayılan məlumatın həqiqəti əks etdirdiyinə inanmıram. Bu, tam əsassız məlumatdır.

Koronavirus ciyərində, tənəffüs yollarında müəyyən problem yaşamış insanlarda daha ağır fəsadlar yaradır. Siqaret çəkən insanlarınsa ciyəri tam sağlam deyil”.

Bu sözləri axar.az-a tibb üzrə professor Adil Qeybulla alimlərin apardığı araşdırmanın nəticəsi ilə bağlı deyib. A.Qeybulla bildirib ki, bu, siqaret şirkətlərinin uydurma məlumatı da ola bilər.

Dünyanın ən məşhur ürək cərrahlarından olan Mehmet Öz bütün dünyanı öz çənginə alan COVİD -19 virusundan qorunmaq istəyənlərə öz tövsiyələrini verib.

Onun sözlərinə görə, gündə ən az 7 saat yuxu rejiminə əməl edin, minimum yarım saat idmanla məşğul olun, qapalı məkanlarda havanı nəmləndirən vasitələrdən istifadə edin, əllə görüşməyin, üzünüzə toxunmayın, meditasiya ilə məşğul olun, ən çox vaxt keçirdiyiniz məkanları dezinfeksiya edin, əlinizi həmişəkindən 3 dəfə çox yuyun.

“Virusdan dünyasını dəyişən şəxsin yuyulması mümkünsüz olsa, meyit torpaqla təyəmmüm edilir. Əgər heç bir təhlükə yoxdursa, mütləq şəkildə yuyulmalıdır. Bunu da artıq mütəxəssislər müəyyən etməlidirlər”.

Bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib. QMİ rəsmisi bildirib ki, virusdan ölən şəxsin harada dəfn olunması mütəxəssislərin rəyindən sonra dəqiqləşir.

BMT-dən Avstraliyaya qədər korona ile ilgili görsel sonucu

BMT-dən Avstraliyaya qədər: nazirlər, prezident yoluxub

“Çininin Uhan şəhərinə koronavirus pandemiyasını ABŞ ordusu yayıb”. Bu iddianı isə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician tvitter hesabında paylaşıb.

XİN sözçüsü ABŞ Xəstəliklərin İdarə edilməsi və Qarşısının alınması Mərkəzinin direktoru Robert Redfieldin də olduğu videogörüntünü paylaşaraq, onun daha əvvəl qripdən ölən Amerika vətəndaşlarında koronavirus aşkarlanması ilə bağlı dediyi sözləri xatırladıb:

“Redfield bu açıqlama ilə özünü ifşa edib. Bilmək istəyirik ki, ABŞ-da koronavirusa yoluxan ilk xəstə nə vaxt aşkarlanıb? Neçə nəfər virusa yoluxub? Mənim fikrimcə, pandemiyanı Uhana yayan ABŞ ordusudur. Dürüst olun. ABŞ bizə açıqlama borcludur”, – XİN rəsmisi bildirib.

Çində virusdan ölənlərin sayında azalmalar baş verib. Son 24 saatda koronavirusdan 7 nəfər həyatını itirib. Ümumilikdə ölkə üzrə pandemiyadan 3 min 179 nəfər ölüb.

ÜST rəsmi Bakını ile ilgili görsel sonucu

Amma İranda əksinədir. Ölkənin ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti koronavirusa yoluxmaq şübhəsi ilə karantinə alınıb. Məlumatı İRİB televiziyası yayıb.

O, səhhətində yaranan problemlə bağlı xəstəxanaya müraciət edərək müayinədən keçib.

Müayinə zamanı onda koronavirusun əlamətləri aşkar edilib. Ə.Ə.Vilayəti hazırda ev şəraitində müalicə olunur və özünü yaxşı hiss edir. İranda koronavirusdan ölənlərin sayı 500-ü ötdüyü iddiası var.

ABŞ-da isə senator Lindsi Qrehem karantinə alınıb. İspaniyanın ərazi siyasəti və dövlət qulluğu naziri Karolina Darias da koronavirusa yoluxub.

Filippinin BMT yanında daimi nümayəndəliyinin əməkdaşlarından biri koronavirusa yoluxub. Bu barədə TASS-a beynəlxalq təşkilatdakı mənbə bildirib.

Avstraliyanın Daxili İşlər naziri Pitter Datton koronavirusa yoluxub. Nazir yuxudan yüksək temperatur və boğaz ağrısı ilə oyandığını, “COVID-19″ şübhəsilə keçdiyi testin nəticəsinin pozitiv çıxdığını yazıb. Avstraliyada koronavirus daşıyıcılarının sayı 160 nəfərdir. 3 nəfər virusdan ölüb.

Həmçinin, daha bir Türkiyə vətəndaşında koronovirus pozitiv çıxıb. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, bu şəxs koronovirus aşkarlanan ilk xəstənin yaxın qohumlarından biridir.

Habelə, Fransa Futbol Federasiyası Liqa1 və Liqa2-dən başqa ölkədəki bütün futbol yarışlarını təxirə salıb. Latviya və Estoniya da koronavirusa görə fövqəladə vəziyyət elan edib.

Qırğız Respublikası parlamentinin sədr müavini Aida Kasımaliyeva və deputat Abdıbek Düşaliyev koronavirus şübhəsi ilə əlaqədar karantinə alınıb.

Ermənistanda martın 13-dən bağça, orta məktəb və ali təhsil məktəbləri bağlanıb. Bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.

Dövlət başçısının koronavirusa yoluxması ilə bağlı ilk hal qeydə alınıb. Braziliya Prezidenti Jair Bolsonarudan koronavirusla bağlı götürülmüş test müsbət nəticə verib.

Boris Conson  koronavirus ile ilgili görsel sonucu

Ən qəribə açıqlamanı isə Böyük Britaniyanın baş naziri Boris Conson verib. Conson ölkə vətəndaşlarını koronovirus epidemiyasına görə sakitləşdirməyə çalışıb, amma onlara xəbərdarlıq edib ki, virusdan çoxları öz yaxınlarını, ailə üzvlərini itirəcək.

“The Financial Times” qəzetinin yazdığına görə, hökumətin başçısı ölkə əhalisini yaxınlarını və ailə üzvlərini itirməyə hazır olmağa çağırıb.

Deyib ki, çünki ölkədə yoluxma hallarının sayının rəsmi rəqəmlərdən xeyli çox olduğunu təxmin edir. Belə ki, mütəxəssislərin hesablamalarına görə ölkədə 10 mindən çox adamın yoluxduğu bildirilir.

Sitat: “Mən sizə düzünü deməliyəm, Britaniya cəmiyyəti qarşısında dürüst olmalıyam: çox ailələr, olduqca çox ailələr öz yaxınlarını vaxtından tez itirəcək”.

Hazırda Böyük Britaniyada virusa 456 yoluxma halı təsdiqlənib. Ölkənin səhiyyə nazirinin müavini Nadin Dorris də yoluxub.

Emil SALAMOĞLU

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin