“Kölgədə” gizlənən oliqarxiya: iqtisadiyyatımız ağ günə çıxacaqmı? – Ekspertlər danışır

0
21

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30-cu ildönümü ilə tədbirdə bir sıra açıqlamalar verib. Deyib ki, ölkə iqtisadiyyatının şəffaflaşdırılması istiqamətində mübarizə tədbirləri davam edəcək.

“Xoşagəlməz hallara qarşı mübarizə, “kölgə iqtisadiyyatı”nın həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə – bütün bunlar gündəlikdə duran məsələlərdir. O cümlədən dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir. Əminəm ki, bu gün aparılan iqtisadi islahatlar – strateji xətt üzrə aparılan bu islahatlar yaxın gələcəkdə də bizə əlavə imkanlar verəcək. O cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq. Çünki bu, əsasdır”, – deyə dövlət başçısı bildirib.

Göründüyü kimi, ölkə başçısı “kolgə iqtisadiyyatı”nın mövcudluğundan və bunun aradan qaldırılmasının vacibliyindən bəhs edir. Bəs, görəsən, müvafiq qurumlar bu kimi neqativ hallara qarşı mübarizəni hansı formada və hansı üsullarla təşkil etməlidir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov AYNA-ya açıqlamasında deyib ki, ölkə rəhbəri çox ciddi məqamlara toxunub: “Bəli, bu gün Azərbaycanda “kölgə iqtisadiyyatı” mövcuddur. Lakin bunu aradan qaldırmaq üçün ortada siyasi iradə də var. Prezident İlham Əliyev YAP-ın 30 illiyinə həsr olunmuş tədbirdə bununla bağlı önəmli mesajlar verdi. Açıq şəkildə bəyan etdi ki, bu kimi neqativ hallara qarşı – hansı ki, ölkə iqtisadiyyatının inkişafına çox ciddi maneələr yaradır – mübarizə tədbirləri gücləndirilməlidir”.

“Hələ 2018-ci ilin Prezident seçkilərindən sonra inauqurasiya çıxışı zamanı ölkəmizin başçısı bəyan etmişdi ki, ölkəboyu kompleks islahatlar həyata keçiriləcək. Ötən dövr ərzində çox ciddi islahatlar aparıldı. Xüsusən gənc kadrların yüksək vəzifələrə təyinatı, idarəetməyə yeni nəfəsin gətirilməsi bu qəbildəndir. Həmin məmurlar iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində ciddi addımlar atırlar. Lakin islahatların başa çatdığını söyləmək üçün də hələ tezdir. Qarşıda görüləsi işlərimiz çoxdur. Prezidentin verdiyi aydın mesajlar əminliklə söyləməyə əsas verir ki, bu kimi neqativ hallara qarşı mübarizə tədbirləri gücləndiriləcək”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, hansı məsələlər diqqət mərkəzində olmalıdırsa, dövlət başçısı məhz o məsələlərə toxundu: “Ən ciddi məsələlərdən biri “kölgə iqtisadiyyatı” ilə bağlıdır. Cənab Prezident qeyd etdi ki, “kölgə iqtisadiyyatı” bütün ölkələrdə var. Azərbaycan da istisna deyil. Amma bunun dərəcəsi var, çalışmaq lazımdır ki, bu dərəcə aşağı olsun. Sağlam rəqabət mühitinin formalaşması, inhisarçılığa qarşı mübarizə tədbirləri cənab İlham Əliyevin nitqinin əsasını təşkil edirdi”.

“Qeyd edim ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Rəqabət Məcəlləsinin qəbul ediləcəyini bəyan edib. Əslində, bu addım çoxdan atılmalı idi. Lakin bu gün də gec deyil. Bu məcəlləni qəbul edərək, məmur oliqarxiyasının və bazarda mövcud olan işbazların qanunsuz əməllərinin qarşısını ala bilərik. Əsas odur ki, ortada siyasi iradə var. Müvafiq qurumlar Prezidentin xəbərdarlığından nəticə çıxarmalı və bu istiqamətdə qəti hərəkətə keçməlidirlər”, – deyə Əhmədov vurğulayıb.

Keçmiş deputat, iqtisadçı alim Nazim Bəydəmirli mövzuya dair AYNA-ya açıqlamasında söyləyib ki, Azərbaycan “kölgə iqtisadiyyatı”na qarşı mübarizədə Gürcüstan təcrübəsindən istifadə etməlidir: “1997-ci ildən islahatlar başlayana qədər qonşu Gürcüstan “kölgə iqtisadiyyatı”nın həcminə görə dünyada üçüncü yeri tuturdu. “Kölgə iqtisadiyyatı” ÜDM-in 70 faizindən yuxarı idi. Qısa bir dövr ərzində – cəmi bir neçə il müddətində həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq hazırda Gürcüstan şəffaf iqtisadiyyatı olan ölkələrin onluğuna daxildir”.

“O zaman Azərbaycan da “kölgə iqtisadiyyatı”nın həcminə görə, ən aşağı yerlərdən birini tuturdu. Bu gün də belədir. Yəni, ciddi dəyişiklik baş verməyib. Ona görə baş verməyib ki, məmur oliqarxiyası və monopolistlər buna imkan vermirlər. Nə qədər ki, iqtisadiyyatda bu amil aradan qalxmayıb, heç bir şəffaflıqdan və effektiv mübarizədən danışmaq olmayacaq”, – deyə həmsöhbətimiz qeyd edib.

Bəydəmirlinin sözlərinə görə, Azərbaycanda bəzi qanunlar mütərəqqi olsa da, icra edilmir: “Son dövrlər Rəqabət Məcəlləsinin qəbul ilə bağlı müzakirələr gündəmə gəlib. Bu məcəllə bir neçə dəfə Milli Məclisdən geri qaytarılıb. Çünki məmur oliqarxiyası buna imkan verməyib. Hətta bu məcəllə qəbul edilsə belə, işlək olmayacaq. Çünki məmur oliqarxiyası bunun işlək olmasına imkan verməyəcək. Azərbaycanda əksər qərarlar siyasi iradənin nəticəsi olaraq ortaya çıxır. Prezident İlham Əliyevin YAP-ın 30 illiyinə həsr olunmuş tədbirdə “kölgə iqtisadiyyatı” ilə bağlı fikirləri təqdirəlayiqdir. Hesab edirəm ki, ortada siyasi iradə olarsa, tədricən də olsa, ölkə iqtisadiyyatının başı üzərində “Domokl qılıncı” rolunu oyanayan bu kimi neqativ hallardan xilas ola bilərik”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin