Kim deyir ki, ədalətli hakimlərimiz yoxdur? Var! Gəlin, onları tanıyaq…

0
100

Cəmiyyət dövlət hakimiyyətinin tərkib hissəsi olan məhkəmə hakimiyyətinin müstəqil, sərbəst, ədalətli, qərəzsiz faktlara əsasən və qanunlara müvafiq həyata keçirilməsində maraqlıdır.

Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hakimiyyətinin öz səlahiyyətləri çərçivəsində müstəqil elan etmiş və ədalət mühakiməsinin hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirilməsini təmin edən möhkəm hüquqi zəmin yaratmışdır.

Belə bir şəraitdə ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun həyata keçirilməsi və cəmiyyətdə məhkəmənin əsl həqiqətdə müstəqil olduğuna inamın gerçəkləşdirilməsi məsələlərində əsas vəzifə bu hakimiyyətin daşıyıcıları olan hakimlərin üzərinə düşür.

Hakimlər ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində üzərlərinə düşən vəzifənin yüksək məsuliyyətini dərk etməli, qanunlara və insan hüquqlarına hörmətlə yanaşmalı, cəmiyyətdə qəbul edilmiş ümumi əxlaq normaları və davranış qaydalarını gözləməli, məhkəmə hakimiyyətinin şərəfini qorumalıdırlar.

Ali Məhkəmənin hakim Sənan Hacıyev

Bu məqsədlərə nail olmaq üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu və Azərbaycan Respublikası Prezidenti yanında məhkəmə hüquq şurasının 12 dekabr 2002-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası hakimlərinin Əxlaq kodeksi”ndə qeyd olunur ki, hakimlər ədalət mükahiməsinin həyata keçirilməsi sahəsində üzərlərinə düşən vəzifənin yüksək məsuliyyətini dərk etməli, qanunlara və insan hüquqlarına hörmətlə yanaşmalı, cəmiyyətdə qəbul edilmiş ümumi əxlaq normaları və davranış qaydalarını gözləməli, məhkəmə hakimiyyətinin şərəf və ləyaqətini, yüksək hakim adını və nüfuzunu daim uca tutmalıdır. Kodeksə görə, hakim bütün fəaliyyət dövründə dövlətin, vətəndaşın və ədalət mühakiməsinin qarşısında onun məsuliyyətini təcəssüm etdirən hakim andına sadiq qalmalı və səlahiyyətini həyata keçirərkən, eləcə də işdən kənar həyatda bu anda uyğun olan davranış nümayiş etdirməlidir.

Bakı Apelyasiya Məhkəməsinin hakimi İlham Kərimli 

Etiraf etmək lazımdır ki, son illər ölkənin məhkəmə sisteminin təkmilləşdirilməsi, Avropa standartlarına cavab verməsi istiqamətində bir sıra ciddi və təqdirəlayiq addımlar atılıb. Lakin buna baxmayaraq, hələ də elə məhkəmə hakimləri var ki, onların qəbul etdiyi qərarlar ədalət prinsipindən bir xeyli uzaqdır. Çünki bu qəbildən olan hakimlər müxtəlif səbəblər üzündən bu və digər məsələ ilə bağlı obyektiv, müstəqil qərar çıxarmaqda acizlik nümayiş etdirirlər. Onlar özlərini elə aparırlar ki, sanki əsas vəzifələri ədalət mühakiməsini həyata keçirmək yox, hansısa məmura, nüfuzlu şəxsə vəkillik etməkdir. Məhz bu cür hakimləri gördükdə vətəndaşlarda belə bir təsəvvür yaranır ki, bu gün ölkədə ədalətli məhkəmə və ədalətli hakim tapmaq olduqca müşkül məsələdir. Çox təəssüflər olsun ki,Azərbaycanda bir çox hallarda bəzi hakimlər ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarını ümumqəbuledilmiş ədəb qaydalarını rəhbər tutmaq, məhkəmə hakimiyyətinin müstəqilliyini və sərbəstliyini qoruyub saxlamaq, onun nüfuzunu daim artırmaq, qanunların tələblərinə dəqiq və dönmədən əməl etmək, faktlara əsaslanmaq, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etmək, ədalətli və qərəzsiz olmaq vəzifələrini unudurlar.

Son vaxtlar fəaliyyəti narazılıq doğuran məhkəmələrdən biri də Füzuli rayon məhkəməsi (hakim Məhəmməd Bağırov)olmuşdur. Az qala belə bir ictimai rəy formalaşmışdır ki, rayonda məhkəmə icraatına hər hansı şəxs, o cümlədən sədrin, hakimlərin qohumları, dost və tanışları tərəfindən müdaxilə edilməsi adi haldır. İşlərin baxılmasında hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipi gözlənilmir, proses iştirakçılarından hansısa birinə üstünlük verilirdi. Hakimlərin hakimiyyət və idarəçilik strukturlarının, habelə ayrı-ayrı şəxslərin təsiri altına düşməsi hallarına rast gəlinirdi.

Füzuli Rayon Məhkəməsinin hakimi Yaşar Həşimov 

Lakin, az öncə Füzuli rayon məhkəməsinə gənc hüquqşünas Yaşar Həşimovun hakim təyin olunması məlum ictimai rəyi artıq müsbət istiqamətə dəyişməyə başlayıb. Yaşar Hərimov özü-özünə qarşı tələbkardır, üzərinə düşən vəzifələri vicdanla yerinə yetirir, işlərə və digər materiallara vaxtında baxır. İstər qulluq vəzifələrini yerinə yetirərkən, istərsə də məişətdə özünü təmkinli, ciddi, ədəbli və səmimi aparır. Hakim baxılan işlər üzrə istər məhkəmə iştirakçıları, istərsə də digər məhkəmə instansiyaları ilə qanunda nəzərdə tutulmayan qeyri-prosessual münasibət yaratmır. Tam müstəqildir, hər bir konkret iş üzrə öz qərarını sərbəst olaraq işin hərtərəfli, tam və obyektiv araşdırılması nəticəsində, özündə yaranan daxili inamına əsaslanmaqla, onun bir tərkibə daxil olan digər hakimlərin mövqeyindən asılı olmadan qəbul edir. Yaşar Həşimov bəzi həmkarları kimi jurnalistlərdən qaçmır, KİV-in məhkəmənin fəaliyyətini işıqlandırmaq istəyinə rəgbətlə yanaşılr və əgər bu işıqlandırma məhkəmə prosesinin gedişinə maneçilik törətmirsə, habelə əldə edilən informasiya məhkəməyə təsir göstərmək vasitəsi kimi istifadə edilmirsə, iş üzrə tərəflərin rəyi nəzərə alınmaqla KİV nümayəndələrinə müvafiq yardım göstərir.

Bakı Apelyasiya Məhkəməsinin hakimi İsmayıl Xəlilov

Ümumiyyətlə, Azərbaycanda icraatında olan işə baxarkən, “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələblərini unutmayan, Azərbaycan dövləti adından qərar verdiklərini daim xatırlayan, ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl edən, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin edən, ədalətli və qərəzsiz, müşavirə otağının sirrini qoruyan, ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf və ləyaqətinə xələl gətirməyən hakimlər də az deyil. Vətəndaşların ölkənin məhkəmə sisteminə inamına artıran belə hakimlərdən Bakı Apellyasiya Məhkəməsində İlham Kərimlini, İsmayıl Xəlilovu, Ali Məhkəmənin mülki işlər üzrə kollegiyasında Sənan Hacıyevi və başqalarını göstərmək olar. Bu hakimlər çox gözəl bilirlər ki, məhkəmənin nüfuzu hakimlərin şərəf, ləyaqətindən, onların əxlaqi keyfiyyətlərindən, cəmiyyət arasında hörmətindən, xidməti vəzifələrini yerinə yetirərkən yüksək peşəkarlıq göstərməsindən, məişətdə davranışından və mədəniyyətindən birbaşa asılıdır. Gəlin, onlara uğurlar arzulayaq.

Ramin Məhəmmədoğlu, 

RealMedia.az-ın baş redaktoru

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin