“Kəndin inamı, ümidi qırılmayıb” – ALIXANLIDAN REPORTAJ

0
861
Düz 25 ildir cəbhə xəttində yerləşir. Dörd ay ermənilərin işğalı altında olub. İşğal zamanı tamamilə talan olunub. Ermənilərin xəritədən silməyə çalışdığı kənd işğaldan azad olunduqdan sonra dövlət tərəfindən yenidən bərpa olunub, onu tərk etmiş sakinləri isə geri qayıdıb.
Alxanlı… Son günlər hər kəsin dillər əzbərinə çevrilən bu kəndin adı Zəhranın ölümündən sonra tanınmağa başladı. Gerçək adı Alıxanlı olan kəndin ümumilikdə 4400 hektar torpaq sahəsi var. Bunun 800 hektarı hələ də erməni işğalındadır. 1993-cü ildə 575 ailə buranı tərk edib. Hazırda 420 ailə yaşayır kənddə. Kənd sakinlərindən hələ də köçkünlük həyatı yaşayanlar var. Çünki kimisinin evinin bərpaya ehtiyacı var, kimisinin evi düşmən mövqelərinə yaxın olduğu üçün bərpası mümkün deyil.
Alıxanlı erməni işğalında olan qonşu kənddən – Qaraxanbəylidən atəşə tutulur. Zəhranın ölümü uşaqların gündəlik yaşamlarına daha çox təsir edib. Artıq heç bir ailə körpə uşaqların həyətə çıxmasına imkan vermir. Bütün uşaqlar qapalı məkanlarda saxlanılır: “Körpə uşaqdır, səs eşidirlər, qorxurlar, özlərindən gedirlər. Bunların nə günahı var ki, belə edirlər onlara? Elə bilirəm ki, haçansa bizim də başımıza gələcək “.
Zəhra ilə nənəsi Sahibə şəhid olandan sonra Quliyevlər ailəsi hələ də kəndə qayıtmayıb. Qonşuların da, qohumların da, kənd əhalisinin də gözü yoldadır.
Bütün bu yaşananlar kəndin inamını, ümidini qırmayıb. Əksinə, Alıxanlılar qisas hissi ilə yaşayır. Körpə Zəhralar ölməsin deyə evlərdən çıxıb səngərlərdə döyüşməyə hazırdırlar: “Bir tıqqıltı gələn kimi tez uşaqları evə aparırıq ki, birdən başlarına düşər. 2 yaşı var idi Zəhranın, onun nə günahı var idi? Postda əsgər deyildi ki, öldürülsün”.
Uşaqlar ölməsin! Zəhralar ölməsin! Sülhü sevməyən, körpə qanına susayan düşmənin cavabını isə Azərbaycan əsgəri verəcək. Haydı irəli, Azərbaycan əsgəri!

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin