Jurnalistlərin etirazı davam edir – VIDEO

0
364

Dekabrın 28-də bir qrup jurnalist yenidən Milli Məclisin qarşısında, artıq ikinci oxunuşdan keçən “Media haqqında” Qanun layihəsinə etiraz ediblər. Onlar binanın qarşısına toplaşaraq “Azad mətbuat”, “İcazəli jurnalistika istəmirik”, “Mürtəce qanuna yox”, “Qadağalarınızla yox olmayacağıq”, “Qanundan qandal düzəltmə” və başqa şüarlar səsləndirdilər. Amma polis əməkdaşları aksiya iştirakçılarına plakatlar qaldırmağa imkan vermədi. RealMedia.az bidirir ki, bu barədə “Azadlıq” radiosu xəbər yayıb.

Jurnalist Xədicə İsmayıl bildirdi ki, layihə azad jurnalistikanı məhdudlaşdıran maddələr çıxarılmadan müzakirə edilməməlidir: “Bu maddələr çıxarılmadan onun müzakirəsi, ümumiyyətlə, mümkün deyil”.

Polis daha sonra aksiya iştirakçılarını Milli Məclisin binası önündən Şəhidlər Xiyabanına doğru sıxışdırdı. Aksiya iştirakçıları orada da şüarlar səsləndirməyə davam etdilər.

“Birgə işçi qrup yaradılsın”

Aksiyanın sonunda iştirakçılar bəyanat səsləndirdilər. “Biz, bir qrup müstəqil jurnalist olaraq “Media haqqında” yeni qanun layihəsinin ölkəmizdə mövcud qapalı mühitin daha da sərtləşməsinə təkan verəcəyindən narahatlığımızı ifadə edir, bunu ifadə azadlığı hüququnun pozulması kimi qiymətləndiririk”, – bəyanatda vurğulanır.

Onların sözlərinə görə, adıçəkilən yeni qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyası və Avropa İnsan Haqları Konvensiyasının ifadə azadlığı ilə bağlı müddəaları ilə ziddiyyət təşkil edir.

Aksiya iştirakçıları bildirdilər ki, layihə, ümumiyyətlə, müzakirədən çıxarılmalı, onun yenidən işlənməsi üçün müstəqil ekspertlərlə birgə işçi qrup yaradılmalıdır.

Xatırlatma
“Media haqqında” yeni qanun layihəsində ölkədə jurnalistlərin reyestrinin yaradılması nəzərdə tutulur. Sənəddə Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi və digər məsələlər öz əksini tapıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin