Jurnalistin həbsinə hazırlıq- Hakim Rəşadət Ağayev onu tənqid edən yazardan qisas alır

0
1411

İfadə azadlığı demokratik hökumətin döyünən ürəyidir. Məlumat və düşüncənin ifadə edilməsi və mübadiləsi olmadan seçicilər həyata keçiriləcək siyasət haqqında dəqiq fikir formalaşdıra, həmçinin səs verəcəkləri namizədlə bağlı ətraflı məlumata əsaslanmış qərar verə bilməzlər.

İfadə azadlığının demokratiya üçün əhəmiyyətli bir meyar olduğunu nəzərə alaraq, bu azadlığın hətta hökumətin özünü belə tənqid etmək imkanı yaratmasına baxmayaraq beynəlxalq hüququn hökumətlərdən ifadə azadlığı, xüsusən də jurnalist fəaliyyətinin qorunmasını tələb etməsi heç də təəccüblü deyildir. Belə halda, jurnalistlərin qorunması demokratiyanın bir hissəsi və eyni zamanda onun özünün də müdafiəsi hesab olunur. İki onillikdən bir az qısa vaxt müddətində Azərbaycan Sovet İttifaqının bir hissəsi olmaqdan çıxaraq Avropa və Asiyanın kəsişməsində yerləşən inkişaf edən, müstəqil respublikaya çevrilməyi bacarmışdır. Bu müddət ərzində bir sıra beynəxalq insan haqları sənədlərinə imza ataraq 2014-cü ildə Nazirlər Komitəsində sədrlik edəcəyi Avropa Şurası (AŞ), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlara qoşulmuş, həmçinin ifadə azadlığını da özündə ehtiva edən fundamental hüquqların aşkar şəkildə əks olunduğu konstitusiya qəbul etmişdir.

Lakin etiraf edək ki, son dövrdə Azərbaycan həm də siyasi müxalifət üzvləri, jurnalist və insan haqları müdafiəçilərinə qarşı sərgilədiyi mənfi münasibət, reportyor və bloggerlərə qarşı hücumlar, həmçinin hökumətlə bağlı tənqidi materiallar dərc edən və yayımlayan jurnalistlərə qarşı qəsdən açılmış cinayət işlərinin nəticəsi olaraq qənaətbəxş olmayan nüfuz qazanmışdır.

Total hücumlar

Müxalifətyönlü qəzetlərin və saytların əməkdaşlarını qoyaq bir kənara . Hətta müstəqil yazarların yazdıqları tənqidi materiallar, araşdırmalar dövlət məmurlarında qıcıq doğurur. Bu üzdən dövlət məmurlarının jurnalistləri və mətbu orqanları məhkəməyə verməsi halları daha da intensivləşib.

Dövlət məmurlarının jurnalistlərə hədə-qorxu gəlmələrinin, onları qeyri-qanuni yolla xüsusi ittihamla cinayət məsuliyyətinə cəlb etməyə çalışmaları artıq adi hala çevrilib. Bir sözlə məmurların mətbu orqanlara qarşı bu cür aqressiv münasibətinin səbəbini öyrənmək üçün “Yeni Nəsil” Jurnalistlər Birliyininin rəhbəri Arif Əliyev müsahibələrinin birində demişdi:” “Burada yeni bir şey yoxdur. Yəni bu, çoxdan tətbiq olunan praktikadır. Söhbət ondan gedir ki, istər məmur, istərsə də qeyri-məmurlar daha çox jurnalistlərin yazdıqları yazılardan narahat olanda müəyyən instansiyalara müraciət edirlər. Lakin sözə görə cinayət məsuliyyəti tələbi aradan qaldırılmalıdır. Bu gün də bu məsələlər araşdırılmalıdır. Bu da o problemin, mübahisənin növbəti təzahürüdür”.

Məmur hücumu ilə üzləşən və məhkəmələrdə haqsızlıqla üzləşən jurnalistlərin son ümidi əksər hallarda prezident olur. Necə ki, “Sonolay.org” saytının baş redaktoru Ramin Məhəmmədoğlu bu gün bir daha dövlət başçısına məmur özbaşınalığından, eləcə də zalım məhkəmə hakimlərinin ədalətsiz qərarlarından bəhs edən məzmunlu şikayət məktubu ilə müraciət edib: «İnanıram ki, ölkə prezidenti Cənab İlham Əliyev səsimə səs verib, məni məmur şərindən, haqsız suçlamalardan, qanunsuz və əsassız məhkəmə hökmlərindən xilas edəcəkdir».

Realmedia.az olaraq həmin müraciəti olduğu kimi dərc edirik.

“Möhtərəm Cənab Prezident!

Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Rüstəmova Xuraman Müzəffər qızı Füzuli rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizəsi verərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməklə barəmdə cəza hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir.

Xanım məmur Rüstəmova Xuraman Müzəffər qızı ərizəsini belə əsaslandırmışdırki, mən jurnalist fəaliyyətimdən dolayı baş redaktoru olduğum “sonolay org” saytında 14.11.2016-cı il tarixdə “Xuraman Rüstəmovanın “rüşvət atesstasiyası”-Beyləqan Təhsilində “zərif “ qanunsuzluqlar” başlıqlı məqaləsində onun barəsində böhtan, yəni ağır cinayətdə ittiham etməklə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaymışam.

Bundan başqa baş redaktoru olduğum “Sonolay.org” saytında 16.11.2016-cı il tarixdə «Xuraman Rüstəmovanın Təhsil Nazirliyində Eşqi Bağırov adlı qoruyucu mələyi” adlı məqaləmdə onun barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları KİV –də yaymışam.

Bundan başqa güya kı, mən “Sonolay.org” saytında 14.11.2016-cı il tarixdə «Xuraman Rüstəmovanın «rüşvət attestasiyası» – Beyləqan təhsilində «zərif» qanunsuzluqlar» və 16.11.2016-cı il tarixdə «Xuraman Rüstəmovanın Təhsil Nazirliyində Eşqi Bağırov adlı qoruyucu mələyi” adlı məqaləmdə onun barəsində təhqir,yəni kütləvi informasiya vasitəsdində onun şərəf və ləyaqətini qəsdən alçaltmaqla Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini torətmişəm.

Füzuli rayon Məhkəməsi həmin işə baxarkən xüsusi ittiham qaydasında şikayətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293.31-293.3.7-ci maddələri ilə nəzərdə tutulmuş vəzifələrin şikayət ərizəsi verilmiş şəxs tərəfindən əməl edilib-edilməməsini yoxlayıb həmin hallardan birini aşkar etdikdə, yəni şikayət Cinayət Prossesual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddəsinin tələblərinə cavab vermədikdə hazırlıq iclasında şikayəti öz icraatına qəbul etməsindən imtina etməli olduğu halda, CPM-nin tələblərini pozaraq bu tələblərə riayət edilmədiyi, əsasən də şikayət ərizəsinin tarixi qoyulmadığı halda həmin şikayət ərizəsini icraatına qəbul etmişdir.

Füzuli rayon məhkəməsi Cinayət-Prossesual qanunvericiliyin tələblərinə əvvəlcədən biganə yanaşaraq işi icraatına qəbul etmiş, işin sonrakı gedişində bizim sübutlar tələbi barədə vəsatətlərimizi qəbul etməyərək qərəzli olaraq ittiham hökmü çıxarmışdır.

Bundan başqa xüsusi ittihamçı iki dəfə ardıcıl olaraq məhkəmə iclasına gəlmədiyi halda məhkəmə cinayət-prosesual qanunvericiliyin tələblərinə uyğun olaraq təkrarən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verməli olduğu halda bunu etməmişdir.

Mən hesab edirəm ki, Füzuli rayon məhkəməsi xüsusi ittihamlı iş üzrə ilkin hazırlıq iclasının qərarını qanunsuz qəbul etmiş, həmin işi icraatına qəbul etməkdən imtina etməli olduğu halda bunları etməmiş, nəticədə Cinayət-Prossesual qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Eyni zaman da məhkəmənin hökmü CPM-nin 349-354-cü maddələrinin tələblərinə cavab verməli olduğu halda bu tələblər gözlənilməmişdir.

Eyni zamanda məhkəmə iclasında xüsusi ittihamçının göstərdiyi epizodlarla bağlı Təhsil Nazirliyinə sorğu göndərilməsini xahiş etsək də, məhkəmə əsassız olaraq həmin vəsatətləri qəbul etməmişdir. Və mənim sübut toplamaq imkanımı sıfra endirmişdir.

Möhtərəm Cənab Prezident!

Mən Füzuli rayon məhkəməsi 06 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək, qazancımdan 15% dövlət nəfinə tutulmaqla 06(altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişəm. Füzuli rayon məhkəməsinin barəmdə çıxarmış olduğu hökmdən narazı qalaraq Şirvan Apellyasiya məhkəməsinə şikayət vermişəm. Hal-hazırda həmin hökmdən verilmiş şikayət apellyasiya məhkəməsinin icraatındadır. Eyni zamanda da Beyləqan rayon Təhsi şöbəsinin müdiri Rüstəmova Xuraman Müzəffər qızı Füzuli rayon məhkəməsinin barəmdə çıxardığı 06 iyun 2017-ci il tarixli hökmündən apellyasiya şikayəti verərək, barəmdə çıxarılan hökmün dəyişdirilərək mənim həbs tələbimi irəli sürüb. Maraqlıdır, bütün əli əyriliklər edən, təhsilin başına corab hörən, qeyri-qanuni yolla Beyləqan məktəblərinə müəllimlər götürən Xuraman Rüstəmova özü olduğu halda, əsassız iddiaları ilə haqsız yerə məni mühakimə etdirir, məhkəmələrə adam tapdıraraq xahiş etdirərək barəmdə əsassız hökmlər çıxartdırır.

Şirvan Apellyasiya Məhkəməsinin 15 avqust 2017-ci il tarixində təyin etdiyi ilkin hazırlıq iclasında Şirvan Apellyasiya Məhkəməsinin bütün tərkibinə etirazla bağlı vəsatət verərək, mənim barəmdə olan cinayət işinin başqa apellyasiya məhkəməsində baxılması üçün göndərilməsi məsələsinin həll edilməsi üçün işi aidiyyəti üzrə göndərilməsini xahiş etsəm də, məhkəməyə sədrlik edən hakim Kamil Bəşirov və tərkibdə əyləşən Ələsgər Novruzov həmin vəsatətimi təmin etməmiş işi 28 avqust 2017-ci il tarixinə baxışa təyin etmişdir.

Eyniylə, Füzuli rayon məhkəməsində olduğu ki, Şirvan Apellyasiya məhkəməsi də həmin işə baxarkən xüsusi ittiham qaydasında şikayətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293.31-293.3.7-ci maddələri ilə nəzərdə tutulmuş vəzifələrin şikayət ərizəsi verilmiş şəxs tərəfindən əməl edilib-edilməməsini yoxlayıb həmin hallardan birini aşkar etdikdə, yəni şikayət Cinayət Prossesual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddəsinin tələblərinə cavab vermədikdə hazırlıq iclasında şikayəti öz icraatına qəbul etməsindən imtina etməli olduğu halda, CPM-nin tələblərini pozaraq bu tələblərə riayət edilmədiyi, əsasən də şikayət ərizəsinin tarixi qoyulmadığı halda həmin şikayət ərizəsini icraatına qəbul etmişdir.

Əminliklə deyə bilərəm ki, həmin apellyasiya şikayətimə Şirvan Apellyasiya məhkəməsində obyektiv və qərəzsiz baxılması şüphə doğurur.

Ona görə ki, Ağcabədi rayon məhkəməsinin 06 aprel 2017-ci il tarixli hökmü ilə atam Qurbanov Məhəmməd Rəşid oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətində azadlıqdan məhrum edilmişdir. Hazırda atam Bakı şəhər, Xəzər rayonu, Binə qəsəbəsində 17 saylı cəzaçəkmə müəssisəsində günahsız yerə cəza çəkir. İxtiyar yaşlı atamın şərlənərək həbs olunması mənim jurnalist fəaliyyətimlə bağlı olub. Ona görə atamın bir başa mənim jurnalist fəaliyyətimlə bağlı həbs olunduğunu deyirəm ki, baş redaktoru olduğum sayt ölkədə yeganə sayıtdır ki, bu dövlətə təmannasız qarşılıq göstərərək, Ağcabədi rayon təhsilində mənimsənilən 897 min manat dövlət vəsaitinin aşkara çıxarıb. Elə buna görədir ki, 60 yaşlı atam korrupsionerlər tərəfindən şərlənərək günahsız yerə həbs etdilib.

Həmin hökmdən atamın müdafiəçisi Rüstəmov Fəxri Sərvaz oğlu Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verərək Ağcabədi rayon məhkəməsinin 06 mart 2017-ci il tarixli hökmünü ləğv edilərək yeni hökm çıxarılmasını və atam Qurbanov Məhəmməd Rəşid oğluna bəraət verilməsini məhkəmədən xahiş etmişdir.

Həmin cinayət işi üzrə atamın təqsirliliyini sübut edən sübutlar siyahısında, “zərərçəkmiş” şəxs Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Nəbiyev Ədalət tərəfindən cinayət təqibi orqanına təqdim edilmiş atam Məhəmməd Qurbanovla öz aralarında olan danışıqların səs yazısı əks olunmuş yaddaş qurğusuda vardır. Həmin yaddaş qurğusunda olan səs yazısı heç bir qərar olmadan cinayət prosesual qanunvericiliyin tələblərinin pozulması ilə əldə edilmişdir.

Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin sübutların mümkünlüyünü nəzərdə tutan 125.2.5-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilməməsinə baxmayaraq məhkəmə həmin hallara münasibət bildirmədən əsassız olaraq müdafiəçinin vəsatətlərini rədd etmiş və Ağcabədi rayon məhkməsinin hökmünü qüvvədə saxlamışdır.

Belə olan halda, mən Azərbaycan Respublikasının prezidenti olaraq Sizə və digər orqanlara şikayət ərizələri yazaraq bu qanunsuzluğun qarşısının alınmasını xahiş etməklə yanaşı, internet saytlarında və başqa-başqa KİV-də Şirvan Apellyasiya məhkəməsinin sədri Rəşadət Ağayev barəsində haqlı iradlarla çıxışlar etmişəm. Və mən bu gün də haqlı olaraq hesab edirəm ki, mənim barəmdə də işə baxan hakimlər Rəşadət Ağayevin tabeçiliyində olduqları üçün işə obyektiv və qərəzsiz baxılmasını təmin edə bilməyəcəklər.

Bütün bunları əsas götürərək, mən və Xuraman Rüstəmova tərəfindən Şirvan Apellyasiya məhkəməsinə verilmiş, 15.08.2017-ci il tarixli apellyasiya şikayətinin hazırlıq iclasında mənim barəmdə olan cinayət işinin aidiyyəti üzrə başqa apellyasiya məhkəməsində baxılması üçün göndərilməsi məsələsinin həll edilməsini xahiş etmişdim.

Möhtərəm Cənab Prezident!

Atam mənim jurnalist fəaliyyətimə görə, günahsız yerə həbs həyatı yaşayır. Bu gün də mən özüm jurnalist fəaliyyətimə görə məhkəmələr qarşısında mühakimə olunuram. Məhkəmələr isə müdafiəm üçün verdiyim vəsatətləri təmin etmirlər. Sanki məhkəmələr məni və ailə üzvlərimi jurnalist fəaliyyətimə görə, təqib edib şərləyib həbs etməyi qarşılarına məqsəd qoyublar. Əlbəttə ki, bütün bu proseslər bir mənalı olaraq sifarişlə həyata keçirilir. Bu sifarişi edənlər isə dövlətini, millətini vətənini sevməyən, bu xalqa, bu dövlətə xəyanət edən şəxslərdilər ki, mən də jurnalist fəaliyyətimdən dolayı onların xəyanətkar, korrupsioner iyrənc əməllərini ifşa edib ictimailəşdirdiyim üçün belə bir təqiblərə məruz qalmışıq.

Bir vaxtlar Şirvan Apellyasiya məhkəməsi Ağcabədi rayon məhkəməsinin atama qarşı çıxardığı hökmü düzgün, obyektiv araşdırmadan qüvvədə saxladı. İndi də, Şirvan Apellyasiya məhkəməsi Füzuli rayon məhkəməsinin 06 iyun 2017-ci il tarixli hökmünü dəyişərək məni həbs etmək təlimatını alıb.

Möhtərəm Cənab Prezident!

Beyləqan rayon təhsil şöbəsinin müdirəsi Xuraman Rüstəmovanın işlədiyi 1 il deyildir ki, o, Təhsil Nazirliyi tərəfindən bir dəfə xəbərdarlıq, bir dəfə töhmət, icra başçısı tərəfindən isə yenə bir dəfə töhmət alaraq başçı yanında şura üzvlüyündən qovulmuşdur. Xuraman Rüstəmova barəsində yazdığım bütün yazılarımın tam məsuliyyətini daşıyırım və yazı yazarkən də heç bir qərəzçiliyə, böhtana yol verməmişəm. Xuraman Rüstəmovanın qanunsuz əməlləri sadalanmaqla bitib tükənmir. Ancaq bunu araşdran yoxdur. Bu şəxs Beyləqan təhsilini mənəvi “terrora” məruz qoyub. Bu şəxsin “qoruyucu mələkləri” təhsil nazirliyində, Beyləqan rayon İcra Hakimiyyətində əyləşib onun qanunsuz əməllərinə dəstək verirlər. İndiyə qədər Təhsil nazirliyinə etdiyim rəsmi müraciətlərimlə bağlı nazirlikdən heç bir cavab ala bilmirəm.

Odur ki, Sizdən məni Xuraman Rüstəmovanın şər və böhtanından, zalım məhkəmə hakimlərinin isə ədalətsiz hökmündən xilas etməyinizi xahiş edirəm”.

P.S. Apellyasiya məhkəməsi işi icraata qəbul etməməli idi, lakin qərəzli formada işi icrata qəbul edib baxışa təyin edib.Mövzunu diqqətdə saxlayacağıq.

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin