“İstintaq təcridxanasında olduğu kimi koloniyada da yeməyin keyfiyyəti iyrəncdir”

0
662
Keçmiş vicdan məhbusu, tanınmış hüquqşünas İntiqam Əliyev BBC-yə müsahibəsində Azərbaycan həbsxanalarında saxlanılan məhbusların qidalanması ilə bağlı danışıb.
Hüquq müdafiəçisi bildirib ki, məhkumların alacağı məhsulların həcmi və siyahısı gizli saxlanılır:
“İstintaq təcridxanasında olduğu kimi koloniyada da yeməyin keyfiyyəti iyrəncdir. Onunla çox az adam qidalanırdı, əksəriyyət evdən göndərilən yeməkləri yeyirdi. Adi həbsxana şorbası – pis kələmdən hazırlanan şorba və ya borş, tərəvəzlər və köhnə iylənmiş toyuq. Onu yedikdən sonra məhkumların mədəsi ağrımağa başlayırdı. Arada bizə xırda qızardılmış balıq da verirdilər. Lakin balığın da keyfiyyəti aşağı idi və onu yemək mümkün deyildi.
Mən istintaq təcridxanasında olan zaman məhkumların hər birinə ayda bir fincan şəkər tozu və o qədər də marqarin yağı verirdilər. Bundan başqa biz həftə ərzində bir və ya iki yumurta alırdıq.
Bizə nə çay, nə qənd, nə tərəvəz, nə də digər ərzaqlar verilmirdi. Nə istintaq təcridxanasında, nə də koloniyada bizə bir dəfə də olsun nə meyvə, nə də tərəvəz gətirməmişdilər.
Hətta orda çörək də köhnə və boyat olurdu. Bu çörəyi yalnız kasıb məhbuslar yeyirdilər, digərləri isə öz pullarına çörək alırdılar.
Bir dəfə mən evdəkilərdən mənə və yanına kimsə gəlməyən məhbuslar üçün 200 ədəd qutab hazırlamaqlarını xahiş etdim. Sonra öyrəndim ki, evdəkilər bütün gecəni yatmayıb qutab hazırlamışdılar, mən heç vaxt qutab hazırlamadığım üçün bunun asan olduğunu düşünmüşdüm.
Biz isə bir neçə kameradakı məhbuslar bu qutabları iki dəqiqənin içində yeyib qutarmışdıq”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin