“İsrail ”Dəmir Günbəz”i Bakıdan geri alır” iddiası – lazer silahları gələcək…

0
169

İran mediasının iddiası əsaslı görünmür, Azərbaycan raket komplekslərini pulla alıb, icarəyə götürməyib; hərbi ekspert: “Döyüş növbəsindən çıxarıb satmaq mümkün deyil, milli rəqəmsal sistemə adaptasiya olunub”

Son günlər İsraildən Azərbaycana və geriyə mütəmadi olaraq hərbi yük təyyarələrinin uçmasına dair iddialar çoxalıb. Bəzi yerli onlayn saytlar da xəbər verirlər ki, bununla bağlı xarici mənbələrdə məlumatlar yayımlanır.

“Yeni Müsavat” yazır ki, son belə məlumat Qərb mediasında tirajlanıb. Orada iddia olunub ki, İsrail Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara rəğmən, Bakı ilə silah öhdəliklərinə əməl edir. “İsrail bu gün Qəzzada hərbi əməliyyatlar həyata keçirir. Onun özünün silahlara ehtiyacı var. Lakin buna baxmayaraq, Azərbaycanla bağladığı razılaşmaya əsasən, silahların bu ölkəyə təhvil verilməsi öhdəliyinə əməl edir”.

İran mediası isə başqa bir iddia ilə çıxış edib. Bu mövzuda jamaz.info yazır ki, xəbərin mənbəyi “Fars” xəbər agentliyidir. Agentliyin iddiasına görə, İsrail Azərbaycana satdığı “Dəmir Günbəz” raket komplekslərini geri almağa başlayıb. “Böyük həcmdə reaktiv yaylım atəşi sistemlərinin öhdəsindən gələ bilmədiyi üçün İsrail Azərbaycana gətirilən “Dəmir qübbə” raket sistemini və xüsusi sursatları geri qaytarır”.

O da qeyd olunmalıdır ki, Azərbaycanla İsrail arasında hərbi sahədə dərin əməkdaşlıq mövcuddur. Bunu rəsmi Bakı da gizlətmir. Azərbaycan İsrail istehsalı olan bir sıra silahlara malikdir və rəsmi müqavilə əsasında onları alıb. Son zamanlar İsraildən Azərbaycana uçan hərbi yük təyyarələrinin sayının artmasına gəlincə, rəsmi Bakı bu barədə açıqlama vermir. Eyni zamanda İran mediasının iddiası da əsaslı görünmür. Çünki Azərbaycan sözügedən raket komplekslərini pulla alıb, icarəyə götürməyib. Əgər pulla alıbsa, onları geri verməsi məntiqli görünmür. Həmçinin Azərbaycan indiki şəraitdə bu silahları geri qaytarması da məntiqsiz görünür.

Bu arada Azərbaycan Ordusunun tezliklə lazer müdafiə sistemlərinə malik olacağı haqda xəbərlər də var. Bildirilir ki, İsrailin yeni lazer hava hücumundan müdafiə sistemi münaqişələrdə raketləri, mərmiləri və pilotsuz təyyarələri vurmaq üçün “Dəmir Günbəz” müdafiə sisteminə əlavə olaraq hazırlanıb və “Iron Beam” adlanır. Bir müddət əvvəl Türkiyədə də yerli istehsal olan lazer müdafiə sisteminin ilkin sınağı uğurla başa çatıb. Yeni lazer müdafiə sistemi Türkiyənin ASELSAN şirkətində istehsal olunub.

Tamamilə Türkiyə  istehsalı olan bu sistem zirehli hərbi maşın üzərində yerləşdirilir. Bu silah təsbit edilmiş təhlükəli hədəfi, o cümlədən pilotsuz aparatın özünü, onun apardığı yükü və yaxud kamerasını dəqiq zərərsizləşdirmək qabiliyyətinə malikdir. Burada qeyd edilməlidir ki, İsrail və Türkiyə Azərbaycanla sıx əməkdaşlıq münasibətlərinə malikdir. İstisna edilmir ki, məhz bu fonda lazer müdafiə sistemi tezliklə Azərbaycan Ordusunun da ixtiyarında olacaq. Xatırladaq ki, Azərbaycan ordunun müasir texnika ilə təminatına getdikcə daha çox vəsait ayırır. Etibarlı tərəfdaş olduğu üçün Azərbaycana hərbi texnika satışında da partnyor ölkələr heç bir problem yaşamır. İsrailin “Dəmir Günbəz”i geri almaq istəməsi İran xəbər agentliyinin iddialarıdır.  Qəzza hadisələrinə görə doğrudanmı Tel-Əvivin hərbi arsenalında defisit yaranıb, yaxud o dərəcədə ehtiyacı var ki, “Dəmir Günbəzi” geri istəsin?!

Hərbi ekspert Ramil Məmmədli “Yeni TV”nin CANLI YAYIMINDA - YouTube

Ramil Məmmədli 

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan “Dəmir Günbəz”i ödəniş edərək alıb. Onun sözlərinə görə, hava məkanının müəyyən hissələri var və o da zenit-raket komplekslərinə bölünür: “Biz hava məkanını hörümçək toru kimi təsəvvür etsək, həmin torun hissələrinin hər biri ayrı-ayrılıqda müdafiə sistemlərinə bölünür. O baxımdan “Dəmir Günbəz “in nəzarət etdiyi məkan da həmin torların bir hissəsinə kontrolu həyata keçirir. “Dəmir Günbəz” müdafiə sisteminin adıdır. Bu sistem Azərbaycanda 5 ildir ki, oturdulub. Onun çıxarılması və ya ləğv edilməsi çətin prosesdir”. Hərbi ekspert qeyd etdi ki, döyüş növbəsindən hansısa sistemi çıxarıb xaricə satmaq mümkün deyil: “Çünki milli rəqəmsal sistemə adaptasiya olunub. Ona görə yayılan məlumat dezinformasiyadır. Digər tərəfdən, Yaxın Şərqdə müharibənin formatı dəyişib və “Dəmir qübbə” ikinci dərəcəli məsələdir. İkincisi, İsrailin arxa cəbhə təminat-təchizat bazası var. Bu rolu da ABŞ oynayır və lazım olan təchizatı çatdırır”.

Elxan Şahinoğlu - Bioqrafiya.com

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə başqa bir məsələyə diqqəti cəlb edərək bildirir ki, erməni saytları İsrailin Qəzza bölgəsini bombalaması və bu zaman mülki insanların qətli fonunda İsrail-Azərbaycan hərbi əməkdaşlığına dair müxtəlif dillərdə şişirdilmiş və həqiqətə uyğun olmayan xəbərlər, analizlər yayımlayırlar: “Azərbaycanın İsraildən hərbi texnika alması və bu ölkəyə neft satması məlum faktdır. Bu bizim təbii haqqımızdır, modern silahlara və enerji resurslarımızı almaq istəyən dövlətlərlə əməkdaşlığa ehtiyacımız var. Erməni saytları buna əlavə olaraq guya İsrailin Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məlumatları toplayan mərkəzlərin fəaliyyət göstərdiyi barədə saxta “analizlər” yayırlar. Erməni lobbisi bu cür saxta “analizləri” xarici ölkələrdəki bir sıra mərkəzlərin əli də yaymağa müvəffəq olur. Məqsəd aydındır. Bu yolla İranda və bir sıra ərəb ölkəsində anti-Azərbaycan əhval-ruhiyyəsini gücləndirməyə çalışırlar. Bizim Yaxın Şərqdəki hadisələrə mövqeyimiz digər sivil ölkələrin mövqeyindən fərqlənmir. Bölgədə sülh istəyirik, mülki insanların ölümünü, xəstəxanalara və məktəblərə zərbələr endirilməsini pisləyirik və Fələstinin müstəqilliyi ilə bağlı BMT qətnaməsini dəstəkləyirik”.

Qeyd edək ki, “Dəmir Günbəz” İsrail tərəfindən istehsal olunmuş istənilən hava şəraitində işləməyi bacaran qısa məsafəli hava hücumundan müdafiə sistemidir. Bu sistem istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısaməsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir. İsrail gələcəkdə bu sistemlərin maksimum atəş məsafəsini 70 kilometrdən 250 kilometrə qədər artırmağı planlaşdırır. İsrail “Dəmir qübbə” sistemini ilk dəfə 27 mart 2011-ci ildə Beer-Şeva şəhərində yerləşdirib. Bu sistem ilk dəfə 7 aprel 2011-ci ildə Qəzzadan atılan Qrad raketlərini məhv edib. 10 mart 2012-ci ildə “Yerusəlim Post”da yer alan məlumata əsasən “Dəmir qübbə” Qəzza zolağından əhalinin sıx məskunlaşdığı ərazilərə atılan raketlərin 90%-ni zərərsizləşdirə bilib.

Emil SALAMOĞLU

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin