İşi “iqtidarı şərləmək olan” Milli Şura rəhbərliyi cinayət məsuliyyəti daşıyır

0
373

Çingiz Qənizadə: “Amma ”Facebook”, “YouTube”, “Twitter” kimi sosial şəbəkələrin qeydiyyatı xaricdə olduğuna görə onların Azərbaycanda məsuliyyətə cəlb olunmaları mümkün deyil”

Milli Şuranın böyük səs-küy yaradan biabırçı videoları yayılmaqda davam edir. Son olaraq, qurumun Koordinasiya Mərkəzinin üzvlərinin keçirdikləri “Zoom konfrans”ın bəzi detalları üzə çıxıb. Qeybət xarakteri daşıyan konfransda Amerikada yaşayan MŞ sədri Cəmil Həsənli də iştirak edir.

Bu videoda şura üzvlərinin bir-birinə müraciət tərzləri, heç bir siyasətçiyə yaraşmayan ifadələri baxanları şoka salır. Orada MŞ üzvlərindən Rahim Hacıyevlə Fransada yaşayan mühacir jurnalist Qənimət Zahid arasında yaşanan polemika xüsusi diqqət çəkir. Burada Q.Zahid qarşı tərəfə “sus” deyir və onun canlı yayımlara çıxmaqdan yayındığını, MŞ-ni bununla bağlı xüsusi qərar çıxarmağa çağırır. Bu yerdə Q.Zahid onun facebook mesajlarında qeybətçiliklə məşğul olduğunu da dolayısı ilə çatdırır. Polemika davam edir və kulminasiya mərhələsinə çatır.

R.Hacıyev: “Qənimət, rəqəmlərdə bir az diqqətli ol. Azərbaycanda devalvasiya 2015-ci il 21 fevral və 21 dekabrda olub. Sən Emin Əhmədbəyovla veriliş aparanda vaxt tapıb bir az baxdım. Dedin ki, 2014-15-ci illərdə olub. Emin də fikirləşdi ki, bu böyük adamdır səhv etməz. O da bunu təkrarladı”.

Q.Zahidin cavabına baxın: “Bizim işimiz hökuməti şərləməkdir”.

Onun bu fikirləri “zoom konfrans”ın iştirakçıları tərəfindən gülüşlə qarşılanır.

Göründüyü kimi, bu qurum rəqiblərinə qarşı mübarizədə şərləməyi, böhtan yağdırmağı öndə tutur. Bunu özləri də etiraf edirlər.

Qeyd edək ki, indiyə qədər MŞ-nin dəfələrlə bu tərzdə yayılan videolarının şahidi olmuşuq. Bundan öncəki videoda qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bir müddət öncə Azərbaycan neftinin 14 dollara düşdüyü barədə yayılan dezo xarakterli məlumatlara sevinərək, hər kəsi onu təbrik etməyə çağırmışdı. C.Həsənlinin ona cavabı belə olmuşdu: “Bu, son hədd deyil də, yoxsa təbrik edərdim, gözləyək axıracan düşsün, sonra təbrik edərəm”.

Bir müddət öncə MŞ-nin cinsi azlıqları müdafiə edən kadrları üzə çıxmış və həmin görüntülərdə qurumun Koordinasiya Mərkəzinin üzvü, VHP Ali Məclisinin sədri Rafiq Manaflı işlətdiyi ağır söyüşlə əlaqədar gündəm olmuşdu. O, bu səbəbdən qurumdan istefa vermişdi.

Yayılan daha bir videoda isə C.Həsənli hökumətlə dialoq tərəfdarı olan siyasi partiya rəhbərlərinə “tryapka” demişdi. Həmin videoda iş o yerə çatmışdı ki, MŞ rəhbərləri hətta xalqı belə təhqir etmişdilər. Belə ki, Koordinasiya Mərkəzinin üzvü G.Hacıbəyli iyrənc bir lətifə danışmış, şəhərli-kəndçi söhbəti aparmış və bu lətifəni də ona vaxtilə C.Həsənlinin danışdığını qeyd etmişdi.

Belə nümunələrin sayını artırmaq da olar. Sadəcə, bunlarla kifayətlənmək yetər ki, özlərini Demokratik Qüvvələrin Milli Şurası adlandıran bu kəslərin hansı işlərlə məşğul olduqlarının, insanları necə aşağıladıqlarının hər kəs bir daha şahidi olsun.

Son “şərləmək” söhbətindən sonra bir sual meydana çıxıb. MŞ üzvlərinə yayılan videolarda dediklərinə görə cinayət işi açıla bilərmi?

Avropa institutları Azərbaycanın daxili işlərinə qarışırlar

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bununla bağlı “Yeni Müsavat”a danışdı: “Əvvəla, onu deyim ki, bu Milli Şura anlayışının özünü başa düşə bilmirəm. Bunları kim yaradıb? 3-5 nəfərin bir toplusudur. Özlərini xalqın ”cəfakeşi” kimi göstərməklə guya belə bir qurum yaradıblar, ölkədəki siyasi hakimiyyətə müxalifdirlər. Mən müxalifətçiliyin əleyhinə deyiləm. Hər bir dövlətdə müxalifət olmalıdır. Amma müxalifət də gərək sağlam olsun. Müxalifət dağıdıcılıqla, şər-böhtanla, qarayaxma ilə məşğul olmamalıdır. Müxalifət hakimiyyətdə olanların qüsurlu məqamlarını üzə çıxarıb, əsaslı şəkildə ortaya bir variant, layihə qoymaqla bu səhvlərin düzəldilməsini, düzəlməzsə, özləri gələrlərsə, hansı yollarla bunu edəcəklərini göstərməlidir. Amma təəssüflər olsun ki, bizdə hazırkı real müxalifət tamamilə fərqlidir. Həm xaricdə, həm də daxildə müxalifət partiyalarının üzvü olaraq, “beşinci kalon” yaradıb, ölkənin siyasi rəhbərliyinə, ölkədəki müvafiq qurumlara, vəzifəli şəxslərə böhtan atmaqla məşğul olurlar. Belə hesab edirlər ki, bununla hansısa bir siyasi mübarizə aparırlar. Əvvəllər də demişəm, yenə də deyirəm, üzr istəyirəm, düşmənçiliyi də gərək kişi kimi aparasan. Təəssüf edirəm ki, bu adamlar hətta söyüşdən, təhqirdən belə çəkinmirlər, vəzifəli şəxslərə qarşı çox iyrənc formada fikirlərini çatdırırlar. Bu kişiliyə sığan bir şey deyil. Unutmasınlar ki, onların hər birinin söyüşünü Azərbaycanın qız-gəlinləri, ziyalılarımız, ağsaqqallarımız görür. Bunun bir adı var – əxlaqsızlıq. Mən heç vaxt Milli Şuranı qəbul etməmişəm. 5-6 adam oturub müəyyən fikirlərini ortaya qoyurlar. Çox təəssüf ki, fikirlərini yanlış formada ortaya qoyurlar. Qənimət Zahidin öz dili ilə deməsi ki, işimiz hakimiyyətə şər atmaqdan ibarətdir, bu onların iç üzünün nədən ibarət olduğunun göstəricisidir. Öz dilləri ilə özlərini ifşa edirlər. Hesab edirəm ki, Qənimət Zahidin dilindən səslənən bu ifadə Azərbaycan mətbuatında daha çox əks olunmalıdır. Daha çox insan görməlidir ki, bunlar xaricdə oturub, oradan maliyyələşirlər, müəyyən dairələrin dedikləri ilə hərəkət edirlər. Bunlar Azərbaycanı sevə bilməzlər. Onlar hakimiyyətə, vəzifəli şəxslərə şər-böhtan atmaqla xaricdəki “dayılarının” sifarişlərini yerinə yetirirlər. Milli Şuranın bundan əvvəlki videolarında beynəlxalq hüquq normalarına, ölkəmizin qanunlarına, əxlaqa zidd olan fikirlər, ifadələr var idi. Bütün bunları cəmiyyət görməlidir. Milli Şuranın fəaliyyətinə qiymət verən insanlardan olmasam da, onların içərisində olan insanların fikirlərinin mətbuatda daha çox işıqlandırılmasının, vətəndaşlarımıza çatdırılmasının tərəfdarıyam”.

Hüquqşünas burada hüquqi məsuliyyətin olub-olmadığı yönündə sualımıza belə cavab verdi: “Bugünlərdə qəzetinizin baş redaktoru, dostum Rauf Arifoğlu ilə birlikdə tez-tez televiziya kanallarında olduq.  Orada mətbuatda yol verilən qanun pozuntuları ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Azərbaycanda xüsusi internet portallarından, saxta profillərdən istifadə edən istifadəçilərlə bağlı qanunda cəza nəzərdə tutulur. Bu bir neçə il öncə Cinayət Qanunvericiliyinə gətirilib. Cinayət Məcəlləsinin 147-ci maddəsində xüsusi ittiham qaydasında böhtan və təhqirə görə də məsuliyyət nəzərdə tutulur. Amma “Facebook”, “Youtube”, “Twitter” kimi digər bu cür sosial şəbəkələrin qeydiyyatı xaricdə olduğuna görə onların Azərbaycanda məsuliyyətə cəlb olunmaları mümkün deyil. Bugünlərdə təkliflə çıxış etdim ki, müəyyən dövlətlər, o cümlədən, Azərbaycan hökuməti qeydiyyatı xaricdə olan bu elektron portallarla əlaqə saxlamalıdır. Dövlətlərarası tənzimləmə mexanizmini həyata keçirmək lazımdır. Çünki bilirsiniz ki, Tramp tərəfindən son günlərdə bu cür şəbəkələrə qarşı bir sərəncam verildi. Onların məsuliyyət məsələsi ortalığa qoyuldu. Yavaş-yavaş bununla bağlı Azərbaycanda müzakirələr başlayıb. Azərbaycan tərəfi 100-200 söz hazırlayıb qeyd etdiyim şəbəkələrə təqdim etməlidir. Onlar da söyüş, təhqir olarsa, dərhal silməlidirlər. Təəssüf edirəm ki, indiyə qədər  bunun həlli ilə bağlı müəyyən qurumlar iş görməyiblər. Belə bir təkliflə çıxış etmişəm ki, harada qeydiyyatdan keçməsindən asılı olmayaraq yayımlanan ərazidə vətəndaş özü üçün təhdid, böhtan hiss etdiyi halda  yaşadığı yerdə, öz ölkəsində həmin şəxsi, portalı məhkəməyə vermək hüquqi olmalıdır. Məsələn, səhəri gün Qənimət Zahidi Fransada məhkəməyə vermək üçün dəfələrlə ora getmək, vəkil tutmaq lazımdır. Amma biz Azərbaycanda bunu reallaşdırıb, yaxud Gürcüstanda gürcü vətəndaşı, Rusiyada rus vətəndaşı  üçün bunu edib məhkəmə qərarını o dövlətə tanınması üçün göndərməklə onun məsuliyyət məsələsini həll edə bilərik. Hesab edirəm ki, Trampın məlum sərəncamından sonra dövlətlər bunun üzərində düşünəcəklər. Xaricdə oturub, söyüş, təhqir yağdıranların olduqları ölkələrdə məhkəmələrə verilmə məsələsi həll olunmalıdır. Bunun üçün müəyyən komissiya yaradılmalıdır”.

Cavanşir ABBASLI

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin