İsgəndər Həmidov: “Kəlbəcərin işğalından sonra heç vaxt ad günümü keçirməmişəm”

0
119

“Allah həmin İsgəndərin günahlarından keçsin”

Azərbaycan Xalq Hərəkatı daxilində son bir həftədə gərginliklər yaşandı. Hərəkatın ideya müəllifi və təsisçilərindən biri İsgəndər Həmidov və hazırkı dönəm sədri Tural Abbaslı arasında kəskin fikir ayrılıqları ilə start götürən gərginlik qurumun İdarə Heyətinin iclasında az qala dava həddinə çatdı. Bundan sonra AXH-nin İdarə Heyəti faktiki olaraq iki hissəyə bölünərək ayrı-ayrı məkanlarda iclas keçirdi. AXH-nin daxilində yaşanan gərginliklər, bu gərginliyə yol açan səbəblər və digər məsələlər barədə İsgəndər Həmidovla danışdıq.

– İsgəndər bəy, Azərbaycan Xalq Hərəkatı daxilində nələr baş verir? Baş verənlərdə hər kəs qarşı tərəfi ittiham edir. Siz necə hesab edirsiniz günahkarı daxildə, yoxsa kənarda axtarmaq daha düzgündür?

– İstənilən siyasi təşkilatda, xüsusilə də xalq hərəkatı funksiyasını həyata keçirən qurumda dinamiklik, fikir ayrılıqları, bəzən kəskinləşən polemikalar, mübahisələr təbiidir. Azərbaycan Xalq Hərəkatında da hansısa məsələlərlə bağlı fikir ayrılıqlarının, sərt polemikaların, mübahisələrin olmasında faciə axtarmaq yanlışdır. AXH-də hazırda çox monolit vəziyyət yaranıb. Məlum olaylarda müşahidə olunan emosiyalar, mübahisələr artıq aradan qalxıb. Bu gün AXH əvvəlki dövrdəkindən daha çox monolitdir, mütəşəkkildir və daha sürətlə təşkilatlanır. Bu bir xalq hərəkatıdır, xalq hərəkatında hamı robot kimi ola bilməz, müxtəlif düşüncələr, müxtəlif mövqelər, müxtəlif xarakterli insanlar ola bilər. Hamıdan eyni münasibəti, eyni yanaşmanı, eyni hövsələni gözləmək düzgün olmaz. Şəxsən özümə gəldikdə, emosiyamı saxlaya bilmədiyim üçün Azərbaycan xalqından üzr istəmişəm. Bu gün AXH-də təhlükəli, neqativ proses yoxdur. Yəqin ki, sən də bir aktiv jurnalist kimi İdarə Heyətinin gərginlik yaşanan iclasının videosunu izləmisən. Diqqət etmisənsə, görürsən ki, orada əlbəyaxa dava olmayıb. Sadəcə olaraq, fikir ayrılıqları nəticəsində səs tonlarımız yuxarı qalxmışdı. Mən də bayaq dedim ki, bu emosianallığa görə xalqdan üzr istəmişəm və indi də üzr istəyirəm. AXH-də yaşanan məlum hadisələrə şişirdilməli və təhlükəli hadisə kimi baxmıram.

– O hadisədən sonra İdarə Heyəti üzvlərinin yarısı KXCP qərargahında, yarısı isə Gələcək Azərbaycan Partiyasının qərargahında eyni vaxtda iclas keçirdilər və hər biri məhz özünün legitim olduğunu bəyan etdi. Bunu cəmiyyət necə qəbul eləsin, bu, parçalanma sayıla bilər?

– Biz bir yerdəyik və birlikdə də fəaliyyət göstərəcəyik. İdarə Heyəti üzvlərinin bir dəfə iki yerdə iclas keçirmələrinə gəlincə, hər iki tərəf həmin iclası yarımçıq saxladıq və gəldik ümumi bir yerdə görüşdük və iclası bir yerdə keçirməyi qərara aldıq. Qərara aldıq ki, bir yerdə olacağıq və axıra qədər bir yerdə mübarizə aparacağıq. Yəni ortada olan parçalanma görüntüsü də aradan qalxmış oldu.

– Bu, artıq problemin həlli hesab edilə bilər? Belə bir rəy var ki, İdarə Heyətinin növbəti iclasında İsgəndər Həmidov məhz Tural Abbaslının dönəm sədrliyindən və İdarə Heyəti üzvlüyündən xaric edilməsi məsələsini yenidən qaldıracaq. Siz bu məsələni yenidən qaldıracaq və belə tələbi yenidən irəli sürəcəksiniz?

– Mən artıq qeyd etdim ki, Azərbaycan Xalq Hərəkatı bütövdür və birlikdə bütöv halda mübarizəyə davam etmək barədə razılıq əldə etmişik, problem həllini tapıb. Sualınızın Tural Abbaslı hissəsinə gəlincə, Tural Abbaslını mən öz bacım oğlu sayıram, insanın öz bacısı oğluna münasibəti necə ola bilər? Növbəti iclasda Tural Abbaslının xaric edilməsi məsələsinin qaldırılması nəzərdə tutulmur. Növbəti iclasda biz Azərbaycan Xalq Hərəkatı Məclisinin sessiyasını və Qarabağ Forumunu keçirmək məsələsini müzakirə edib qərara gəlməyi nəzərdə tutmuşuq. Müzakirələr ancaq bu iki məsələ ilə bağlı gedəcək. Tural Abbaslı ilə ikilikdə görüşə gəlincə, mən bir dayı bacı oğlu kimi Turalla görüşməyə və danışmağa həmişə hazıram. Bu məsələdə heç bir problem görmürəm.

“Mənə ”generalım” deyənlərlə  bir yerdə işləmişəm, bir yerdə döyüşmüşəm”

– Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, istiqlalçı deputat Hacıbaba Əzimov musavat.com-a müsahibəsində deyib ki, Azərbaycan Xalq Hərəkatının əsasnaməsini şəxsən yazıb və əsasnamədə dövlət qeydiyyatı olan partiyaların və istiqlalçı deputatların İdarə Heyətinin üzvü olmaları qərara alınmışdı, təsisçilərin də bunlar olması barədə razılığa gəlinmişdi. Hacıbaba müəllim qeyd edib ki, sonradan qeydiyyatı olmayan partiyalara da təsis bəyanatına imza atdırıldı, partiya rəhbəri olmayan, cəmiyyətdə tanınmayan şəxslərin hərəkatın rəhbərliyində təmsil olunması əsasnamənin və qabaqcadan razılaşdırılmış prinsiplərin pozulması demək idi. Hacıbaba Əzimov bu əsasnamə pozuntusuna məhz sizin yol verdiyinizi bildirib…

– Hacıbaba Əzimova bir istiqlalçı deputat kimi böyük hörmətim var. Görünür ki, Hacıbaba müəllim özünün yazdığı əsasnaməni dəqiq oxumayıb. Orada yazılır ki, qeydiyyatda olan partiyalar, istiqlalçı deputatlar, nüfuzlu şəxslər İdarə Heyətinin üzvü ola bilərlər. Hacıbaba müəllim kimlərisə nüfuzlu şəxs saymaya bilər, ancaq kiminsə nüfuzlu şəxs olub-olmadığı məsələsi axı Hacıbaba müəllimin həmin şəxsi nüfuzlu hesab edib-etməməsi ilə ölçülmür. Ona görə də bu məsələ barədə Hacıbaba Əzimov nə deyir, özü bilər. Əsasnaməsini yazdığı qurumun iclasına gəlmədi, indi meydana çıxıb danışır. Hacıbaba müəllimə xatırlatmaq istərdim ki, Azərbaycan Xalq Hərəkatı təkcə dövlət qeydiyyatında olan partiyalardan ibarət deyil və ibarət ola bilməz. Belə olarsa, heç onu xalq hərəkatı da adlandırmaq düzgün olmaz. AXH xalqdan, xalqın müxtəlif təbəqələrini özündə birləşdirməkdən ötrü yaranıb. Dövlət qeydiyyatında olan partiyaların çoxu indiyə qədər dəfələrlə birliklər yaradıblar və o birliklərin fəaliyyətlərinin sonunun necə olduğunu da görmüşük. Odur ki, Hacıbaba müəllimə hörmətim var, amma yaxşı olar öz işi ilə məşğul olsun.

– Hacıbaba Əzimov hazırda AXH İdarə Heyətinin üzvü kimi qalır?

– Hacıbaba Əzimov AXH-nin təsisçilərinin sırasındadır. Lakin iclaslara gəlmir.

– Əsasnamədə belə bir maddə varmı neçə iclasa qatılmayan adam İdarə Heyətindən xaric edilsin?

– Əsasnamədə konkret belə bir tələbin əks olunduğu maddə yoxdur. Amma iclaslara gəlməyən adamlar avtomatik olaraq İdarə Heyətindən xaric edilir.

Hacıbaba Əzimov bilməlidir ki, yazdığı əsasnamədə AXH-nin İdarə Heyətini AXH-nin Məclisi seçir. Hazırda AXH-nin təsisçiləri müvəqqəti olaraq İdarə Heyətinin funksiyasını yerinə yetirir. Məclis İdarə Heyətinin üzvlərini seçəcək. İctimaiyyəti aldatmaq qətiyyən lazım deyil.

– Hacıbaba Əzimov həmçinin bildirib ki, İsgəndər Həmidovu Azərbaycan Xalq Hərəkatının lideri və yeganə ideya müəllifi kimi təqdim etmək yanlışdır, hərəkatın yaradılması istiqamətində bir qrup şəxs təşkilatçı qismində iştirak edirdi, onların içərisində İsgəndər Həmidov daha çox fəallıq göstərirdi.  Eyni zamanda bildirib ki, AXH-də bəzi adamlar İsgəndər bəyi süni şəkildə tərifləyirdilər, ona “cənab generalım” deyirdilər, o da bundan çox xoşhal olurdu, onu tərifləyənlər isə əslində hərəkatın dağılmasını istəyirdilər. Bu məsələlərə münasibətiniz necədir?

– Hacıbaba müəllim yaşlanıb, görünür, hərdənbir çaşır. Allah özü ona kömək olsun. İkincisi, Azərbaycan Xalq Hərəkatının yaranma ideyası məhz İsgəndər Həmidova məxsusdur. Özü də indi yox, düz beş il bundan öncə irəli sürülən ideya və reallaşması üçün müzakirələr aparılmış məsələ olub. Bunun üçün dəyirmi masa təşkil olunub, orada Pənah Hüseynin, İqbal Ağazadənin, Sərdar Cəlaloğlunun böyük rolu var.

Üçüncüsü, İsgəndər Həmidovun ətrafında olan, ona “generalım” deyən adamlar heç də Hacıbaba Əzimovdan geri qalmırlar. Hacıbaba müəllim özü haqqında hansı fikirdədir, hansı düşüncədədir bu yaşda, Allah bilir. Mənə “mənim generalım” deyənlər mənimlə bir yerdə işləmiş, bir yerdə döyüşmüş adamlardır. İnsanlardan tələb etmək olmaz ki, mənə bu cür müraciət etmə və ya bu cür müraciət et. Mənim yaşım da o yaş deyil ki, belə şeylərdən xoşhal olam. Allah Hacıbaba müəllimə sağlam ömür nəsib etsin. Görürəm ki, vəziyyəti yavaş-yavaş pis istiqamətə yönəlir.

– General mövzusundan söz düşmüşkən, siz həbs olunanda general-leytenant rütbəsindəydiniz. Generallara təqaüd yaşına çatandan sonra dövlət tərəfindən təqaüd verilir. Sizə dövlət tərəfindən təqaüd verilir? Ümumiyyətlə, rütbənizlə bağlı vəziyyət nə yerdə qaldı sonradan?

– Mən təqaüd alıram. Rütbə məsələsi isə mənim üçün önəmli deyil. Əsas odur ki, xalqın səni vətəninə bağlı insan kimi qəbul etsin. Məni xalqım necə qəbul edirsə, bu mənim üçün ən böyük rütbədir.

– İsgəndər bəy, sizinlə bu müsahibəmiz doğum gününüzə təsadüf etdi. Sizi təbrik edirəm. Silahdaşlarınızdan, keçmiş və indiki hərəkat yoldaşlarınızdan, o cümlədən son vaxtlar problemlər yaşadığınız yoldaşlarınızdan təbriklər almısınız?

– Günün birinci hissəsi hələ tam başa çatmamış artıq 1200 nəfərdən təbrik almışdım. Hər birinin adını çəkmək burada mümkün deyil. Təbrik edənlər də, təbrik etməyənlər də sağ olsun. 71 yaşım tamam oldu. Bu yaşda Allahdan günahlarımızın bağışlanmasını arzu edirəm. Allahdan diləyim odur ki, 72 yaşımı Bakıdan bir 10-15 avtobus dostlarımızla yığışıb Ağdama, oradan Füzuliyə, oradan Cəbrayıla, Qubadlıya, Zəngilana, Laçına və Kəlbəcərə gedək. Son dayanacaq nöqtəmiz kimi Kəlbəcərdəki məşhur “Rus bulağı”nda samovar çayı içək və oradan Ağdərə yolu ilə Tərtərə gələk.

– Doğum gününüzü xüsusi qeyd edirsiniz?

– Kəlbəcərin işğalından sonra heç vaxt ad günümü keçirməmişəm. Keçirmək fikrim də yoxdur. Allah bundan sonra yaşamaq nəsib etsə və Kəlbəcəri azad eləsək, orada yaxşı bir ad günü keçirərəm.

– Allahdan günahlarınızı bağışlamasını arzu etdiyinizi dediniz. Günahlarınızı ağır günahlar kateqoriyasına, yoxsa yüngül – hər kəsin yol verə bildiyi günahlar sırasına aid edirsiniz?

– 71 illik ömrümü mən iki yerə bölürəm. Birinci hissə 1981-ci ilə qədər olan həyat tərzi, ikinci hissə isə 1981-ci ildən bu günə kimi yaşadığım həyat. 1981-ci ilə qədər gənc, yeyib-içən, əylənən, gəzən İsgəndər var idi. Allah həmin İsgəndərin günahlarından keçsin. 1981-ci ildən sonrakı həyatımda isə mən qeyd etdiyim işlərdən, içkidən uzaq olmuşam, ibadətlə məşğul olmuşam və bu günə qədər də ibadətlə məşğulam. Günahların hansının böyük və ya kiçik olduğunu isə Allah bilər.

Həyatımın ən gözəl günlərini milli azadlıq hərəkatı dövründə görürəm. Xalq hərəkatı olmasaydı və müstəqilliyə nail olmasaydıq, yəqin ki, mən Sibirdə sürgündə olardım və bəlkə də artıq həyatda yox idim. Mən çox gənc yaşlarımda bir neçə nəfər həmyaşıdımla “Köləlikdən azadlığa” adlı bir kiçik dərnək kimi yaratmışdıq. Onların sırasında jurnalist Hidayət Elvüsal da var idi. Yaratdığımız həmin dərnəyin fəaliyyəti bizi Sibirə sürgünə apara bilərdi. Milli azadlıq hərəkatı həyatımızı dəyişdi.

Həyatımın ən sevincli günü Azərbaycanın müstəqilliyinin bərpası günüdür. Ən ağır günüm kimi Kəlbəcərimin işğalını sayıram. Şəxsi həyatım baxımından da sevincli və ağır günlərim olub. Övladlarımın dünyaya gəlişi sevincli günlərim olub. Ən ağır günlərim üç qardaşımın və xanımımın dünyasını dəyişməsidir. 71 yaşımı da bu səhər Rəna xanımın məzarını ziyarət etməklə qeyd etdim.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin