İraq Prezidentinin səfəri ölkələrimiz arasında əməkdaşlıqda yeni səhifə açacaq

0
121

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət Azərbaycanın dünya birliyindəki nüfuzunu getdikcə artırır. Xüsusilə, Ermənsitan üzərindəki tarixi Qələbəmizdən sonra  ölkəmizin dünya miqyasındakı mövqeyi daha da möhkəmlənmiş, reytinqi yüksəlmişdir. Son illər Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı xeyli artıb. Bir neçə gün əvvəl İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisidir. Onu da qeyd edək ki, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq.

Bu fikirləri qəzetimizə açqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, İraq və Azərbaycan BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında və digər nüfuzlu beynəlxalq qurumların tədbirlərində daim həmrəylik nümayiş etdirir. Dövlətimizin başçısı görüş zamanı Ermənistan – Azərbaycan münasibətlərinin hazırki vəziyyəti, ümumiyyətlə, 1990-cı ildən bəri baş verənlər barəsində məlumat verdi. Bu da ondan irəli gəlirdi ki, İraq Prezidenti ölkəmizə səfərini başa vurduqdan sonra Ermənistana səfər edəcəkdi. Ona görə də o, əsl həqiqətləri bilməli idi. Qonağın diqqətinə çatdırıldı ki, keçən əsrin 90-cı illərinin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı. Bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi və etnik təmizləmə siyasəti həyata keçirildi. Nəticədə bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması dünya ictimaiyyətinə də bəllidir. Müxtəlif  beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun  vasitəçilik səylərinə baxmayaraq, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən ordusunu çıxarmadı. Lakin Azərbaycan bu işğalla barışa bilməzdi. Nəhayət, 2020-ci ildə Ermənistanın 30 illik işğalına son qoyuldu  və Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Ç.Qənizadə bildirib ki, görüş zamanı Qarabağdakı qeyri-qanuni rejimin  süquta uğramasından da söhbət açılıb. Bununla da, Azərbaycan  öz suverenliyini bərpa edib. Hazırda işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan Bayrağı  dalğalanır: “Buna baxmayaraq, Qərbin və Avropann bir sıra ölkələrinin, xüsusilə Fransanın beynəlxalq hüquqa zidd hərəkətləri Cənubi Qafqazda yeni münaqişə ocaqlarının alovlanması ehtimalını yaradır. Dövlətimizin başçısı bu məsələ barəsində də məlumat verərək dedi ki, Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar Ermənistan hökumətində və ola bilsin, ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən, müstəmləkə siyasəti yeridən Fransa kimi ölkələrin ambisiyaları üzərində qurmamalıdır.

Ç.Qənizadə deyib ki, Fransanın müstəmləkəçi olması artıq beynəlxalq ictimaiyyətə də bəllidir. Bugünlərdə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən “Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı” mövzusunda konfransın iştirakçlarına ünvanlanmış müraciətində dövlətimizin başçısı bildirmişdir ki, Fransa digər ölkələrdə etnik təmizləmə siyasəti həyata keçirir. Tədbiri yüksək qiymətləndirən Prezident İlham Əliyev belə müzakirələrin kolonializmə qarşı mübarizəni daha da dəstəkləyəcəyini vurğulayıb. Qeyd edib ki, Fransa öz müstəmləkəçilik tarixinə görə üzr istəməlidir.

Hüquq müdafiəçisi deyib ki, Afrikadan qovulan Fransa indi də Cənubi Qafqaza göz dikib və çirkin niyyətini Ermənistanı silahlandırmaqla həyata keçirmək istəyir. O, dövlətimizin başçsının İraq Prezidenti ilə görüşündə  Azərbaycanın qəti mövqeyini bir daha ortaya qoyduğunu xatırladıb: “Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Azərbaycan sülhə hazırdır. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq”.

“Görüşdə iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan-İraq əməkdaşlğının daha da möhkəmləndirilməsindən, əlaqələrin genişləndirilməsindən xəbər verir”, – deyə Ç.Qənizadə bildirib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin