“İranın Azərbaycana qarşı düşmənçiliyi molla müstəvisindən siyasi müstəviyə keçib”

0
69
“Prezident İlham Əliyev azad olunmuş Xudafərinə səfəri zamanı İrana xoş mesaj vermiş, qonşuluq münasibətləri, iqtisadi əlaqələrin inkişafında bölgənin rolunu vurğulamışdı. Ölkə başçısı fəaliyyəti zamanı hər zaman qonşuluq münasibətləinin yüksək səviyyədə olmasına çalışıb. Buna rəğmən İran tərəfi erməni sevdasından vaz keçə bilmir”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov son günlər gərginləşən İran-Azərbaycan münasibətlərindən danışarkən bildirib.
“İranın Ermənistana dəstəyi dayanmır”
V.Əhmədov deyib ki, bu münasibətlər tarix boyu hamar olmayıb:
“Biz bunu 44 günlük müharibədə də gördük. İran açıq-aydın şəkildə Ermənistana hər cür dəstək verdi. Yalnız müharibənin bitməsinə 1 gün qalmış, hər şey həll olunduqdan, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra guya müdafiəyə başladılar. Bu gün İranın Azərbaycana qarşı atdığı addımlar müsəlman dövətinə, İslam dövlətinə yaraşmır. Biz həmişə İranla münasibətləri normal səviyyədə saxlamağa çalışmışıq. Dövlət başçısı İran  sahibkarlarına Azərbaycanda dərman zavodu, avtomobil zavodu işlətməyə icazə verdi, İran əhalisinin Azərbaycana gediş-gəlişində maneə yoxdur.
Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Sərhəd Qoşunları Zəngəzurda post qurdu, yoxlamalara başladı, amma İran tərəfi yenə də Ermənistana hansısa yollarla yardım etməyə çalışır. Hətta Arazboyunca təlimlərin başlanılması faktiki olaraq Azərbaycana güc göstərməkdir. İran başa düşməlidir ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil.
44 günlük müharibədə İsrailin Azərbaycana dəstəyi danılmazdır. Amma bizim münasibətlərimiz kiməsə qarşı yönəlik deyil. Ona görə İran bu məsələni şişirtməyə çalışmasın”.
Düşmənçilik molla müstəvisindən, siyasi müstəviyə keçib
Parlamentarinin sözlərinə görə, əvvəllər İranın Azərbaycana olan kini qeyri-rəsmi, molla səviyyəsində idi:
“Artıq rəsmilər də bu məsələyə qoşulublar. Məsələni gərginləşdirmək istəyirlər. Digər tərəfdən, İran faktiki olaraq, Ermənistanla yaxınlaşmaqla, Rusiyaya qarşı təxribat aparmaq istəyir. Bir növ Ermənistanı öz çətiri altına almaq istəyir ki, Rusiya buna heç cür imkan verməz.
Digər tərəfdən, Rusiya və Türkiyənin yaxınlaşması, müəyyən məsələlərlə bağlı birgə qərar vermələri İran tərəfindən qəbul edilmir. Çünki İran bu məsələlərdən kənarda qalır. Molla rejimi elə molla rejimidir. Hazırda İrana qarşı hər tərəfdən sanksiyalar, iradlar var. Belə bir məqamda İranın Azərbaycanı hədəf seçməsi heç də uğurlu deyil, onlar çox böyük səhv ediblər. İran anlamalıdır ki, Azərbaycan güclü dövlətdir. Və istədiyi vaxt öz mövqeyini ortaya qoymaqda söz sahibidir”.
Tarixi münasibətlər və xoş olmayan niyyət…
V.Əhmədovun İran tərəfi uzun müddət Azərbaycana qarşı təhdid və təxribatlar aparıb:
“İlham Əliyev Prezident seçiləndən sonra münasibətləri normallaşdırıb, müəyyən güzəştlərə gedib, dəstək verib, İran sahibkarları üçün şərait yaradıb. İranın Ermənistanla çox sıx əlaqələri var. İran Arazboyu bəzi işləri görəndə elə bilirdi ki, Xudafərin də tamamilə onlarındır və orada hökmranlıq edəcəklər. Amma cənab Prezidentin göstərişilə Arazboyu Azərbaycan ərazisində köklü işlərə başlanılıb. Orada ölkəmizin üçrəngli bayrağı yüksəlib. İran bütün bunları qəbul etmək istəmir”.
“İran Ermənistandan Azərbaycana qarşı istifadə etmək niyyətindədir”
Deputat İranın Ermənistan kimi kiçik dövlətə dəstək verməsi səbəblərinə də aydınlıq gətirib:
“İranda 40 milyona yaxın azərbaycanlı yaşayır. Onlar da son vaxtlar aktivləşiblər, İranın Azərbaycana qarşı olan bu addımlarını dəstəkləmir  və etiraz aksiyaları keçirirlər. İranın istəyi Ermənistanı Rusiyanın tərkibindən çıxarıb Qərbə meylləndirmək, Ermənistandan Azərbaycana qarşı istifadə etməkdir ki, onun bu niyyəti çox böyük yanlış, çox böyük səhvdir”.(Modern.az)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin