İran sanksiya və koronavirus məngənəsində -“Behişti-Zəhra” qəbiristanlığında 10 min qəbir yeri qazılıb

0
145

Qonşuda yanğındır. Evimizdə necə rahat otura bilərik? Göylərə yüksələn alov dillərinin bizi də yandırıb-yaxacağı qaçılmaz görünür. Söhbət koronavirusa təslim olmuş İrandan gedir. Bəli, İranla sərhədi bağlamışıq. Ancaq əhalisinin az qala yarısı soydaşımız olan İranda vəziyyət kritik həddə pisdir. O da gün kimi aydındır ki, sabah daha da pis olacaq. İran gözümüzün qabağında matəmgaha çevrilir. 

Azərbaycanda vəziyyət normaldır. Hökumət yoluxmanın qarşısını almaq üçün ciddi addımlar atıb və getdikcə də məhdudiyyətləri sərtləşdirir. Xüsusi karantin rejiminə keçirik. Proses nəzarət altındadır. Ancaq hər şey bir anının içində nəzarətdən çıxa bilər. Məsələn, Amerikada olduğu kimi. Bu təhlükə Damokl qılıncı kimi ölkəmizi təhdid edir. Ən azı ona görə ki, qonşuda vəziyyət son dərəcə pisdir.

İranda 3.5 milyon insan ölə bilər

Tehranda yerləşən Şərif Texnologiya Universitetinin araşırmasında deyilir ki, əgər yoluxma səviyyəsi azalmazsa, may ayına İranda koronavirusdan ölənlərin sayı 3.5 milyon nəfər ölə bilər. İran gözəgörünməz düşmənlə savaşda aciz durumdadır. İranın səhiyyə naziri bəyan edib ki, ölkədə hər 10 dəqiqədən bir 1 nəfər ölür, 50 nəfər isə yoluxur.

Statistika belədir: Ən böyük ölüm faizi İtaliyadadır (10,1%). Yəni yoluxan hər 100 nəfərdən 10-u ölür. Daha sonra İran (7,7%) və İspaniya (7,4%) gəlir.

Dustaqları buraxın

Qərb mənbələri yazır ki, koronavirus İranı dizüstə çökdürüb. Koronavirusla mübarizə aparmaq üçün İrana lazım olan zəruri tibbi ləvazimat, dava-dərman çatmır.

ABŞ-ın dövlət katibi Mayk Pompeo təkid edir ki, İran koronovirusla bağlı hərtərəfli yardım almaq istəyirsə həbsə atdığı xarici vətəndaşları və ikili vətəndaşlığı olan (Həm Qərb ölkəsinin, həm də İranın vətəndaşı olan. E.H) şəxsləri azad etməlidir. İran isə Qərblə əlaqəsi olan şəxsləri azad etmək fikrində deyil. İranda saxlanılan dustaqların 83 min nəfəri isə müvəqqəti azadlığa buraxılıb.

Böyük Şeytan nə istəyir?

İranın Ali dini rəhbəri Ayətullah Xameneyi deyir ki, Amerika bir neçə dəfə bizə yarım göstərmək istədiyini bəyan edib.
Cənab Xameneyi koronavirusun Amerika tərəfindən yaradıldığına dair bəlli fərziyyəni əsas gətirərək, ABŞ-ın koronavirsa qarşı mübarizəyə kömək məqsədilə yardımını rədd edib.

Xatırladaq ki, Çin hökumətinin sözçüsü Litsian Jaonun “Twitter” üzərindən yazdığı açıqlama belə idi: “Epidemiya Uhana ABŞ ordusu tərəfindən gətirilmiş ola bilər. Açıq olun. İctimaiyyətə öz informasiyanızı açıqlayın. ABŞ izahat verməlidir!”

“Mən bu ittihamın nə qədər real olduğunu bilmirəm, amma o mövcud olduğu halda düzgün düşünən hansı kəs sizin onlara dərman verəcəyinə inana bilər? Bəlkə də dərmanınız virusu daha çox yaymaq üçün bir yoldur”, cənab Xameneyi bildirib.
O həmçinin koronavirusun “iranlılar haqda müxtəlif yollarla əldə edilmiş genetik informasiyalar əsasında xüsusi olaraq İran üçün hazırlandığını” iddia edib.

“Siz həkim və terapevt kimi insanları göndərə bilərsiniz, bəlkə də onlar bura gəlib hazırladıqları zəhərin necə işlədiyini görmək istəyir”, cənab Xameneyi əlavə edib.

Ancaq 80 yaşlı ayətullah Xameneyinin bu kimi iddialarını təsdiq etmək üçün elə bir elmi sübut yoxdur. O da bəllidir ki, İtaliyada vəziyyət daha pisdir. Ancaq İtaliyada kimsə düşünmür ki, Amerika italyanların genetik informasiyaları əsasında bu virusu yayıb. Həm də İranda fərqli xalqlar yaşayırlar. Onlar genetik baxımdan fərqlidirlər. Həm də hazırda koronavirus ABŞ-da ildırım sürəti ilə yayılır.

İrana “maksimum təzyiq” siyasəti davam edir

Koronavirusdan dolayı fəlakət yaşayan İranı o biri tərəfdən də Amerikanın tətbiq etdiyi sanksiyalar yaman günə qoyur. Hələ ötən ilin dekabrında ABŞ Dövlət Departamenti bəyan etdi ki, 2020-ci ildə İrana qarşı tətbiq olunan sanksiyalar daha da sərtləşəcək: “Biz görürük ki, İran iqtisadiyyatı durğunluq içindədir, İranın diplomatik baxımdan təcrid olunması prosesi də sürətlə gedir”.

Koronavirusa görə ABŞ-ın sanksiyaları dayandıracağına bağlı ümidlər də özünü doğrultmadı. Donald Tramp bəyan etdi ki, koronovirus İranı Amerikanın sanksiyalarından xilas edə bilməyəcək. Ağ Evin İrana “maksimum təzyiq” siyasəti davam edir. Bugünlərdə isə İrana yönəlmiş sanksiyaların əhatə dairəsi daha da genişləndirildi. Tramp administrasiyası Birləşmiş Ərəb Əmirliyində olan 5, Çin və Honq Konqun 3, Cənubi Afrikanın 1 şirkətini İranla biznes əlaqəsinə görə qara siyahıya daxil etdi.
Amerikanın yeritdiyi təzyiq siyasətinin məqsədi aydındır. Ağ Ev Tehranda şiəliyi dövlət ideologiyasına çevirmiş teokratiyanı (yunanca Allah və idarə etmək sözlərinin birləşməsi. E. H), yəni rejimi bütövlükdə dəyişmək istəyirlər.

Çin və Rusiya Amerika sanksiyalarına qarşı

Bu arada isə Çin və Rusiya İrana tətbiq olunan Amerika sanksiyalarının ortadan qaldırılmasını istəyir. Ancaq bu ölkələr də İrana ciddi dəstək nümayiş etdirmirlər. Xüsusən Çinin koronavirusa qarşı uğuru göz qabağındadır. Ancaq Çin İrana yox, İtaliyaya yardım etməyə üstünlük verdi. Rusiyanın özü də ABŞ-ın sanksiyalarından əziyyət çəkir. Rəsmi Moskva ümid edir ki, İrana qarşı sanksiyalar aradan qaldırılsa, Rusiyaya qarşı olan sanksiyalar da qüvvədən düşə bilər. Ancaq Ağ Evin məsələyə yanaşması başqadır.

Hər şey ondan başladı ki…

Fevralın 19-da İran rəsmən bəyan etdi ki, Qum şəhərində 2 nəfər SARS-CoV-2 virusuna yoluxub. Elə həmin gün axşama doğru virusa yoluxmuş hər iki şəxs vəfat etdiyi elan olundu. Fevralın 20-də isə artıq 3 nəfər virusun daşıyıcısı kimi tanınmışdı…

İran mənbələri qeyd edir ki, bu virusun Qum şəhərindən Çinə getmiş tacir tərəfindən İrana gətirildiyi ehtimal edilir.
Hal-hazırda İran koronavirusun daha çox can aldığı ölkələr sırasında dördüncü yerdə gedir: İtaliya, Çin, İspaniya və İran. Qərbi Asiyada isə bu məsələ ilə bağlı İran lider ölkə sayılır. O da iddia olunur ki, Yaxın Şərqin 10 ölkəsinə koronovirus məhz İrandan daxil olub.

“Behişti-Zəhra” qəbiristanlığında 10 min qəbir yeri qazılıb

Hökumət məscidləri qapatdı, müqəddəs ziyarətgahlar, təhsil müəssisələri, alış-veriş mərkəzləri, bazarlar, tədbir və festivallara qadağa qoyuldu. Ancaq İranın daxilində insanların hərəkətini məhdudlaşdırmaq mümkün olmadı. Hələ də insanlar müxtəlif şəhərlərə maneəsiz gedib-gələ bilirlər. Xüsusən Novruz bayramı münasibəti ilə bu kimi səfərlər çoxaldı və virusun coğrafiyasını daha da genişləndi.

İrana bağlı bəzi qeyri-hökumət təşkilatları bəyan edir ki, İranda koronovirusdan ölənlərin sayı rəsmən bəyan olunandan ən azı 4-5 dəfə çoxdur. Məsələn, İran Müqavimət Hərəkatı (The National Council of Resistance of Iran (NCR)) əmindir ki, İranda ölənlərin sayı 11.500 nəfərdən çoxdur. Bu isə rəsmən etiraf olunan 2.400 nəfərdən az qala 6 dəfə çoxdur. Onların məlumatına görə, Tehranda 1.700, İsfahanda 1360, Qumda 1300 nəfər koronavirusdan ölüb. Təkcə Qum şəhərində 60-70 nəfər bu xəstəlikdən vəfat edir. Təkcə paytaxtın “Behişti-Zəhra” qəbirisitanlığında martın 18-nə kimi 1.250 nəfər virus qurbanı dəfn edilib. Şəhər rəhbərliyinin göstərişi əsasında qəbiristanlıqda 10.000 qəbir yeri qazılıb. Almaniyanın “Spiegel” jurnalı yazır ki, Qərb mənbələri də İranın ortaya qoyduğu hesabata ciddi şübhə ilə yanaşır. Ancaq Dünya Səhiyyə Təşkilatı rəsmi Tehranın təqdim etdiyi hesabata etibar etdiyini bildirib.

İranın siyasi elitası sıradan çıxdı

SARS-CoV-2 virusuna yoluxanlar arasında İran hökumətinin nazirləri və yüksək məqamlı məmurların çox olması da diqqət çəkdi. İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi Təbrizi, Qadın və Ailə Məsələləri üzrə vitse-prezident Məsumə İbtikar, vitse-prezident İshaq Cahangiri, mədəniyyət və irs üzrə məsul şəxs olan Əli Əsgər Mounesan, iqtisadiyyat naziri Rza Rəhmani və Seyyid Əli Xamneyinin xüsusi müşaviri Əli Əkbər Vilayəti, İran parlamentinin 23 deputatı (deputatların 8 faizi) bu virusa yoluxdu. 15 nəfərdən çox Iran siyasətçisi isə koronavirusun qurbanı oldu.

Əli Xamneyinin 71 yaşlı müşaviri Məhəmməd Mirməhəmmədi, İranın nüfuzlu dini liderlərindən olan Hadi Xorasani də koronavirusun güdazına getdi.

Martın 25-də isə İranda ölənlərin sayı 2 min nəfəri keçdi.

ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib ki, bunu bütün dünya bilməlidir ki, İrana humanitar yardım sanksiyalara daxil deyil. Bu məsələ ilə bağlı maliyyə köçürmələrinə də imkan var. İrana gedən tibbi ləvazimata, dərmana sanksiya tətbiq olunmayıb.
Jurnalistlər Donald Trampdan soruşub ki, İrana tətbiq olunmuş sanksiyalar nə vaxt aradan qaldırılacaq. Amerika prezidentinin cavabı belə oldu: “Onlar (İran tərəfi) cavabı bilirlər, İran lideri cavabı bilir, onlar sizin sualınızın cavabını bilirlər”.

İran: “Bizə kömək edin”

Rəsmi Tehran isə digər ölkələrə müraciət edərək pandemiya səbəbindən ABŞ sanksiyalarının qaldırılmasına yardımçı olmağa çağırıb. İranın xarici işlər naziri sosial şəbəkə üzərindən müraciətində deyib ki, Amerikanın qeyri-qanuni sanksiyaları İran iqtisadiyyatını əldən salıb və ölkənin COVID-19 virusuna qarşı müqavimətini zəiflədib. Digər İran rəsmiləri də bununla səsləşən bəyanatlar veriblər. Və bu sanksiyaları bəşəriyyətə qarşı cinayət kimi dəyərləndiriblər.

İranla ABŞ arasında münasibətlər 2018-ci ildə yenidən pisləşib. Belə ki, prezident Tramp 2015-ci ildə bağlanmış beynəlxalq müqavilədən çıxdığını bəyan etdi. Bunla da İranın Nüvə Proqramı ilə bağlı əldə olunmuş anlaşma öz dəyərini itirdi.

Bu ilin əvvəlində isə Amerika qəfil hücumla İranın ən nüfuzlu hərbi liderini-general Qasım Süleymanini Bağdad hava limanı yaxınlığında qətlə yetirdi. Buna cavab olaraq İran ABŞ-ın İraqdakı hərbi bazasını raket atəşinə tutdu. Donald Tramp yeni sanksiyalara əl atdı.

Amerika deyir ki…

İran rəhbərliyi terrora və xaricdə aparılan müharibələrə milyardlarla dollar xərcləyir. Halbuki həmin vəsaiti koronavirusla mübarizəyə sərf etmək lazımdır.

İranın şiə terror qrupları İraqda amerikalıları, britaniyalıları və digərlərini öldürür. Belə bir ölkənin iqtisadiyyatının canlanmasına şərait yaratmaq yanlış olardı. (Bu yaxınlarda İraqda 1 Britaniya, 2 Amerika hərbçisi öldürülmüşdü. Söhbət ondan gedir (E.H.).

Koronavirus Amerikanın sanksiyasından betər oldu

O da faktdır ki, koronovirus İranı Amerikanın sanksiyalarında daha betər şəkildə vurdu. Amerikanın İrana qarşı apardığı “iqtisadi müharibə” rəsmi Tehranı özünü toparlamağa və diqqətini koronavirus problemi üzərində cəmləşdirməyə imkan vermədi.

İranın iqtisadiyyat üzrə eksperti Sid Leylaz deyir ki, koronovirus qısa zaman kəsiyində İrana Amerika sanksiyalarından daha ağır zərbə endirdi.

İranın gələcəyinə ümid yaranmışdı…

İran prezidenti Həsən Ruhani ötən ay xalqa müraciətində önəmli bir məqama toxundu. Dedi ki, biz iqtisadiyyatımızı neftdən kənarda təsəvvür belə edə bilməzdik: “İndi isə biz görürük ki, neft olmadan da hökumətimiz ölkəni idarə edə bilər”. Masaj aydın idi: Dünyanın ən böyük neft və qaz yataqlarına sahib olan ölkələrdən biri olan İran neft satışından asılılığını aradan qaldırmaq üçün ciddi cəhdlər göstərir. Zatən başqa yolları da qalmayıb. Çünki Amerika sanksiyaları İran neftinin xaricə satışına ciddi əngəl yaradıb. Həsən Ruhaninin bu bəyanatından bir-iki gün sonra koronavirus İranda ilk qurbanlarını ağuşuna aldı. Həmin optimist bəyanat səsləndikdə isə bir çox ekspert Amerika sanksiyalarının İrana qarşı effektli olmasına şübhə ilə yanaşdığını söyləmişdi…

Amerika sanksiyaları inkişafa təkan verdi

Amerika sanksiyalarından sonra İran neft-kimya, polad, sement, kənd təsərrüfatı və tekstil sahəsində inkişafa nail oldu. İran dava-dərmana olan tələbatının 70 faizini özü istehsal edir. İranın qeyri-neft ixracatında ciddi artım nəzərə çardı.
Sanksiyadan öncə İran bir gündə 2.8 milyon barel neft hasil edirdi. İndi bu göstərici bir neçə yüz min barel hədindədir.

Amerikanın kütləşən bacağı

İranın iqtisadi məsələlər üzrə vitse-prezidenti Məhəmməd Nəhavəndiyan “The Financial Times” qəzetinə açıqlamasında deyir ki, sanksiyalar bıçağa bənzəyir. Bıçağı nə qədər çox istifadə edirsən, onun ağzı bir o qədər kütləşir.

Vaxt var idi ki, Amerikanın yeni sanksiya ilə bağlı bəyanatı İranda ciddi əndişə doğururdu. Ancaq daha elə deyil. Kənd təsərrüfatı, sənaye, mədənçilik sahəsində İran 7.8 faizlik artıma nail olub.

Avtomobil istehsalında artım

Sanksiyalar “Peugeot”, “Renault” kimi İranda fəaliyyət göstərən avtomobil şirkətlərinin işini iflic etdi. 60 minə yaxın insan iş yerini itirdi. 200 min avtomobil isə istehsal sahəsində yarımçıq qaldı. Çünki Avropadan gəlməli olan ehtiyat hissələrinin İrana ixracı dayandırıldı. Nəticədə zavod bir müddət işləmədi. İndi isə İran daxili imkanları hesabına həmin zavodu işlədir və gündə 2 min avtomobil istehsal edir. Yaxın gələcəkdə 2.500 avtomobil istehsal edəcəyini bildirir.

İranın iş adamları Türkiyəyə axışır

Amerika sanksiyalarından sonra İranda qiymətlər 4 dəfə bahalaşıb. Bu arada isə İran iş adamları Türkiyəyə axışır. Son 2 ildə İran vətəndaşları Türkiyədə 2 min şirkət qurub. Elələri var ki, Türkiyədə 250 min dollara ev alır, onlar Türkiyə pasportu almağa da ciddi maraq göstərirlər. Çünki bu pasportla daha rahat biznes əlaqələri qurmaq olur.

İranın xarici borcu artır

Belə bir fonda İran Beynəlxalq Valyuta Fondundan 5 milyard dollar borc alıb. Beynəlxalq Valyuta Fondu Amerikaya bağlıdır və ABŞ-ın siyasi məqsədlərinin həyata keçirilməsinə müstəsna rol oynayır.

Qeyd edək ki, İran xaricdən borc götürməyə o qədər də maraq göstərmir. Statistikaya görə, 2018-ci ildə İranın 10.3 milyard dollar xarici borcu olub. 2019-cu ildə isə bu borc 9.05 milyard dollara düşüb. Belə bir ölkə birdəfəyə 5 milyard dollar borc götürmək zorunda qaldı.

Koronavirus hər şeyi alt-üst etdi

Göründüyü kimi, İran ABŞ sanksiyalarından xilas olmaq üçün yollar axtarır və müəyyən uğurlar da əldə edib. Ancaq koronavirus hər şeyi alt-üst etdi.

Sanksiya və koronavirus məngənəsində sıxılan İranda xalqın vəziyyəti ağır olaraq qalır. Ötən ilin noyabrında ölkəni bürüyən nümayişlər zamanı 300 nəfərdən çox insan öldürüldü. İndi isə vəziyyət daha pisdir. Ancaq koronavirus qorxusu insanları bir araya gəlməyə, nəyə isə etiraz etməyə imkan vermir…

Elbəyi Həsənli, Sürix

https://www.cnbc.com/2020/03/20/coronavirus-response-trump-will-not-give-iran-sanctions-relief.html

https://www.counterpunch.org/2020/03/26/business-as-usual-coronavirus-iran-and-us-sanctions/

https://www.ft.com/content/ba417ace-6474-11ea-b3f3-fe4680ea68b5

https://en.wikipedia.org/wiki/2020_coronavirus_pandemic_in_Iran

https://www.spiegel.de/politik/ausland/iranische-oppositionsgruppe-wirft-regierung-vertuschung-von-covid-19-faellen-vor-a-3e9da84f-2c64-4ffb-a69f-042472a40713

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin